Məhkəmə qərarları › İş №3(007)-1200/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1200/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1200/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi E.Ə.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X6 daxil olmuş şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı Şəxs MMC ilə X10 arasında bağlanmış avtomobil alqı-satqısı üzrə müqaviləyə qanunvericiliyin tələblərinə uyğun olmayan normaların daxil edildiyi müəyyən edilmişdir. Bununla bağlı inzibati icraat başlanılmış və bu barədə Şəxs MMC-yə məlumat verilmişdir. Araşdırma zamanı MMC-nin nümayəndəsi iştirak etməmiş, onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş və ünvanına göndərilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndinin “b” hissəsində qeyd edilmişdir ki, hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman Alıcının Satıcıdan avtomobilin və ya yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik olmadığı qeyd edilmişdir. Bu hal isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Alqı-satqı müqaviləsinə xitam verildikdə, satılan mal geri qaytarıldıqda ödənilən ödəniş qarşılıqlı razılıq əsasında geri qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan tərəf ödənişin qaytarılması barədə müddəaların digər maddədə qeyd edildiyini bildirsə də, bu maddələr arasında ziddiyyət vardır. Bundan başqa müqavilənin 3.1.3-cü bəndində göstərilmişdir ki, avtomobilin dövlət qeydiyyatına salınması üçün tələb olunan sənədlər, zəmanət kitabçası və istismara dair təlimat kitabçası ödənişlər tam həyata keçirildikdən sonra Alıcıya təhvil veriləcəkdir. Lakin hər-hansı alqı-satqı müqaviləsi bağlanırsa və müqavilənin predmetini əmlakın başqasına verilməsi təşkil edirsə, əmlaka sahiblik, ondan istifadə və sair hüquqlar başqasına keçirsə onun sənədlərinin satıcıda qalması mümkün olan bir hal deyildir. Lakin bu müqavilənin şərtlərindən görünür ki, sənədlər satıcıda qalacaq, ödəniş edildikdən sonra alıcıya veriləcəkdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən istehlakçı ona satılan malı dəyişdirmək istədikdə həmin mala uyğun mal ilə dəyişdirmək, uyğun mal olmadıqda isə malın dəyəri məbləğində pulun geri qaytarılmasını tələb etmək hüququ vardır. Bu qanunvericilik aktları, normaları olduğu təqdirdə müqaviləyə belə bir normanın salınması istehlakçı hüquqlarını məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, Şəxs MMC sadəcə Faiq Osmanlıya deyil, bir çox şəxslərə avtomobil satır, bir çox alıcısı vardır. Ona görə də bu inzibati xəta bir şəxsə qarşı deyil, bir neçə şəxsə qarşı törədilmiş inzibati xəta kimi qiymətləndirilməlidir. Məhkəmədən Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X11 bildirmişdir ki, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə məhkəməyə etiraz təqdim edilmişdir. Etirazı müdafiə edir. Məhkəmədən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şəxs MMC-nin təqdim etdiyi etiraz onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu bəndində qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, 20 fevral 2023-cü il tarixli, 3-21- 1/2-2800/2023 nömrəli inzibati xəta haqqında protokolda istehlakçının qanunvericilikdə nəzərdə tutulan hansı hüququnun pozulması qeyd edilməmiş, Şəxs MMC tərəfindən inzibati xətanın hansı qaydada törədilməsi göstərilməmişdir. Hesab edirlər ki, protokolda belə bir qeydin mövcud olmamasının səbəbi müqavilənin 3.2.5-ci bəndinin “b” hissəsi ilə istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hüququnun məhdudlaşdırılmaması olmuşdur. Həmçinin adıçəkilən orqan Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsində “qanunvericilikdə nəzərdə tutulan hüquqlar” dedikdə qeyd olunan maddənin məzmununa və adlandırmasına diqqət yetirməmişdir. Belə ki, qeyd olunan maddənin adından da göründüyü kimi, bu maddənin məzmunu istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar yarana biləcək məsuliyyətin müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu bəndində sözügedən hüquqların bir-bir sadalanmamasının səbəbi isə Azərbaycan Respublikasının İXM-nin 447ci maddəsinin göndərici xarakter daşıması və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə, yəni 3-cü maddəsinə istinad etməsidir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının İXM-nin 447-ci maddəsi tətbiq edilərkən Mülki Məcəllənin normaları deyil, yalnız inzibati qanunvericilik sahəsinə aid olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasında qeyd olunmuşdur ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində istehlakçıların bu qanunla qorunan hüquqlarının dəqiq siyahısı təsbit edilmişdir. Buradan da məlum olur ki, Azərbaycan Respublikasının İXM-nin 447.0.9-cu bəndinin tətbiqi zamanı “qanunvericilikdə nəzərdə tutulan hüquqlar” dedikdə, Mülki Məcəllədə nəzərdə tutulmuş hüquqlar deyil, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsində istehlakçıların bu qanunla qorunan hüquqları nəzərə alınmalı idi. Göründüyü kimi, adıçəkilən inzibati orqan Azərbaycan Respublikasının İXM-nin 447-ci maddəsinin tətbiqi zamanı mülki hüququn təməlində dayanan ideyalar ilə inzibati hüququn təməlində dayanan ideyaları bir-birindən fərqləndirə bilməmiş və ya onları nəzərə almamışdır. Yuxarıda göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olur ki, adıçəkilən inzibati orqan inzibati xətalar haqqında iş üzrə icraat zamanı bilərək və yaxud fərqində olmayaraq, analogiya qaydasında mülki hüquq normalarını tətbiq etmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib edən orqan öz mövqeyini mülki hüquqi baxımdan irəli sürərkən, məsələyə məhdud baxımdan yanaşmış, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və X10 ilə Şəxs MMC arasında bağlanmış müqavilənin bütün müddəalarını kompleks şəkildə nəzərdən keçirməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində qeyd olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Buradan belə aydın olur ki, dörd məqam zəruridir: 1) pozulması ehtimal olunan hüquq qanunda nəzərdə tutulmalıdır; 2) müqavilə şərtinin etibarsız sayılması; 3) müqavilə etibarsız şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyməsi; 4) etibarsız şərtlərin tətbiqi nəticəsində istehlakçıya dəymiş zərərin tam həcmdə ödənilməsi. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı bəndində müqavilənin etibarsız şərtləri nəticəsində zərərin dəyməsi və vurulmuş zərərin ödənilməsindən bəhs edilir. Xüsusilə vurğulamaq lazımdır ki, müqavilə şərtlərinin etibarsızlığı və müqavilə şərtlərinin etibarsızlığı nəticəsində dəymiş zərər ilə bağlı X10 tərəfindən hər hansı bir tələb onlara qarşı irəli sürülməmiş və ya bununla əlaqədar hər hansı bir sübut onlara təqdim edilməmişdir. Buradan da göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edən orqan öz səlahiyyətlərini aşaraq, qeyd olunan pozuntulara yol vermişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edən orqan, avtomobilin yerli istehsal olmadığını və xaricdən təmin edildiyini, o cümlədən cəmiyyətin avtomobilin istehsalçısı deyil, təchizatçısı olmasını nəzərə almamışdır. Belə ki, sözügedən avtomobilin istehsalçısı xarici hüquqi şəxs olduğundan, bir sıra şərtləri, o cümlədən zəmanət şərtləri ilə bağlı məhdudiyyətləri yalnız istehsalçı müəyyənləşdirir və həmin şərtlər açıq şəkildə müqavilədə göstərilir ki, istehlakçılar istehsalçının tələbləri barədə məlumatlı olsunlar, gələcəkdə hər hansı bir məhdudiyyətlə üzləşməsinlər. Digər tərəfdən, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Mülki qanunvericiliyə müvafiq olaraq iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. X10 ilə Şəxs MMC arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndinin “b” hissəsi ilə istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hüququ məhdudlaşdırılmamış, bunun əksinə müqavilənin 3.2.5-ci bəndinin “b” hissəsində tərəflərin qarşılıqlı iradə ifadələri əks edilmişdir. Eyni zamanda, sözügedən bənddə “Alıcı bundan imtina etdiyi təqdirdə, Satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir” ifadəsi də mövcuddur ki, bu da öz növbəsində “həmin bənddə qeyd olunanlardan Alıcının imtina etmək hüququ”nun müqavilədə göstərildiyini təsdiq edir. Lakin, inzibati xəta haqqında protokol tərtib edilərkən sözügedən hallar nəzərə alınmamış və protokol qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla tərtib edilmişdir. Buradan da göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edən orqan bu hissədə cəmiyyətə qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, izahatları alınmamış, inzibati xəta haqqında protokol natamam tərtib edilmişdir. Göründüyü kimi 20 fevral 2023-cü il tarixli, 3-21-1/2-2800/2023 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin dispozisiyasında göstərilən inzibati xəta tərkibi yoxdur və cəmiyyət tərəfindən hər-hansı bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlara əsasən Şəxs MMCnin əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 20 fevral 2023-cü il tarixli, 3-21-1/2-2800/2023 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - vətəndaş X8 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçt ünvanına daxil olmuş şikayətində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-dən “Changan” markalı maşın almış, təqribən 1 ay sonra qüsurlu mal olduğuna görə şirkətə geri qaytarmışdır. Lakin bu günədək nə qüsuru aradan qaldırılmış, nə də yenisi ilə əvəzlənməmişdir. Qanunauyğun tədbir görülməsini və ona köməklik edilməsini xahiş etmişdir. - “Satıcı” Şəxs MMC ilə “Alıcı” X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-162- AAE-22 nömrəli müqavilənin 3.2.5-ci bəndinin “b” hissəsindən görünür ki, hazırki müqaviləyə istənilən əsaslarla xitam verilən zaman Alıcı Satıcıdan avtomobilin və ya yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil, bu zaman Satıcı yalnız avtomobil, onun ani likvid dəyəri ilə Satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği “Alıcı”-nın borcunu tam bağladıqda, yerdə qalan məbləği bu Müqavilənin .3.2.5-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş qaydada Alıcıya geri qaytarır. Bu məbləğ “Alıcı”-nın borcunu ödəmədiyi təqdirdə “Alıcı” qalıq borc məbləğini “Satıcı”-ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “Satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. - Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4nun şikayəti üzrə Şəxs MMC tərəfindən müvafiq araşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixli, 162-AAE-22 saylı “Avtomobil alqı-satqısına dair müqavilə” üzrə X2 təhvil verilmiş “Changan F70” markalı nəqliyyat vasitəsində yaranmış qüsurla bağlı Alıcı tərəfindən müraciət edildikdən dərhal sonra, müştəri məmnuniyyətinin təmin edilməsi və qüsurun aradan qaldırılması məqsədi ilə, MMC-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Nəticə etibarı ilə məlum olmuşdur ki, nəqliyyat vasitəsinin mühərrikində qüsurun yaranmasına səbəb istifadə olunmuş yanacağın tərkibində su aşkarlanması olmuşdur. Nəqliyyat vasitəsində yaranmış problemin səbəbi X9 dəfələrlə ətraflı şəkildə izah edilmiş və zəmanət halı hesab olunmadığından, xərclərin müəssisə tərəfindən qarşılana bilməyəcəyi bildirilmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq X4 tərəfindən məhkəməyə müraciət edilmişdir. Tərəflərindən “SGS” sertifikatlaşdırma və inspeksiya şirkəti tərəfindən ekspertizanın keçirilməsi təşkil olunmuşdur. Həmin ekspertizanın nəticəsinə əsasən istifadə olunmuş yanacağın tərkibində su aşkar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin tərkibini yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın vətəndaş X6 şikayəti əsasında başlanılmasına və şikayəti Şəxs MMC-dən aldığı avtomobil qüsurlu olduğuna görə geri qaytardığını, lakin qüsurun aradan qaldırılmaması və ya yenisi ilə əvəz edilməməsi olmasına baxmayaraq, Xidmət icraat çərçivəsində başqa mübahisə predmetilə (müqavilənin 3.2.5-ci bəndinin “b” hissəsində istehlakçının hüquqlarını məhdudlaşdıran müddəanın olması: “müqaviləyə istənilən əsaslarla xitam verilən zaman Alıcı Satıcıdan avtomobilin və ya yaxud ödədiyi vəsaitlərin ona verilməsini tələb etmək hüququna malik deyil” ifadəsinin mövcudluğu) protokol tərtib etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, vətəndaşın şikayəti ilə bağlı inzibati orqan qismində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların hüquqlarının pozuntusunun qarşısını almaq məqsədilə preventiv tədbir olaraq Şəxs MMC-yə tələbnamə göndərməli olduğu halda bu barədə Cəmiyyətə hər hansı tələbnamə daxil olmamışdır. Halbuki, Xidmətin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 3.0.23 və 3.0.24-cü bəndlərinin tələbinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh tədbiri tətbiq etməzdən əvvəl “istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək, xüsusilə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək” vəzifəsi vardır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş “avtomobilin alqı-satqısı üzrə müqavilə” tərəflər arasında 30 iyul 2022-ci il tarixində bağlandığından törədilməsi istinad edilən inzibati xəta da məhz həmin tarixdə törədilməklə baş vermiş sayılmalı və nəzərə alınmalı hal odur ki, hazırda həmin vaxtdan 04 aydan çox bir müddət keçmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, sözügedən inzibati xəta uzanan hüquqpozma kimi qiymətləndirilə bilməz və bu qənaətə gələrkən məhkəmə aşağıda qeyd edilən Konstitusiya Məhkəməsinin Qərarını rəhbər tutur. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Lakin hazırkı iş üzrə inzibati xəta uzunan və ya davam edən inzibati xətalara aid deyildir. Çünki hazırkı inzibati xəta konkret vaxtda törədilməklə bitir. Belə ki, hazırkı halda törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi konkret vaxtla bağlıdır. Yəni avtomobilin satılması tarixi ilə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar