Məhkəmə qərarları › İş №3(007)-1216/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1216/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1216/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, 10 avqust 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 9, mənzil 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 19 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, cəmi 14563.64 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olmaqla borcluya məxsus “Kia Cerato minik” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(007)-2561/2013 nömrəli icra sənədi üzrə, cəmi 4136.85 ABŞ dolları borcun manat məzənnəsi ilə və 20 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2014-cü il tarixli 2(007)-3707/2014 nömrəli icra sənədi üzrə, cəmi 303.8 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli 2(007)-3689/2014 nömrəli icra sənədi üzrə və cəmi 299.87 manat borcun və 20 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli 2(007)-3826/2014 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədləri üzrə borclarını ödəməyərək icra sənədlərinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədində qeyd edildiyi kimi ona məxsus avtomobil hərrac vasitəsi ilə satılaraq borc ödənilməlidir. Lakin avtomobil onda deyil, etibarnamə ilə başqa şəxsə vermişdir, həmin şəxs söz versə də avtomobilin kredit borcunu ödəməmişdir. Hazırda avtomobilin barəsində axtarış elan edilmişdir. Avtomobil tapılıb hərracda satılmalı və borc ödənilməlidir. Qalıq borc qalarsa özü hissələrlə ödəyə bilər. Bundan başqa uzun müddətdir ki ağır xəstədir, ikinci qrup əlildir, ona görə işləyə və borclarını ödəyə bilmir. Hazırda özündə olan pulla 20 manat ödəniş etmişdir, qalan məbləğləri də ödəmək üçün çalışacaqdır. İcra sənədinin icrasından qərəzli olaraq yayınmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxslər "xxxx" ASC-nin və "xxxx" KB ASC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, zərərçəkmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, Şəxs 2(007)-2561/2013 nömrəli icra sənədi üzrə tutulmalı olan borc məbləğinin tutulması ipoteka predmeti olmaqla borcluya məxsus “Kia Cerato minik” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Göründüyü kimi qətnamənin icrası məhz həmin qaydada müəyyən edilmişdir, məhkəmə borcun digər qaydada ödənilməli olması barədə nəticəyə gəlməmişdir, icra zamanı icra üsulunun və qaydasının dəyişdirilməsi barədə məhkəmə qərarı qəbul edilməmişdir. Borclu Şəxs digər məhkəmə aktlarının tələbini icra etməməsi, məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətləri davam etdirməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Eyni zamanda borclu az miqdarda olsa da, hazırda 20 manat ödəniş etmişdir, qalan borclarını ödəməyi də öhdəsinə götürür. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar