Məhkəmə qərarları › İş №3(007)-12/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-12/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-12/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi, həmin Xidmətin Hüquq idarəsinin böyük məsləhətçisi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin sədri Şahid3, ASC-nin nümayəndəsi və vəkili-"xxxx" vəkil bürosunun vəkili Vəkil2, ASC-nin nümayəndəsi X6 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən hüquqi ünvanı ünvan 1 tərəfindən vətəndaş Kekilli Kiyasettin, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 iyul 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 3(007)- 12/2024 nömrəli qərarı ilə "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2024-cü il tarixli 3(103)-507/2024 nömrəli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 3(007)-12/2024 nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməli olması ilə bağlı gəlmiş olduğu nəticə işin faktiki hallarına uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsi "xxxx" ASC-nin istehsalat rəisi vəzifəsində işləyən Serdar Seyıthanoğlunu şahid qismində dindirmiş, həm Serdar Seyıthanoğlu, həm də "xxxx" ASC-nin vəkili Vəkil1, Kekilli Kiyasettinin "xxxx" ASC-də işləmədiyini bildirmişlər. Lakin X11 Xidməti tərəfindən tərtib olunmuş protokolda Kekilli Kiyasettinin bildirdiklərindən görünür ki, sonuncunun 28 gün müddətinə "xxxx" ASC-də işlədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi istehsalat rəisini şahid qisimində dindirsə də, həmin müəsisədə işləyən digər şəxsləri də şahid qismində dindirməli, ifadələri müqayisəli şəkildə tədqiq etməli idi. Ona görə işin ətraflı şəkildə araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, birinci instansiya məhkəməsi tərəfindən həqiqətin müəyyən edilməsi baxımından "xxxx" ASC-nin digər əməkdaşları şahid qismində dindirilməli, əldə edilmiş məlumatlar iş materiallarında olan “WhatsApp” yazışmaları ilə əlaqəli şəkildə tədqiq edilməli, qeyd edilən hallar araşdırıldıqdan sonra hər birinə hüquqi qiymət verilməli və qanunamüvafiq qərar qəbul edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi, həmin Xidmətin Hüquq idarəsinin böyük məsləhətçisi X14 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Türkiyə Respublikasının vətəndaşı X3 "xxxx" ASC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 iyul 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək müvafiq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən sübutlar “WhatsApp” yazışmaları və məkan paylaşımlarıdır. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, "xxxx" ASC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin sədri Şahid3 izahatında göstərmişdir ki, "xxxx" ASC-nin köhnə avadanlıqları üçün mühəndis lazım olmuş, Sərdar bəy demişdir ki, onun tanışı var, mühəndis vəzifəsində işləyir. Onu çağırmasını demiş, belə düşnmüşdür ki, iş gücünə baxarlar, sonra bir qərara gələrlər. Bundan sonra Türkiyə Respublikasının vətəndaşı X7 gəlmiş, söhbət zamanı məsələ maaş məsələsinə gəlmiş, ona öz daxili mühəndislərindən yuxarı, 3000 manat təklif etmişlər, Kekilli Kiyasettin də demişdir ki, o, 8000 manatdan az əmək haqqına razı deyildir. Əmək haqqında razılığa gələ bilmədikləri üçün həmin şəxsi işə götürməmişlər. Kekilli Kiyasettin mühəndisdir, özünə iş axtarırdı, onların müəssisələrinin yanında başqa bir müəssisə də var, ona görə o, həmin ərazidəki başqa müəssisələrə də gələ bilərdi. Həmçinin onların müəssisəsində işləyən Türkiyə Respublikasının vətəndaşları ilə görüşmək üçün də gələ bilərdi. Onlar müəssisədə işləyən şəxsləri maşınla təmin edirlər. Müəssisə olaraq yerli mütəxəssislərə üstünlük verirlər, 10 il əvvəl türkləri dəvət edirdilər, lakin indi onları çağırmırlar. Onlar miqrasiyaya müraciət etmişlər, lakin sonra Kiyasettinlə razılığa gəlməmişlər, belə ki, həmin şəxs onları qane etməmişdir. Kekilli Kiyasettin onlarda işləməmişdir, dediyi kimi, sadəcə istədiyi əmək haqqı onları qane etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, X7 "xxxx" ASC-də heç bir əmək fəaliyyətinə cəlb edilməmişdir. Şirkət tərəfindən Kekilli Kiyasettinlə əmək müqaviləsinin bağlanması üçün iş icazəsinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilmiş, həmin şəxs əmək şəraiti ilə tanış olmaq üçün şirkətin istehsal sahəsinə dəvət olunmuşdur. Lakin onunla əmək şərtləri barədə razılıq əldə edilməmiş, ona görə şirkət tərəfindən iş icazəsinin alınması ilə bağlı icraatın dayandırılması barədə ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X9 izahatında göstərmişdir ki, Kekilli Kiyasettin 28 gün işə gəlibgetməsini heç nə ilə sübut etməyib, əmək haqqı barədə razılığa gəlindiyini bildirir, amma bu barədə sübutu yoxdur. Həmin şəxslə sadəcə işə götürmək üçün danışmışlar. İnzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Duman Çetin izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də mühəndis vəzifəsində işləyir, əritmə sahəsinin rəhbəridir. Kekilli Kiyasettini ASC-də görmüşdür, amma bu bir dəfə baş vermişdir. Kekilli Kiyasettinin ASCdə işlədiyini görməmişdir. Həmin şəxsi Sərdar Seyitxanoğlu dəvət etmiş, onun yanına gəlmişdir. Kekilli Kiyasettin iş üçün, yəni işə qəbul olunmaq üçün gəlmişdir. O, Kekilli Kiyasettini müəssisədə işləyən görməmişdir. Mən əritmə sahəsində işləyir, amma həmin şəxs yayma sexində işlədiyini iddia edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərmişdir ki, o, 2018-ci ildən "xxxx" ASC-də çilingər vəzifəsində işləyir. Kekilli Kiyasettini tanıyır. Bundan başqa, Sərdarı, Çətini də tanıyır. Sərdar onu çağırmış və Kiyasettinlə tanış etmiş, türk vətəndaşı olduğunu, burada işləyəcəyini demişdir. Amma bu söhbətdən sonra Kiyasettini görməmişdir. Nə etmişlər, nə olmuş, xəbəri olmamışdır. O, Kiyasettini bir dəfə görmüşdür. Kiyasettin yayma tərəfində, o, əritmə tərəfində olmuşdur. Səhər saat 8-də gedir, işə gedəndə və ya günorta çıxanda həmin şəxslə rastlaşmamışdır. Onların qarşılaşma ehtimalları da çox az olmuşdur. Amma Çətin və Sərdarı hər gün görür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də texniki direktor vəzifəsində işləyir. Türkiyə Respublikasının vətəndaşı X4 tanıyır, Kekilli Kiyasettin daha əvvəl gəlib "xxxx" ASC-də mühəndis kimi işləmişdir, amma neçə gün işlədiyini bilmir. Kekilli Kiyasettini mühəndis kimi köhnə avadanlıqlarla bağlı dəvət etmişlər, lakin o, demişdir ki, iş ağırdır, əmək haqqı isə azdır. Onunla danışıqları Sərdar bəy aparmışdır. Kekilli Kiyasettin bir dəfə şəxsən onun özü ilə zavodun ərazisini gəzib. Onu bir-iki dəfə zavodun qarşısında, ola bilsin ki, zavodun içərisində də görmüşdür. Amma o, orada heç bir gün də işləməyib, ola bilsin ki, gəlib-gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyir. 2023-cü ildə o, müəssisədə hüquqşünas işləmişdir, X3 işi ilə bağlı miqrasiyaya müraciət etmişlər, sonra rəhbərliklə əmək haqqı haqqında razılığa gəlməmişlər, buna görə o, müəssisədə işləməmişdir. O, X4 bir neçə dəfə görmüşdür, ona deyilən müayinə sənədlərini gətirəndə görüşmüşdür. X1 ona vermiş, miqrasiyaya müraciət etmişlər. Həmin müddətdə Kekilli Kiyasettin müəssisəyə gəlib-getməmişdir. O, eyni zamanda bir neçə müəssisəyə gedib gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də mexaniki təmir sahəsinin rəisi vəzifəsində işləyir. X4 müəssisədə bir dəfə görmüşdür, həmin şəxsin onun adını necə yadında saxladığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. X7 ilə müəssisədə 2019-cu ildə birlikdə işləmişlər, sonra bir dəfə gəlmiş, təqdim olunmuş, lakin işləməmişdir. İş üzrə şahid qismində dindirilməli olan "xxxx" ASC-nin istehsalat rəisi vəzifəsində işləyən Şahid1 İran İslam Respublikasında olduğundan, işdə iştirak edən şəxslərin razılığı ilə, həmin şəxsin dindirilməsi “WhatsApp” vasitəsi ilə zəng edilməsi yolu ilə həyata keçirilmişdir. Şahid1 bildirmişdir ki, o, 8 ildir Bakı şəhərində yaşayır, X4 tanıyır. Həmin şəxs 4-5 il əvvəl bir dəfə gəlmişdir. X2 özü dəvət etmiş, amma o, "xxxx" ASC-də iş görməyib. Kekilli Kiyasettin maşınqayırma mühəndisidir. Maşınların istehsalının artırılması üçün gəlmişdi, bununla bağlı nəsə iş görməyib. Kekilli Kiyasettin müəssisəyə hər gün gəlməyib. Bir dəfə gəlib, o, Kiyasettini zavodda gəzdirib. Kiyasettin zavoda ən çoxu iki dəfə gəlib. O, Kiyasettinə öz cibindən pul vermişdir. Kiyasettin onun həmyerlisidir, dəvət edən idi deyə, pulu da özü vermişdir. Kiyasettin zavodda hər hansı bir yaxşılaşdırma etməyib. Onlar zavodda fırını yeniləmişlər, Kiyasettin əgər yaxşılaşdırma etsə idi, onu yenidən almalarına ehtiyac qalmazdı. Burada olduğu müddətdə Kiyasettinlə 2-3 dəfə görüşmüşlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Türkiyə Respublikasının vətəndaşı X7 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə edilmiş 05 oktyabr 2023-cü il tarixli və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin ünvanına elektron qaydada daxil olmuş 04 noyabr 2023-cü il tarixli müraciətlərdən görünür ki, o, "xxxx" ASC-də 11 iyul 2023-cü il tarixdən işə başlaması, 28 gün işləməsi, daha sonra onunla işləmək istəmədiklərini bildirmələri, onunla müqavilə bağlamadıqları, ona tam ödəniş etmədikləri barədə məlumat vermiş, bu məsələnin araşdırılmasını xahiş etmişdir; -"xxxx" ASC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 02 noyabr 2023-cü il tarixli 370/1 nömrəli məktubundan görünür ki, "xxxx" ASC Türkiyə Respublikasının vətəndaşı olan X7 ilə əməkdaşlıq etmək niyyətində olmuş, hətta onu işə qəbul edə bilmək üçün tələb olunan qaydada iş icazəsi ala bilmək məqsədilə 07 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilmişdir. Bundan əlavə Kiyasettin Kekilli əmək şəraiti ilə yerində tanış ola bilmək üçün ASC-nin istehsal sahəsində də olmuşdur. Lakin müəssisə ilə Kekilli Kiyasettin arasında əmək müqaviləsinin şərtləri ilə bağlı razılığa gələ bilmədikləri üçün onunla əmək müqaviləsi bağlanmamış və o, müəssisədə işə qəbul edilməmişdir. X7 bir gün də olsun həmin müəssisədə işləməmişdir. Türkiyə Respublikasının vətəndaşı olan X7 ilə "xxxx" ASC arasında qarşılıqlı anlaşma və razılaşma olmadığından bu barədə 14 avqust 2023-cü il tarixdə müəssisə tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verilmiş, həmin şəxsin “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq” (bildiriş № 8050839) və “iş icazəsi”nin (bildiriş № 9050831) alınması ilə bağlı icraatın dayandırılması barədə müraciət ünvanlanmışdır; -"xxxx" ASC-nin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 07 avqust 2023-cü il tarixli 240 nömrəli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən dəvət olunan Türkiyə Respublikasının vətəndaşı X7 onları qane edən şərtlərlə yüksək peşəkarlığa malikdir, onun metal emalı sahəsində yüksək təcrübəsi olan mütəxəssis kimi şirkətin fasonlu tökmə sahəsinə metallurq-tökmə vəzifəsində saxlanılması zəruridir. Həmin halın nəzərə alınaraq, Türkiyə Respublikasının vətəndaşı X3 haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınmasına köməklik göstərilməsi xahiş edilmişdir; -"xxxx" ASC-nin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 14 avqust 2023-cü il tarixli 252 nömrəli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı X7 ilə "xxxx" ASC arasında qarşılıqlı anlaşma olmadığından Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinin (bildiriş 9050839) və Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin (bildiriş 9050831) alınmasının icraatının dayandırılması xahiş edilmişdir; -“Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması ilə bağlı müraciətə dair” ******* nömrəli bildirişdən görünür ki, Kekilli Kiyasettin müraciətinin nəticəsinin 22 avqust 2023-cü il tarixdə məlum olacağı, iş icazəsi veriləcəyi təqdirdə 21 sentyabr 2023-cü il tarixədək tələb olunan dövlət rüsumunu ödəməklə rəsmiləşdirilmiş icazə əldə edilmədiyi halda həmin iş icazəsinin ləğv ediləcəyi barədə məlumatlandırıldığını şəxsi imzası ilə 08 avqust 2023-cü il tarixdə təsdiq etmişdir; -“Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciətə dair” ******* nömrəli bildirişdən görünür ki, Kekilli Kiyasettin müraciətinin nəticəsinin 29 avqust 2023-cü il tarixdə məlum olacağı, müvəqqəti yaşama icazəsi veriləcəyi təqdirdə bunun üçün tələb olunan dövlət rüsumunu ödəməklə icazə vəsiqəsinin götürülməsinin zəruriliyi və 28 sentyabr 2023-cü il tarixədək dövlət rüsumu ödənilmədikdə həmin icazəsinin ləğv ediləcəyi barədə məlumatlandırıldığını şəxsi imzası ilə 08 avqust 2023-cü il tarixdə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Türkiyə Respublikasının vətəndaşı X7 11 iyul 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmuş, həmin müddət üçün onunla əmək müqaviləsi bağlanmamış və əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır, buna dair mötəbər sübutlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Məhkəmə əvvəlcə qeyd edir ki, məhkəmədə işə baxıldığı müddətdə mümkün vasitələrlə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi X7 ilə əlaqə saxlanılaraq onun məhkəmə iclasına dəvət olunması və ya texniki vasitələrdən istifadə edilməklə məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Bundan başqa, iş materiallarında yuxarıda istinad olunan sənədlərdən başqa, şikayətçi X3 araşdırma orqanına təqdim etdiyi “WhatsApp” yazışmaları da mövcuddur. Hansı ki, həmin yazışmaların mətni nəzərdən keçirilərkən öz təsdiqini tapmışdır ki, 11 iyul 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək olan müddət ərzində onunla "xxxx" ASCnin istehsalat rəisi vəzifəsində işləyən Şahid1 (telefon - **********23, **********77), həmçinin ASC-nin satış və kommersiya üzrə mütəxəssisi vəzifəsində işləyən X5 (telefon - **********77) arasında işlə, məhz ASC-nin fəaliyyətini əhatə edən işlə bağlı yazışmalar aparılmışdır. 19 iyul (temmuz) tarixli yazışmanın mətni ilə aydın olur ki, Kekilli Kiyasettin, Şahid1 müəssisədə aparılmış yenidənqurma işləri nəticəsində istehsalatda baş vermiş artımlar barədə hesabat təqdim etmiş, Şahid1 tərəfindən isə görülmüş işlərə görə ona təşəkkür (əllərinə sağlıq) edilmişdir. Həmin şəxslər arasındakı digər yazışmaların mətni, orada əksini tapan məlumatlar "xxxx" ASC-nin istehsal fəaliyyətinin gücləndirilməsi ilə bağlı olmaqla, Kekilli Kiyasettinin zavodda aparılan işlərin təşkilində və istehsal fəaliyyətinin artırılmasında birbaşa iştirak etdiyini təsdiq edir. Kekilli Kiyasettin digər, 13 iyul 2023-cü il yazışmasında ona avans verilməsini Şahid1 xahiş etmiş, Şahid1 isə bununla bağlı kassaya deyəcəyini və pul olarsa ona avans veriləcəyini bildirmişdir. Avans pul vəsaitinin təyinatı və verilmə məqsədi də (bir müqavilə tərəfinin bu ödəməyə qarşı nağd ödəməli olduğu, lakin müqavilənin predmeti həqiqi icrasından əvvəl ödədiyi pul məbləği) nəzərə alındıqda, qeyd edilməsi zəruridir ki, avans məbləği müəssisənin işçisi, müqavilə tərəfi olmayan şəxsə verilə bilməzdi. "xxxx" ASC-nin satış və kommersiya üzrə mütəxəssisi vəzifəsində işləyən X5 ilə X7 arasında aparılan yazışmalara nəzər saldıqda, aydın olur ki, bunlar, müəssisədə istehsalın artırılması ilə bağlı əlavə lazımi avadanlıqların tapılaraq alınması ilə bağlı işlərə aid yazışmalardır. Kekilli Kiyasettin yazışmalarda Loğman Züfüqarlının onun patronu, yəni rəhbəri olduğunu, amma onu “ata əvəzi” saydığını qeyd etmişdir. Buradan da aydın olur ki, Kekilli Kiyasettin həmçinin zavodun fəaliyyətinin təkmilləşdirilməsi üçün avadanlıqların alınması işlərində də iştirak etmişdir. Eyni zamanda, X7 "xxxx" ASC-də işə cəlb edildiyi 11 iyul 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək olan müddətlərdə müvəqqəti yaşadığı oteldən və ya digər ünvandan ASC-nin yerləşdiyi ünvana və ya əksinə taksi sifarişləri vermişdir, hansı ki, həmin sifarişlərin verilmə vaxtı ilə də aydın olur ki, onun işə getmə saatları səhər saatlarına, işdən çıxma saatları isə axşam saatlarına təsadüf etmişdir. Bundan başqa, "xxxx" ASC-nin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 07 avqust 2023-cü il tarixli 240 nömrəli məktubundan göründüyü kimi, ASC tərəfindən dəvət olunan Türkiyə Respublikasının vətəndaşı X3 metal emalı sahəsində yüksək təcrübəsi olan mütəxəssis kimi şirkətin fasonlu tökmə sahəsinə metallurq-tökmə vəzifəsində saxlanılmasının zəruri olduğu qeyd edilmişdir, yəni həmin müraciətdə qeyd olunan şəxsin işə cəlb ediləcəyi deyil, məhz “müvafiq vəzifədə saxlanılması” vurğulanmışdır. Hansı ki, bunun özü də həmin şəxsin "xxxx" ASC tərəfindən işə cəlb edilməsini, lakin onunla əmək müqaviləsinin bağlanmamasından və elektron qaydada sistemdə qeydiyyata alınmamasından ibarət işin faktiki hallarını müəyyən edən haldır. Bununla da, məhkəmə hesab edir ki, baxılan işə münasibətdə inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" ASC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs "xxxx" ASC tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçinin əmək müqaviləsi bağlanılmadan və elektron informasiya sisteminə daxil edilmədən işə cəlb edilməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 və 84.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, yuxarıda istinad olunan “WhatsApp” yazışmalarını və işə gedib-gəlmə vaxtlarını özündə əks etdirən taksi sifarişlərinə dair məkan paylaşımlarını, inzibati xətanın törədilməsini və bunda hüquqi şəxsin təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edir, həmin yazışmalara və məlumatlara nisbətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslərin və həmin hüquqi şəxsin işçisi olan şahidlərin irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, hansı ki, həmin şəxslərin göstərdikləri işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla şirkətin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" ASC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin hüquqi şəxsi (müvafiq vəzifəli şəxslərinə münasibətdə) qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar