Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-12/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 08 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24956522 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 08 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24956522 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X2 həmin inzibati tənbeh vermə haqqında qərardan şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmasına dair ayrıca yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində İXM-nin 353.2. İri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxsər altı yüz manat məbləğində cərimə edilməsinə dair tərəzi-radarın EQ seriyalı 24956522 nömrəli qərar qanunsuzdur. İnzibatı tənbeh vermə haqqında elektron qərar qanunsuz olduğundan ləğv edilməli və barəsində aparılan inzibatı icraata xitam verilməlidir. İri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmini istiqamətində müvafiq işlərin görülməsi olduqca təqdirəlayiq hadisə olsa da texnikanın nə qədər inkişaf etməsinə baxmayaraq hazırki situasiyada radarın təyin etdiyi çəki yanlışdır və bu hal onun bir Azərbaycan vətəndaşı kimi konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yolötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəzaə təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi üçün quraşdırılmış tərəzi-radar idarə etdiyi MAN TGX 18. 440 yük, **-AC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 07 noyabr 2024-cü il tarixində M-1 65.1 km, Xızı r-nu, Giləzi kəndi Bakı istiqamətində guya normadan artıq yuklə birlikdə yola çıxdığını fiksə etmiş, daha sonra barəsində inzibati xəta ilə bağlı əsassız olaraq inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. İdarə etdiyi maşının yükləndiyi çəki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi haqqında Qaydaları”nın “Qoşqulu avtoqatarlar üçün” 3.2.-ci maddəsinə, yəni “nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə - 42 ton” tələbinə tam uyğundur. Yükün çəkisinə dair çekdə, “Himalay” zavodun tərəzisinə çıxarılan yükün çəkisi normalara tam uyğundur. Həmin çekləri sübut olaraq şikayət ərizəsinə əlavə etmişdir. Həmin tərəzi çekində çəki 39840 kq yük göstərir. Barəsində səhvən qanunsuz elektron qərar çıxarılmışdır. Göstərilənlərə əsasən, barəsində çıxarılmış EQ 24956522 nömrəli inzibati cərimə haqqında elektron qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, onun inzibati xətanın törədilməsində təqsiri olmadığını nəzərə alaraq, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X1 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 1.2-ci bəndindən görünür ki, həmin parametrlər avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. Həmin parametrlərin 3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Bu hədlər aşağıda göstərilən qaydada müəyyən edilmişdir - 3.2. Qoşqulu avtoqatarlar üçün: ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə 36 t; ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə 42 t; üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə 42 t; üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə 44 t; üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə 44 t. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X1 “iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə” Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsinə baxmayaraq, bu barədə 18 dekabr 2024-cü il tarixli qərarı şübhə altına salacaq sübut mövcuddur. Belə ki, X1 təqdim etdiyi “Himalay” şirkəti tərəfindən verilmiş tərəzi qəbzinin surətindən görünür ki, 08 dekabr 2024-cü il tarixdə saat 11:06:23-də çıxışı qeydə alınmış **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daşıdığı “Atsep” yükünün brutto çəkisi 39840 kg, tara çəkisi 13800 kg, netto çəkisi 26040 kg olmuşdur. “MAN TGX 18 440 yük markalı” **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 ehtimal olunan inzibati xətanı törətməsi isə məhz 08 dekabr 2024-cü il tarixdə saat 12:51:01-də qeydə alınmışdır. Buradan da görünür ki, iş üzrə bu halların araşdırılmasına ehtiyac vardır, hansı ki, inzibati xəta törətmiş şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, burada sübutetmə yükü inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür, həmin orqanın nümayəndəsi isə məhkəmə araşdırmalarında iştirak etmək üçün gəlməmişdir, məhkəmənin özü isə hazırki qaydada aşkar olunmuş ziddiyyətli halı araşdırmaq üçün müvafiq imkanlara (texniki və s.) malik deyildir. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 08 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24956522 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 08 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24956522 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-12/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-12/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver