Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-12/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə təqribən saat 12:05 dəqiqədə Qaradağ rayonunda yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin (avtomobil rəsmiləşdirilməsi girişi) qarşısında yolun sağ tərəfində “Hyundai Sonata” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin düşürmək üçün bir neçə saniyə dayanmışdır. Yoluna davam etmək üçün qarşıdan geriyə hərəkət edən X2 idarə etdiyi “DAF” markalı WZY 22008 dövlət qeydiyyat nişanlı yük avtomobilini gözləyərkən avtomobil sol tərəfində dayanıb sağa manevr edərək avtomobilinin üzərinə gəlməsini görmüş və avtomobilini sağa-sola dönmədən məcburi 1 metr irəli hərəkət etdirmişdir. Qarşıda avtomobil olduğu üçün məcburi dayanmışdır. “DAF” markalı avtomobil onun avtomobilinin sol arxa hissəsinə toxunmuşdur. O, sola manevr etmədiyi halda, DYPŞ-nin qərarında sola manevr edib “DAF” markalı avtomobilin qarşısına keçdiyi qeyd olunmuşdur. Bununla bağlı DİN-nə (mia.gov.az) online müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə ona cavab göndərilmişdir. Verilən cavabla razı deyildir. Hadisənin baş vermə videogörüntüsü onda mövcuddur. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polis şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli (protokol AP 0190181) qərarının ləğv edilməsini və barəsində olan (başlanmış) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş (o cümlədən Bakı şəhər Baş Polis İdarəsi vasitəsilə) qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X3 Lökbatan-Xocasən yolunun “Gömrük” idarəsinin giriş-çıxışı qarşısında, giriş olan hissəsində avtomaşını saxlayıb sərnişin düşürmüş, hərəkətə başlayıb sola manevr etmək istəyərkən manevr qaydasını pozaraq, solundan hərəkət edib girişə doğru hərəkət edən “DAF” markalı WZY 22008 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən qəbul olunmuş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Lökbatan-Xocasən yolunun “Gömrük” idarəsinin qarşısında hərəkətə başlayıb sola manevr edərək manevr qaydasını pozmuş X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq və sübut edən müvafiq sübutlar əldə edilməmişdir. Məhkəmədə şikayətə baxılarkən dəfələrlə rəsmi məktublar göndərilməsinə, o cümlədən tabelik qaydasında Bakı şəhər Baş Polis İdarəsinə müraciət edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və qərarı barəsində şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, qərarın əsaslılığına dair sübutlarını təqdim etməmişlər. Əksinə, qərardan şikayət vermiş şəxs, baxmayaraq ki, öz təqsirsizliyini sübut etməyə borclu deyildir, törədilməsi ehtimal edilən inzibati xətanın qeydə alınmış videogörüntülərini məhkəməyə təqdim etmiş və həmin görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ağ rəngli “Hyundai Sonata” markalı minik avtomobili gömrük orqanının inzibati binasının qarşısında yolun sağ hissəsində dayandıqdan sonra qabaq sağ oturacaqdan bir nəfər şəxs düşür. Bir neçə saniyə sonra “Hyunday” markalı avtomobilin sol hissəsində bir az irəlidə dayanmış ağ rəngli “DAF” markalı yük avtomobil geriyə hərəkət etdikdən sonra dayanıb irəliyə doğru hərəkətini davam etdirir, bu zaman həmin avtomobil sağa doğru manevr edir, həmin anda “Hyundai” markalı avtomobil bu manevr nəticəsində toqquşmadan yayınmaq üçün irəli hərəkət edir, lakin qarşısında digər yük avtomobili olduğu üçün dayanır, “DAF” markalı avtomobil isə “Hyundai” markalı avtomobilin sol arxa hissəsinə toxunub dayanır. Baxış keçirilməsində iştirak edən X3 videogörüntüdə qeydə alınmış ağ rəngli “Hyundai” markalı avtomobilin ona məxsus olduğunu, qeydə alınmış hadisə barədə şikayətində və məhkəmədə verdiyi izahatında olduğu kimi göstərdiyini bildirmişdir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş manevr qaydalarının pozuntusu halına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmış, onun tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə manevr qaydalarının pozulmasına dair sübut əldə edilməmiş, habelə məhkəmədə şikayətə baxılarkən də təqdim edilməmişdir. Ona görə X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-12/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-12/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver