Məhkəmə qərarları › İş №3(007)-122/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-122/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-122/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X2, Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 342.2.2, 333.1-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində “Mercedes Benz E200” minik markalı, A131KP799 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən dönmə işığından istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı A.Ə.Quliyev tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09:30 radələrində Nizami rayonu ərazisində xidmətdə olarkən “Mercedes Benz E200” markalı, A131KP799 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü dönmə işıqlarından istifadə etmədiyi üçün saxlanılmış, sürücü ilə ünsiyyət zamanı onun sərxoş olmasından şübhələnmiş və alkotester vasitəsi ilə aparılan müayinə nəticəsində onun 0,558 promil sərxoşluğu aşkar olunmuşdur. Sürücü də səmimi olaraq axşam saatlarında spirtli içki olan şərab qəbul etdiyini bildirmişdir. Şəxs X9 Şöbəsinə dəvət olunmamışdan öncə, həkim müayinəsinə getməsinə zərurət olub-olmadığını, zərurət olmadığı halda protokolda izahatını qeyd etməsi təklif olunmuş, həmin şəxs həkim müayinəsindən imtina edərək öz izahatını yazmışdır. Sürücüyə hüquq və vəzifələri izah edilmiş, onun barəsində İXM-nin 329.3, 342.2.2 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun bir nüsxəsi sürücüyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin X9 Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 yol patrul xidməti inspektoru, polis baş serjantı X1 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 10 noyabr 2023-cü il tarixində Azərbaycana gəlmişdir. Rusiya Federasiyası ərazisində qeydiyyatda olan, ona etibarnamə ilə sürücülük hüququ verilən avtomobili 22 noyabr 2023-cü il tarixində idarə etmək üçün Azərbaycana gətirmiş və burada yol hərəkəti qaydalarına riayət edərək gətirdiyi avtomobili idarə etmişdir. 2023-cü ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu ərazisində Koroğlu metrosu yaxınlığında yol hərəkətini tənzimləyən dövlət qeydiyyat nişanı ** YP *** olan avtomobili idarə edən, özünü təqdim etməyən polis əməkdaşı, onun idarə etdiyi avtomobili dayandırıb sənədlərini yoxlamış, sənədləri qaydasında olduğundan yolunu davam etdirməsinə icazə verilmişdir. 26 dekabr 2023-cü il tarixində saat 01:15 radələrində yenidən Koroğlu metrosu istiqamətində hərəkət etdiyi zaman onu dövlət qeydiyyat nişanı ** YP *** olan avtomobili idarə edən, özünü təqdim etməyən polis əməkdaşı saxlamış, ona sürət həddini aşdığını bildirərək Nizami RPİ-nin DYPŞ-nə getməsini tələb etmişdir. O, iddia olunan kamera və ya foto ilə qeydə alınmış qayda pozuntusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən elektron şəkildə tərtib edilərək, elektron ünvanına göndərilməsini bildirmişdir. Lakin polis əməkdaşı inadkarlıq edərək, onun polis idarəsinə getməsini tələb etmiş, o da, polisin tələbinə tabe olaraq getmiş, DYPŞ-də onu Samir adlı polis əməkdaşı ilə görüşdürmüşlər. O, pozduğu yol hərəkəti qaydalarının görüntüsünü tələb etdikdə, heç bir görüntünü göstərə bilmədiyini və yalnız məhkəmənin tələbi ilə qeydə alınan video və ya foto görüntülərin çıxarılıb məhkəməyə təqdim oluna biləcəyini bildirmiş, lakin yaranmış halın həlli yollarını təklif edərək onu azad buraxacağını qeyd etmişdir. Bu səbəbdən yeganə çıxış yolu təklifi qəbul etmək və tez bir zamanda bölməni tərk etmək olmuşdur. 28 dekabr 2023-cü il tarixində saat 09:30 radələrində artıq üçüncü dəfə Koroğlu metrosu istiqamətində tıxacda hərəkət etdiyi zaman, onu ** YP *** nömrəli polis avtomobilini idarə edən X9 əməkdaşı saxlamış, yenidən ona avtomobili düzgün idarə etmədiyini iddia edərək, polis avtomobilinə əyləşməyini tələb etmiş, video görüntülərin ona təqdim ediləcəyini və protokol tərtib ediləcəyi barədə məlumat vermiş, o, da polisin əmrinə tabe olaraq polis avtomobilinə əyləşmişdir. Bu zaman ikinci polis əməkdaşı onun avtomobili yol hərəkəti qaydalarını pozaraq idarə etdiyini bildirmişdir. O da, hüquqları çərçivəsində qeydə alınmış foto və ya video görüntülü qayda pozuntusunun elektron formada göndərilməsini tələb etdikdə, polis əməkdaşı qəzəblənmiş, onun avtomobili alkoqoldan istifadə edərək idarə etdiyini bildirmişdir. Alkotester cihazını çıxardaraq nəfəs verməsini tələb etdikdə, o, alkotesterin nəfəs verilən hissəsinin fərdi qaydada dəyişdirilməli və xüsusi qablaşdırılmış gigiyenik şəkildə olmasını, iki şahid və videoçəkiliş aparılmalı olduğunu bildirmişdir. Polis əməkdaşı cihaza üfürməyini tələb etmiş, bu zaman alkoqol testinin cavabı görsənən elektron tablonun üzərini əli ilə gizlədib və elektron tablonu onun görməyinə maneə yaratmışdır. İki fərqli cihaza nəfəs vermiş, elektron tablo 0,04 promil nəticə göstərmişdir. Bu nəticəyə görə onu alkoqollu halda avtomobil idarə etməkdə ittiham etmişlər, əslində isə promil 0.3-dən yuxarı olduqda nəqliyyat vasitəsini idarə etmək qadağan edilmişdir. O, alkotester cihazından çıxmış nəticə ilə bağlı sarsıntı yaşamış ki, iki gün öncə qəbul etdiyi bir stəkan şərabın nəticəsi necə belə ola bilər. Lakin polis əməkdaşı bu halı protokollaşdırmaqdan imtina edərək, onu DYPŞ-nə aparmışdır. Nizami RPİ-nin DYPŞ-də rəis müavini onu otağında qarşılamış, hadisə ilə bağlı izahat yazmasını tələb etmiş, o, dərhal rəis müavininin tələbinə tabe olaraq izahat yazmağa başlamışdır. Lakin izahatı diktə edən rəis müavini onun real vaxtda mövcud vəziyyəti ilə ziddiyyət təşkil edən halı, yəni içkili avtomobil idarə etməsini qeyd etməyi və tibbi müayinədən keçməkdən imtina etdiyini yazmağını tələb etmişdir. O, isə izahatında bildirmişdir ki, o, sonuncu dəfə iki gün öncə içki qəbul etmişdir. Lakin həkim müayinəsindən keçməmək tələbinə etirazını bildirmişdir. Bu anda rəis müavini qəzəblənərək onun dediklərini yazmağı tələb etmiş, bu halın həllinin bayram qabağı 1000 manat məbləğində şirinlik verməsi olduğunu bildirmişdir. O, rəis müavininə bildirmişdir ki, bu məbləği ödəmək iqtidarında deyil, atası təqaüdçü, anası isə açıq ürək əməliyyatı keçirmişdir. Rəis müavini bu halları nəzərə alaraq ona bu işi 800 manata bağlamağı təklif etmiş, əks təqdirdə onu rəis müavininə müqavimət göstərməkdə, rütbə nişanlarını cırmaqda, tabesizlik etməkdə və təhqiramiz sözlərdən istifadə etməkdə ittiham edəcəklərini bildirmişlər. O, baş verməmiş hadisələrdə günahlandırılmağından və böhtan atılmaqdan qorxaraq, baş verənləri telefonunda çəkməyə başlamışdır. Bu zaman onu saxlayan polis əməkdaşı ona bildirmişdir ki, 500 manat ver, çıx get. O, etiraz etmiş və Daxili İşlər Nazirliyinin qaynar xətti olan 102-ə bildirəcəyəni demişdir. Nizami RPİ-nin DYPŞ-nin rəisi onun çəkiliş apardığını görmüş, dərhal onun əlindən telefonu alaraq, polis əməkdaşına çəkilişə görə irad bildirmişdir. Bu zaman digər polis əməkdaşları onu təhqiramiz sözlərlə fiziki təzyiq göstərərək tutmuşlar, rəis onun boğazından tutaraq çəkiliş etdiyi üçün məhv edəcəyini bildirmişdir. Onu yuxarıda rəisin otağına aparmışlar və üstündə olan bütün əşyaları çıxardıb stolun üstünə yığmışlar. Cibində burun dərmanı (Otrivin) olan kapsulanı görüb onu narkotik qəbul etməkdə ittiham etmişlər. Onun bədənində iynə izləri axtarmağa başlamışlar, lakin tapa bilmədikləri üçün, çəkilən videonu silmədiyi təqdirdə, bədəninə zorla narkotik vasitə vuracaqlarını bildirmişlər. Telefonu açmış və onun əlindən alaraq telefonda qeydə alınmış video çəkilişi silmişlər. Rəisin tapşırığı ilə PPX əməkdaşları dəvət olunmuş və ona inzibati binada çəkiliş apardığına görə işgəncə vermələri, ona fiziki təzyiq göstərilməsi və həyatının bərbad edilməsi deyilmişdir. Rəis maşında mövcud olan plyonka ilə bağlı iradını bildirib, sökülməsini tələb etmişdir. Polis əməkdaşları avtomobildə onu təhqir etmişlər və video çəkiliş apardığına görə rəisin tapşırığı ilə ona işgəncə verəcəkləri ilə hədələmişlər. Bölmədə atası dəvət olunmuş, 300 manat verdikdən sonra onu buraxmışlar. O, dərhal Narkoloji Mərkəzə gedərək sərxoşluqla bağlı tibbi müayinədən keçmiş və nəticələrin 0,000 olduğu barədə rəsmi sənədi əldə etmişdir. Nizami RPİ-nin X9 Şöbəsinə yaxınlaşıb avtomobili götürmək istəyəndə, avtomobilin polis bölməsində olmadığını aşkar etmişdir. Barəsində əsassız olaraq tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin izahatında Şəxs həkim müayinəsinə ehtiyac olmadığını bildirmişdir. - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:21-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,558 %0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 1/7777 saylı, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:00-da müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,00%0 olmuşdur. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:21-də alkotesterlə müayinə olunduqdan sonra həmin gün saat 18:00-da Narkoloji Mərkəzə müraciət etmiş və müayinə zamanı sərxoş olmaması müəyyən olunmuşdur. Müayinələr arasında olan müddət sərxoşluq vəziyyətinin aradan qalxması üçün yetərli hesab oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü maddəsinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid olmadığından məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar