Məhkəmə qərarları › İş №3(007)-1209/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1209/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1209/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası X7 nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası X7 barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-dən daxil olmuş 18 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Azərbaycan Respublikası X9 mülkiyyətində olan nəqliyyat vasitəsini 08 fevral 2021-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası X9 tərəfindən həmin protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, 12 aprel 2021-ci il tarixində X8 daxil olmuş məhkəmə bildirişində Bakı şəhəri Səbail rayon Polis İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında işin baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyi qeyd olunmuşdur. Aşağıdakı səbəblərə əsasən həmin ərizə təmin olunmamalıdır. Belə ki, Chevrolet Suburban minik markalı ** PC *** dövlət qeydiyyatlı və Chevrolet Niva minik markalı ** PC *** dövlət qeydiyyatlı avtonəqliyyat vasitələri X9 tərəfindən 03 oktyabr 2011-ci il tarixli DNF/X-15 nömrəli müqavilə əsasında Bakı şəhər İcra Hakimiyyətinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Ona görə də həmin avtonəqliyyat vasitələrinin kim tərəfindən idarə olunması barədə məlumat yalnız Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Səbail RPİ-nə verilə bilərdi. X9 həmin avtonəqliyyat vasitələrini idarə edən fiziki şəxslər barəsində məlumatlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hazırlanmış “Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVİD- 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik Tələblər”ə uyğun olaraq X6 işçilərin sayı ən minimuma endirilməklə növbəli iş rejimi tətbiq edilir. Bundan əlavə, Səbail RPİ-nin 06 və 10 fevral 2021-ci il tarixli sorğuları X8 müvafiq olaraq 19 fevral 2021-ci il və 26 fevral 2021-ci il tarixlərində 276 və 310 daxil olma nömrələri ilə daxil olmuşdur və pandemiya səbəbindən X9 tərəfindən həmin sorğulara 26 fevral 2021-ci il tarixində DNF/8/1-170 nömrəli məktubla müvafiq cavab verilərək avtonəqliyyat vasitələrinin Bakı şəhər İcra Hakimiyyətinə müvəqqəti sahibliyinə və istifadəsinə verildiyi və onları idarə edən fiziki şəxslər barəsində yalnız Bakı şəhər İcra Hakimiyyətindən məlumat ala biləcəkləri bildirilmişdir. Eyni zamanda həmin məktubun surəti Bakı şəhər İcra Hakimiyyətinə də göndərilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunmuş avtonəqliyyat vasitələri hazırda Bakı şəhər İcra Hakimiyyətinin müvəqqəti sahibliyində və istifadəsinə olduğundan, həmin avtonəqliyyat vasitələrini idarə etmək hüququna malik fiziki şəxslər barəsində məlumatları X9 deyil, Bakı şəhər İcra Hakimiyyəti təqdim etməli olduğundan, X9 tərəfindən Səbail RPİ-nin sorğularına qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verildiyindən İXM-nin 347-ci maddəsinin tələbləri X9 tərəfindən pozulmamış, hər hansı bir inzibati xəta törədilməmişdir. Səbail RPİ-nin ərizəsinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi X2 protokolun dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və X7 barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası X7 nümayəndəsi X5 yazılı etirazda qeyd edilənlərə uyğun izahat verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası X7 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-si tərəfindən Azərbaycan X8 ünvanlanmış bildirişdən görünür ki, Fonda məxsus ** PC *** dövlət qeydiyyat nişanlı “Chevrolet Suburban minik” markalı avtomobilin iştirakı ilə 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamədən görünür ki, sözügedən sorğu poçt xəbərnaməsinə 19 fevral 2021-ci il tarixdə imza edilməklə alınmışdır. Məhkəməyə təqdim edilmiş 03 oktyabr 2011-ci il tarixli DNF/X-15 nömrəli müqavilənin, həmin müqaviləyə əlavənin və 03 oktyabr 2011-ci il tarixli aktın surətlərindən görünür ki, Azərbaycan Respublikası X8 məxsus ** PC *** dövlət qeydiyyat nişanlı “Chevrolet Suburban minik” markalı və digər avtomobillər (Aktivlər) Fond tərəfindən “Saxlayıcı” Bakı şəhər İcra Hakimiyyətinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Sözügedən müqavilənin 4.3-cü bəndinə əsasən “Aktivlər”in “Saxlayıcı” tərəfindən istismarı-istifadəsi zamanı baş verə biləcək hər hansı bir hadisə ilə bağlı məsuliyyəti “Saxlayıcı” daşıyır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası X7 26 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail RPİ tərəfindən X8 ünvanlanmış 06 və 10 fevral 2021-ci il tarixli sorğulara əsasən Fonda məxsus Chevrolet markalı, ** PC *** və ** PC *** dövlət qeydiyyat nişanlı avtomobillər Bakı şəhər İcra Hakimiyyətinə müvafiq qaydada müvəqqəti istifadəyə verilmişdir. Bununla əlaqədar qeyd olunan avtomobilləri idarə edən sürücülər barəsində tələb olunan məlumatların Bakı şəhər İcra Hakimiyyətinin təqdim edə biləcəyi Səbail rayon Polis İdarəsinə və Bakı şəhər İcra Hakimiyyətinə bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin Azərbaycan Respublikası X8 ünvanlanmış bildirişinə əsasən 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi tələb edilən ** PC *** dövlət qeydiyyat nişanlı “Chevrolet Suburban minik” markalı avtomobil Azərbaycan Respublikası X7 mülkiyyətində olsa da, 03 oktyabr 2011-ci il tarixli DNF/X-15 nömrəli müqaviləyə əsasən sözügedən avtomobil aktla Bakı şəhər İcra Hakimiyyətinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir, həmin vaxtdan da Bakı şəhər İcra Hakimiyyətinin sahiblik və istifadəsindədir. Belə olan halda, məhkəmə hesab edir ki, istifadəsində olmayan, rəsmi müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinə təhvil verilmiş avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsinə dair sorğuya cavab verilməməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası X9 inzibati məsuliyyətə cəlb oluna və barəsində inzibati tənbeh tədbiri tətbiq oluna bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilə ilə tərəflər razılaşdırmışlar ki, sahiblik və istifadəyə qəbul edilmiş avtomobillərin istismarı-istifadəsi zamanı baş verə biləcək hər hansı bir hadisə ilə bağlı məsuliyyəti “Saxlayıcı”, yəni avtomobilləri istifadəsinə qəbul edən daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası X7 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni barəsində sorğu verilmiş nəqliyyat vasitəsi inzibati xətanın törədilməsi zamanı həmin hüquqi şəxsin sahiblik və istifadəsində deyil, müvafiq müqavilə və akt əsasında Bakı şəhər İcra Hakimiyyətinin sərəncam və istifadəsində olduğundan, Azərbaycan Respublikası X9 belə bir sorğuya onun daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməməsinə görə inzibati məsuliyyətə cəlb edilərək təqsirli bilinə bilməz, Fondun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X7 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar