Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1219/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1971-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 4/12-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 19 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında 0,375 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlayaraq üzərində daşımış, 15 fevral 2022-ci il tarixdə saat 07:10 radələrində Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq Nizami RPİ-nə aparılmış, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ayağından əməliyyat edildiyi üçün ağrıları olduğundan narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin fevral ayında Bakı şəhərində “Kubinka” adlanan yerdə üzdən tanıdığı bir nəfər şəxsdən özü istifadə etməsi üçün bir büküm marixuana almış, sonradan istifadə etmək üçün üzərində saxlamışdır. 15 fevral 2022-ci il tarixdə saat 07:10 radələrində yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, ev 4/12 ünvanının qarşısında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş, onu polis şöbəsinə dəvət etmişlər. Nizami rayon polis idarəsində üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı həmin narkotik vasitəni çıxarıb təqdim etmiş və onu hansı qaydada əldə etdiyini bildirmişdir. Əməlindən səmimi peşmandır, üçüncü qrup əlildir. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərində şəxsi axtarış zamanı narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür; -Məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2022-ci il tarixli 7/144 nömrəli rəyindən görünür ki, təqdim edilmiş paketdəki bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,375 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra marixuananın 0,355 qram qalığı qalmışdır; -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 mart 2022-ci il tarixli 1217 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin İİİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir; -Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün material 23-cü polis bölməsinə göndərilmiş, Şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,355 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınaraq saxlanılması üçün Nizami RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə baxış keçirilərkən həmin maddə aşkar olunmuşdur, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və üçüncü qrup əlil olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Şəxs üçüncü qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirəsinə əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan narkotik vasitə məhv edilməli, inzibati xəta törədən fiziki şəxs olduğundan iş üzrə məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin 3 iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hər saat üçün 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin MSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra 0,355 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş 78 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1219/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1219/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver