Məhkəmə qərarları › İş №3(007)-1221/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1221/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1221/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, 24 avqust 1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli şəhəri, 20 Yanvar küçəsi ev 2, mənzil 11-də qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, A.Həsənəliyev küçəsi ev 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 19 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 19 may 2022-ci il tarixdə Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, “Tik-Tok” sosial şəbəkəsində Veysəl Qasımov adlı şəxslə mübahisələri yaranmış, canlı efirdə bir-biriləri ilə söyüşmüşlər. Həmin məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinə çağırılmışdır, hazırda oradan gətirilmişdir. 24-cü polis şöbəsinin əməliyyat müvəkkilinin onu “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Kapital Bank”ın qarşısında saxlaması barədə raportda yazılanlar yalandır. Əməlini guya etiraf etməsi ilə bağlı işdə olan izahatı polislərin sözü ilə yazmışdır, hazırda göstərdikləri düzgündür və nəzərə alınmalıdır. Polis əməkdaşlarının hər hansı tələbini yerinə yetirməkdən imtina etmədiyinə, həmçinin polis əməkdaşının raportunda yazıldığı kimi “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Kapital Bank”ın qarşısında saxlanılmadığına görə hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Nizami RPİ-nin 24-cü PŞ-nin əməliyyat müvəkkili Hacı Əliyevin 19 may 2022-ci il tarixli raportundan görünür ki, 16 may 2022-ci il tarixdə saat 15:00 radələrində inzibati ərazidə Neftçilər metrostansiyası yaxınlığında yerləşən Kapital Bankın qarşısında bir nəfər şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin vətəndaşın şəxsiyyətini təsdiq edən hər hansı bir sənədini təqdim etməsini tələb etdikdə həmin şəxs ona kobud cavab verərək hər hansı bir sənəd təqdim etməkdən imtina etmiş və onun qanuni tələblərinə qəsdlə tabe olmamışdır. Bu səbəbdən həmin şəxsi şəxsiyyətini müəyyən etmək məqsədi ilə 24-cü PŞ-nə dəvət etmişdir. Həmin şəxsin xx.xx.1993-cü il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. İşdə olan X1 24-cü polis şöbəsinin rəisinə ünvanladığı 19 may 2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, “Tik-Tok” sosial şəbəkəsində Daşqın adlı şəxslə aralarında yaranmış mübahisə, bir-birlərini təhqir etmələri ilə bağlı münasibətlərini aydınlaşdırmaq üçün Daşqının “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Kapital Bank”ın qabağına görüş təyin etməsinə və özünün oraya gedib gözləməsinə baxmayaraq Daşqının həmin yerə gəlmədiyini göstərmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin 19 may 2022-ci il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmamışdır. Belə ki, Şəxs 19 may 2022-ci il tarixdə (raporta 16 may 2022-ci il tarixi göstərilmişdir) “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Kapital Bank”ın qarşısında polis əməkdaşının şəxsiyyətini təsdiq edən hər hansı bir sənədini təqdim etməkdən imtina edərək bununla da polis əməkdaşının qanuni tələbinə qəsdlə tabe olmaması işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Xüsusən nəzərə alınmalıdır ki, Şəxs mübahisəsi olduğu X5 ilə görüş yeri kimi seçdiyi “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Kapital Bank”ın qarşısına gəlməməsi X1 izahatı ilə də öz təsdiqini tapır. Bununla da, məhkəmə hesab edir ki, Şəxs əməli polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz, ona görə İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar