Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1211/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİnin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Halal Manqal” dönər evinin yaxınlığında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru İ.M.Mehdiyev tərəfindən xx.xx.2021-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01:00 radələrində yaşadığı ünvanın yaxınlığında “Halal Manqal” dönər evinin yanı ilə təmiz hava qəbul etdikdən sonra evə gedən zaman ona sonradan adının Emin olduğunu bildiyi 5 saylı X7 əməkdaşı yaxınlaşaraq sənədini istəmiş və hara getdiyini soruşmuşdur. O, idman paltarında təmiz havada gəzinti etdiyi üçün üzərində sənəd götürmədiyini bildirmişdir. Polis əməkdaşına planşetdə ad, soyadını yazıb şəxsiyyətini müəyyən etməyi bildirmiş, lakin polis əməkdaşı bunu etməmişdir. Polis əməkdaşı sənədini təqdim etməsinin məcburi olduğunu bildirmişdir. Həmin vaxt xəstəliyi ilə əlaqədar o, həyəcanlı və fikirli olduğundan halı pisləşmiş, polis əməkdaşı ondan təcili tibbi yardım lazım olub-olmadığını soruşmuşdur. O da bildirmişdir ki, onun tək, sakitlikdə gəzməyi onu sakitləşdirəcək, ona toxunmasın, evə çatır və yaxınlıqda olan yaşadığı evi əli ilə göstərmişdir. Həmin ərazidə hamı onu tanıyır, çünki o, daima ağaclar əkir, onlara qulluq edir. O, həmin polis əməkdaşından özünü qanunauyğun şəkildə nəzakətli aparmasını və özünü təqdim etməsini istədikdə polis əməkdaşı daha da hiddətlənmişdir. Polis əməkdaşı ona burada gəzməyə ixtiyarının olmadığını demişdir. O, isə polis əməkdaşına ona belə səlahiyyət verilmədiyini demişdir. Daha sonra polis əməkdaşı ona narkotik vasitə qəbul etdiyini bildirmişdir. Polis əməkdaşı onu hədələmiş, həbs etdirəcəyini bildirmişdir. O, DİN-nin 102 xidmətinə zəng edəcəyini bildirmişdir. Həmin an polis əməkdaşı telefonu əlindən almış, barmağı burulmuş, telefonu yerə düşmüşdür. Polis əməkdaşı üstünə hücum çəkərək onu boğmuş, baş və bədən nahiyələrinə vurmuş, onu sürümüş, kəmər yeri cırılmışdır. O, boğulmuş, qışqıraraq boğulduğunu, onu buraxmasını bildirmişdir. O, qışqıraraq ətrafdakılara bunları çəkməyi və sosial şəbəkələrdə paylaşmağı bildirmişdir. O, ona görə belə demişdir ki, səhərisi gün deməsinlər ki, o, polis əməkdaşını döymüş, tabesizlik etmişdir. Əgər polis əməkdaşı ona mədəni şəkildə şəxsiyyətini müəyyən etmək üçün bölməyə getməli olduğunu bildirsəydi, o, heç bir etiraz etməz, bölməyə gedərdi. O, qanunları yaxşı bilir və qanunlara hörmətlə yanaşır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X7 Patrul bölüyü, polis nəfəri X5 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01:20 radələrində xidmət apardıqları İsmayıl Məmmədov küçəsi “Halal Manqal” restoranının yanında 1 nəfər şəxsin şübhəli hərəkətləri onların diqqətini cəlb etmişdir. Həmin vətəndaşa - Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və harada yaşadığını soruşmuşlar. Şəxs yaxınlıqda yaşadığını bildirmiş, ünvanını soruşduqda nə səbəbə soruşduqlarını demişdir. Ona şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, portal vasitəsi ilə şəxsiyyətini müəyyən etmələrini bildirmişdir. Şəxs onlarda portal olmadığını, ancaq avtopatrullarda portal olduğunu bildirmişdir. Şəxs ona demişdir ki, “sən Allah çıx get, özümü cilovlaya bilmirəm, özümü pis hiss edirəm”. O, təcili-tibbi yardıma zəng etməyi təklif etmiş, Zaur əvvəlcə razılaşmış, o, zəng edəndə lazım olmadığını demişdir. Aptekə tərəf gedən zaman Şəxs bildirmişdir ki, “məni niyə saxlamısınız, sən kimsən, özünü təqdim et, məni saxlaya bilməzsən, nə ixtiyarın var məni saxlayırsan, sən bunu edə bilməzsən, mən sənin üçün oğruyam, narkomanam ki, məni saxlayırsan”. O, özünü təqdim edərək polis əməkdaşı olduğunu, ərazidə xidmət apardığını, asayişi qoruduğunu bildirmişdir. Bu zaman Şəxs qışqıraraq bildirmişdir ki, “ay camaat, çölə çıxın, çəkin, sosial şəbəkələr bunu işıqlandırsın”. Sonra Şəxs qaçmaq istəmiş, onu kəmərindən tutub saxlamışdır. Sonra vətəndaş dartınaraq onu boğmamağını bildirmişdir. O, boğmadığını bildirmiş, onu nizam-intizama dəvət etmişdir. Bu zaman insanlar çölə çıxmışlar. Şəxs onların qanuni tələblərinə məhəl qoymamış, əl-qol atmış, yüksək səslə qışqıraraq bildirmişdir ki, “çəkin, sosial şəbəkələrdə paylaşın”. Sonra PPX-nin əməkdaşlarını köməyə çağırmışlar və xidməti avtomobillə vətəndaşı bölməyə aparmışlar. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X7 Patrul bölüyü, polis nəfəri X3 polis nəfəri X5 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirmişdir ki, o, “Halal Manqal” restoranının yaxınlığında gözətçi işləyir. xx.xx.2021-ci il tarixdə təxminən saat 01:15 radələrində 3 nəfər polis əməkdaşının 1 nəfər vətəndaşa yaxınlaşaraq özlərini təqdim etdiyini və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini istədiklərini görmüşdür. Sonradan adının Şəxs olduğunu bildiyi şəxs özünü təqdim etməyərək qışqıraraq polis əməkdaşları ilə kobud danışmışdır. Sonra Zaur özünü pis hiss etdiyini demişdir. Polis əməkdaşları təcili-tibbi yardıma zəng etməyi və qarşıdakı aptekə gedib oradan yardım istəməyi təklif etmişlər. Zaur razılaşmış, bir az getdikdən sonra qışqıraraq mübahisə etməyə başlamış, özünü yerə sürtmüşdür. Bütün bina sakinləri eyvana çıxmışlar. Zaur qışqıraraq bildirmişdir ki, “çəkiliş edin, sosial şəbəkələrə verin.” Zaur polis əməkdaşlarına demişdir ki, “mənə niyə narkoman, oğru deyirsiniz”, polis əməkdaşları isə cavabında “biz sən narkomansan demirik, yoxlamalıyıq, sənədini təqdim et” demişlər. Polis əməkdaşları Zauru bölməyə dəvət etdikdə o, polis əməkdaşlarını dartmış, əl-qol atmış, polis əməkdaşları onu güclə saxlamışlar. Polis əməkdaşları Zaura hər-hansı xəsarət yetirməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - DİN-nin ƏÇPA-nın 5-ci PB-nün polis nəfərləri Muradov Emin, Məmmədli Azər və Gərayev Təbriz tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 01:20 radələrində xidmət apardıqları inzibati ərazidə İsmayıl Məmmədov küçəsi, “Halal Manqal” restoranının yanında 1 nəfər şəxsin şübhəli hərəkətləri onların diqqətini cəlb etmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən şəxsiyyətini müəyyən edən sənəd istədikdə həmin şəxs şəxsiyyət vəsiqəsini verməkdən imtina etmiş və onlara əl-qol atmağa başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, onların qanuni tələblərinə məhəl qoymayaraq yüksək səslə qışqırmağa və onlara tabesizlik göstərməyə davam etmişdir. Onlar həmin şəxsi 2455 çağırışlı avtopatrulla 24-cü PŞ-nə gətirmişlər. Bölmədə aydın olmuşdur ki, həmin şəxs xx.xx.1987-ci il təvəllüdlü Şəxsdur. - inzibati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 02:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1211/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1211/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver