Məhkəmə qərarları › İş №3(007)-1220/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1220/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1220/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 1, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 19 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, Zərərçəkmiş şəxs özünü yalandan həkim kimi təqdim edərək onun xalasının müalicəsi üçün İsrail dövlətindən dərman gətirdəcəyi adı ilə aldadıb, 08 may 2022-ci il tarixdə saat 11:42 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən "xxxx" ASC-nin filialının inzibati binasının qarşısında 200 manat məbləğində pulunu alıb mənimsəməklə, zərərçəkmiş şəxsə məxsus 200 manat məbləğində özgə əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla bir evdə yaşayan xalası qızı Aytənin vasitəsi ilə tanımışdır, Aytənə özünü İsrail Dövlətində işləyən cərrah həkim kimi təqdim etmişdir. Aytənin anası Rəna Ələkbərovanın xəstə olduğu üçün, onu Bakı şəhərində işlədiyi “Bruzel” adlı klinikada cərrahi əməliyyat edəcəyini Aytənə deməklə onun etibarını qazanmışdır. Ona görə də Aytənin digər qohumları ilə birlikdə yaşadığı evə rahat gedibgəlmiş, onlar onu İsrail dövlətində işləyən həkim qəbul etmiş və ona inanmışlar. 08 may 2022-ci il tarixdə Aytənlə Kamranın evdə öz aralarında digər xalaları Yeganənin şəkər xəstəliyindən əziyyət çəkməsi barədə söhbət etdiklərini eşidib, onlara Yeganə üçün İsrail dövlətindən 200 manat qarşılığında keyfiyyətli dərman gətirdə biləcəyini demiş, onlar da ona inanmışlar. Həmin gün Kamran onunla birlikdə Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən "xxxx"ın filialının qarşısına getmiş, Kamran orada qurulmuş bankomatdan öz kartı ilə 200 manat pulu çıxarmış və xalası Yeganəyə İsrail dövlətindən dərman gətirtməsi üçün ona vermişdir. O, həmin pulu öz şəxsi tələbatları üçün xərcləmişdir. X5 bir neçə dəfə ondan dərman barədə maraqlansalar da, cavabında müxtəlif yalanlar danışaraq onları aldatmışdır. Çünki o, nə həkim deyil, nə də heç vaxt İsrail dövlətində olmamışdır, oradan Azərbaycana dərman göndərə biləcək heç bir tanışı da yoxdur. Aytənə yaxınlaşmaqda isə məqsədi onunla şəxsi münasibətlər qurmaq olmuşdur. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Gədəbəy rayonunda yaşayan və şəkər xəstəliyindən əziyyət çəkən xalası Yeganə üçün dərman almalı olmuşdur. 07 may 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində başqa xalası qızı Aytənlə birlikdə “Neftçilər” metrostansiyasının yaxınlığında olarkən Aytənin tanıdığı və özünü həkim kimi təqdim edərək adının Şəxs olduğunu bildirən şəxs onlara yaxınlaşmış, onun Aytənlə xalası Yegənənin xəstəliyi ilə bağlı söhbətini eşidib demişdir ki, onların xalası üçün İsrail dövlətindən yaxşı dərman gətizdirə bilər. Onlar Ramillə razılaşmışlar, səhəri gün, yəni 08 may 2022-ci il tarixdə Ramil onun kirayədə yaşadığı mənzilə gəlmiş, həmin vaxt onunla bir evdə yaşayan xalası qızları Aytənlə Rəna da evdə olmuşlar. Ramil ona demişdir ki, cərrahdır, xəstə olan Rənanı özü əməliyyat edəcəkdir. Sonra Ramil ona dərmanı sifariş verdiyini, dərmanın göndərilməsi üçün cəmi 200 manat pulun keçirilməli olduğunu demişdir. Buna görə o, Ramillə birlikdə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındakı "xxxx"a getmişlər, orada kartından 200 manat pulu çıxarıb Ramilə vermiş, Ramil demişdir ki, narahat olmasın, 3 gündən sonra, may ayının 11-də dərmanları ona verəcəkdir. Ancaq may ayının 11-də Ramil onunla əlaqə saxlamamışdır. Özü Ramilin istifadəsində olan mobil telefona zəng vurmuş, cavab vermədiyinə görə ona mesaj yazmış, yenə də Ramil ona cavab verməmişdir. 12 may 2022-ci il tarixdə axşam saat 19 radələrində Aytən zəng vuraraq Ramilin ona zəng vurduğunu, dərmanların “Naxçıvan” karqoya gətirildiyini, özlərinin gedib dərmanları oradan götürmələrini deməsini bildirmişdir. 13 may 2022-ci il tarixdə saat 10 radələrində o, həmin “Naxçıvan” karqoya getmiş, orada ona heç bir Ramil adlı şəxsi tanımadıqlarını, onun adına dərman və ya başqa heç bir şey göndərilmədiyini demişlər. Ramilin mobil telefonuna zəng vurmuş, ancaq o, telefonu açmamışdır. Sonra dəfələrlə ona zəng vurmuş, ancaq telefon söndürüldüyündən onunla əlaqə yarada bilməmişdir. Başa düşmüşdür ki, Ramil onun etibarından sui-istifadə edib aldatmaqla 200 manat pulunu alaraq mənimsəmişdir. Ona görə də onun barəsində şikayət vermişdir. Şəxs onu aldatması nəticəsində ona 200 manat məbləğində maddi ziyan dəymiş, lakin maddi ziyanın əvəzi ona ödənilməmişdir. Şəxs barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 18 may 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 18 may 2022-ci il tarixdə saat 15:00-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 18 may 2022-ci il saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar