Məhkəmə qərarları › İş №3(007)-1220/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1220/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1220/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X5, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin nümayəndəsi X4 iştirakları ilə, X5 Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaxın qohumu X3 uzun müddətli onkoloji yataq xəstəsidir. O, ünvan 1 ünvanda onunla birgə yaşayır. Ona özü baxır, bütün ehtiyaclarını qarşılayır. Həkimin təyinatına əsasən köməyə ehtiyacı olduğu üçün daim onun yanındadır, V.Oseinsev onun dəstəyi olmadan hərəkət edə bilmir. Karantin dövründə onu rahat və sərbəst şəkildə həkim yanına aparıb gətirə bilməsi üçün 3 nömrəli şəhər poliklinikasının baş həkimi S.Q.Xankişiyeva tərəfindən ona arayış verilmişdir. xx xxxx 2020-ci il tarixdə yenə də V.Oseinsevi həkim müayinəsindən gətirərkən karantin postu onları yoxlamışdır. O, icazə kağızını polis əməkdaşına təqdim etmişdir ki, hərəkət sərbəstliyi var. Buna baxmayaraq həmin polis əməkdaşı arayışına məhəl qoymamış və barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. O, buna etiraz etsə də, buna məhəl qoymamışdır. xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqında qərarı əldə etmiş və məhkəməyə müraciət etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş bu inzibati xəta haqqında qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Belə ki, DİN əməkdaşları qərəzli şəkildə onun qaydaları pozmaq və inzibati xəta törətməyi qənaətinə gələrək barəsində inzibati protokol tərtib etmişlər. Belə ki, onun hərəkətə sərbəstliyinin olmasına baxmayaraq, 211.1-ci maddədə nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması barədə inzibati xəta törətmədiyi halda barəsində inzibatı xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN Nizami RPİ 23-cü PB-nin MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X8 şikayətin dəlillərini müdafiə edərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, şikayət vermiş şəxs X8 onun tərəfindən xx xxxx 2020-ci il tarixdə saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən, müəyyən etmişdir ki, həmin şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq yaşadığı yeri icazəsiz tərk etmişdir. Protokol əsasında həmin şəxs inzibati qaydada tənbeh edilmiş, cərimə olunmuşdur. Şikayətlə bağlı iş materialları ilə tanış olarkən müəyyən etmişdir ki, X8 məhkəməyə icazəsi olmasını təsdiq edən arayış təqdim etmişdir. Yoxlama zamanı da həmin şəxs belə bir arayış təqdim etmişdir. Lakin həmin arayışın mətnində X2 xidmət etməsi yazılmamışdır, bundan başqa arayışda bir ədəd möhür olmuşdur. İndi isə fərqli olaraq məhkəməyə təqdim edilən arayışın yuxarı hissəsində qeyd aparılmış və möhür vurulmuşdur. Bu da onu göstərir ki, qeyd sonradan aparılmış, möhür də sonradan vurulmuşdur. Şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (xüsusi karantin rejimində epidemiya qaydalarının pozulması) törədildiyinə görə o, 200 manat məbləğində inzibati cərimə edilmişdir; Bakı şəhəri 3 nömrəli şəhər poliklinikasının xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, X6 həmin poliklinikada qeydiyyatdadır, tənha yaşayır. Arayışın yuxarı sağ küncündə “AZE 16120259 X8” qeydiyyatı aparılmış, 3 nömrəli şəhər poliklinikasının möhürü vurulmuşdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və xx xxxx 2020-ci il tarixdə bununla bağlı qüvvədə olan qərar olmasına baxmayaraq, həmin Qanunun tələbləri X8 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən olunur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xx xxxx 2020-ci il saat 00:00-dan x xxxx 2020-ci il saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmiş, müvafiq iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmış; müəyyən edilmiş şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilməsinə icazə verilmiş; digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və zəruri sahələr üzrə orqanların əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi müəyyən edilmiş; belə şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərilməsi şərti ilə icazə verilmişdir. Qərarın 2-ci bəndinə əsasən bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əlavə ilə Səhiyyə və sosial sahə üzrə 1.6-cı bənddə sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti fəaliyyətinə icazə verilən sahələrin sırasına daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli və xx xxxx 2020-ci il tarixli 256 nömrəli qərarlarına əsasən Nazirlər Kabinetinin xx xxxx 2020ci il tarixli 208 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti xx xxxx 2020-ci il, daha sonra xx xxxxxx 2020-ci il tarixinədək uzadılmışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Nazirlər Kabinetinin müvafiq qərarlarında müəyyən edildiyi kimi, xüsusi qayğıya ehtiyacı olanlar üçün baxıcılıq xidmətinə icazə verilmişdir və bunun üçün sosial xidmətçi kimi qeydiyyata düşmək nəzərdə tutulmamışdır. Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixdə qəbul etdiyi 120 nömrəli qərarı bu şəxslərə sərbəst hərəkət azadlığı vermişdir və belə xidmətçilər himayələrində olan evlərə gedib, xüsusi qayğıya ehtiyacı olan şəxslərə xidmət edə bilərlər. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin “icaze.e-gov.az” portalına daxil olmaları və qeydiyyatdan keçmələri zəruri hal kimi müəyyən edilmişdir. Hansı ki, hazırda şikayət vermiş X8 xüsusi qayğıya ehtiyacı olan üçün baxıcılıq xidməti göstərən şəxs kimi “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməmişdir. Onun təqdim etdiyi xx xxxx 2020-ci il tarixli arayış hüquqi əsası olmayan sənəddir. İlk növbədə arayışda X1 olaraq adı qeyd edilmişdir, bunun məqsədi isə göstərilməmişdir. Hətta, arayış şikayətdə qeyd edilən məzmunda verilmiş olsa belə, nəzərə alınmalıdır ki, xüsusi qayğıya ehtiyacı olan şəxs üçün baxıcılıq xidməti göstərən şəxsə xüsusi karantin müddətində sərbəst hərəkət azadlığı verən sənədi verməkdə 3 nömrəli şəhər poliklinikası hər hansı səlahiyyətə malik olmamışdır, X8 belə xidmət göstərən şəxs kimi sadəcə “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməli idi. Belə olan halda, X5 yaşayış yerini və olduğu yeri tərk etmək üçün müəyyən edilmiş qaydada icazəsi olmadığına görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci ilə nəzərdə tutulmuş inzibati xəta artıq törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətaya görə təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X5 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X5 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar