Məhkəmə qərarları › İş №3(007)-1195/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1195/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1195/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin 07 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər BPİ-nin DYPİ-nin 07 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onu 25 aprel 2022-ci il tarixdə Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsində Bakı şəhəri DYPİ-nin əməkdaşı saxlayaraq onun qırmızı işıqdan keçdiyini bildirmişdir. Polis əməkdaşına bunu sübut etməsini söyləmiş, polis əməkdaşı isə ona heç bir sübut təqdim etmədən qərarsız protokol yazmışdır. 07 may 2022-ci il tarixdə İXP ******* nömrəli protokol qərarlı olmuşdur. Polis əməkdaşı ona bildirmişdir ki, o, qərarsız protokol yazmışdır, gedib şikayət verə bilər. Onun DİN-nin mia.gov.az-da elektron kabineti var, orada protokol yazılmışdır, amma heş bir fotoşəkil və video material yüklənməmişdir. Haqqında heç bir sübut, dəlil olmadan yazılmış İXP ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin 07 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 25 aprel 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsinin kəsişməsində 25 aprel 2022-ci il tarixdə saat 09:56-da “Chevrolet Cruze minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsinin kəsişməsində 25 aprel 2022-ci il tarixdə saat 09:56-da “Chevrolet Cruze minik” markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun hərəkətə icazə verən yaşıl işığı yanarkən hərəkətini davam etdirmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, mübahisələndirilən qərarda göstərilənlərdən fərqli olaraq, qərarı qəbul etmiş orqan tərəfindən təqdim olunmuş CD diskə əlavə edilmiş görüntülərə əsasən X1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti-Ş.Mirzəyev küçəsinin kəsişməsində 25 aprel 2022-ci il tarixdə saat 09:56-da “Chevrolet Cruze minik” markalı **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən deyil, məhz hərəkətin davam etdirilməsinə icazə verən yaşıl işıqda hərəkət etdiyi öz təsdiqini tapmışdır. Buna baxmayaraq, X1 barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun əməlində inzibati xəta tərkibi olmadığından, şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin DYPİ-nin X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilməsinə dair 07 may 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar