Məhkəmə qərarları › İş №3(007)-1205/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1205/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1205/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2021-ci il tarixdə saat 16:35 radələrində idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə hərəkət edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı İ.H.Musayev tərəfindən xx.xx.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 16:35 radələrində idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən ötmə və manevr etmə qaydalarını pozaraq avtoxuliqanlıq etmişdir. Buna görə də Şəxs idarə etdiyi avtomobili saxlamışlar və barəsində İXM-nin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 16:35 radələrində idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkət edərkən manevr etmə qaydalarını pozmuşdur. O, avtoxuliqanlıq etməmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, sürücü Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tərkibini yaradan hərəkətlər edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tələbinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, avtoxuliqanlığın obyektiv cəhəti aşağıdakı əlamətlərə malik olan qərəzli hərəkətlərdən ibarətdir. 1) bu hərəkətlər ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalıdır; 2) bu hərəkətlər cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; 3) bu hərəkətlər yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunmalıdır. Bu əlamətlərin mövcud olması ilə törədilən qərəzli hərəkətlər avtoxuliqanlıq hesab edilir və həmin əlamətlərdən birinin olmaması bu inzibati xətanı istisna edir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Əhalinin dincliyi ictimai qaydanın tərkib hissəsi olub, hər kəsin sərbəst surətdə istirahət etməsi, işləməsi və fərdi tələbatını təmin edən fəaliyyətlə məşğul olması üçün zəruri olan şərait kimi başa düşülməlidir. İctimai qaydanı və əhalinin dincliyini nümayişkaranə pozan hərəkətlər dedikdə, ictimai və ya ayrı-ayrı şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər dedikdə, təqsirkarın özü və ətrafdakı digər sürücülər, piyadalar və başqa şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkib əlamətləri olması öz təsdiqini tapmır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməli və Şəxs əməlində yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan digər inzibati xəta tərkibi olduğundan inzibati xəta haqqında material araşdırılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs əməlində yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan digər inzibati xəta tərkibi olduğundan inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar