Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1195/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Demirkan Doğanın iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli, 00100-0231/21 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC Türkiyə Respublikasından 31ACU137/31RT706 nömrə nişanlı avtomobildə **********007 nömrəli 19 yanvar 2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə Azərbaycan Respublikasına idxal etdiyi malları 27 yanvar 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********4510 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən 4-cü mal mövqeyində qeyd olunan “Cristal infrared lamba (xrom)” yükünün mənşəyi Macarıstan və 6-cı mal mövqeyində qeyd olunan “Dito Sama 600107 Planet Mixer” yükünün mənşəyi Fransa olduğu halda, hər iki malın mənşəyini Türkiyə Respublikası bəyan etməklə, mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Məhkəmə iclasında arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi Demirkan Doğan izahatında inzibati xəta hadisəsini etiraf edərək, yükün mənşəyinin Türkiyədəki şirkət tərəfindən səhv göstərildiyini aydınlaşdırdığını, lakin yük bəyan edildikdən sonra məsuliyyətin onun şirkəti üzərində olduğunu başa düşdüyünü göstərib, MMC-nin barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “İpək yolu” Gömrük Postunun şöbəsinin rəisinin 08 fevral 2021-ci il tarixli raportu, gömrük bəyannaməsi, yoxlama protokolu, ekspertiza rəyi və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 02 mart 2021-ci il tarixli 9/744 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların ümumilikdə 24 yanvar 2021-ci il tarixə orta bazar qiyməti təxminən 3500 manat müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri məhkəmə məhkəmə məsrəfinə aid olduğundan, hüquqi şəxsdən tutulmalıdır. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul Şəxsndən tuularaq, dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1195/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1195/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver