Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1229/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın şəhəri, Nizami küçəsi, ev 20-də qeydiyyatda olan, ünvan 1-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 07 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus, özgə əmlakı olan “Khazar SD minik” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən zədələyərək Zərərçəkmiş şəxs az miqdarda - 800 manat məbləğində maddi zərər vurmuşdur. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 2023-cü ilin yanvar ayında “Turbo.az” saytında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Elçin avtomobilləri icarəyə verdiyinə görə onunla razılaşaraq 21 yanvar 2023-cü il tarixdə müqavilə bağlamış, ilkin 650 manat ödəniş edib, 24 ay ərzində isə aylıq 25 manat ödəyəcəyi şərti ilə “Khazar SD minik” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Elçin lizinq şirkətinin adından ona 23 yanvar 2023-cü il tarixdə etibarnamə də vermişdir. 07 fevral 2023-cü il tarixdə gecə saatlarında avtomobili Keşlə qəsəbəsi, Məktəbli küçəsində yaşadığı 4 nömrəli evin qarşısında saxlayıb evə getmişdir. Səhər evdən çıxıb avtomobilə yaxınlaşdıqda ön və arxa şüşələrin, salondakı monitorun qırıldığını görmüşdür. Elçinə bu barədə məlumat verməmiş, düşünmüşdür ki, işləyə-işləyə qırılan hissələri düzəltdirər. Lakin pul əldə edə bilmədiyinə görə təmiri edə bilməmiş və avtomobili həmin vəziyyətdə Elçinə qaytarmışdır. Ziyanın kim tərəfindən yetirildiyini bilmir, lakin özü Elçinə demişdir ki, ziyanın məbləği 230 manat edir, həmin məbləği hissə-hissə ona ödəyəcəkdir. Ziyanın 800 manat olması ilə razı deyil, şişirdilmiş məbləğdir. Əlavə sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxsin şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilərək onun barəsində inzibati icraat başlanması haqqında qərarı mübahisələndirməmiş, şikayət verməmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təxminən 6 il olar ki, "xxxx" MMC-nin icraçı direktoru kimi çalışır, həmin şirkətdə müxtəlif markalı avtomobilləri müxtəlif şəxslərə gündəlik olaraq taksidə sürmək üçün etibarnamə ilə verir. Şirkətdə olan “Xəzər SD minik” markalı **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini 21 yanvar 2023-cü il tarixdə Şəxs ilə bağladığı müqavilə əsasında ilkin depozit kimi 650 manat alıb, 24 aylıq gündəlik 25 manat ödəyəcəyi şərti ilə ona icarəyə vermişdir. Alıbəy 03 fevral 2023-cü il tarixədək avtomobili idarə edib gündəlik pulunu vermiş, lakin sonra ödəniş etməmiş, telefona cavab verməmişdir. Bundan sonra Alıbəyin adını bilmədiyi yeznəsi ilə telefonla əlaqə saxlamış, yeznəsi ilə danışandan sona Alıbəyin özü onunla əlaqə saxlamış, avtomobilin qabaq şüşəsinin sındırıldığını demişdir. Alıbəyə avtomobili gətirib təhvil verməsini dedikdə, o, sürə bilmədiyini demişdir. Bundan sonra avtomobildə quraşdırılan GPS sistemi vasitəsi ilə avtomobilin yerini müəyyən edib Alıbəyin evinin yaxınlığına getmiş, Keşlə qəsəbəsində təzə tuneli çıxdıqdan sonra üzü poliklinika istiqamətində yolun sağ tərəfində avtomobili aşkar etmişdir. Avtomobilə yaxınlaşan zaman qabaq ön şüşəsinin, arxa patpresinin, içərisindəki monitorunun sındırıldığını, qabaq sağ yan qapısında ayaqqabı izinin olmasını aşkar etmişdir. Bundan sonra avtomobili təmir etdirmək üçün götürüb aparmış, dəymiş zərərin hesablanmasına dair akt almışdır. Həmin akta əsasən ümumilikdə ona 810 manat ziyan dəymişdir. Əslində Alıbəy avtomobilin təkərlərini də dəyişmiş, bununla ona dəymiş ziyan 1000 manatdan çox olmuşdur. Lakin o, həmin məbləğdə pul tələb etmir, ona dəymiş ziyanı cəmi 800 manat həcmində qiymətləndirir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə baxılan iş üzrə təqsirlilik məsələsi həll olunarkən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməli olduğundan, vurulmuş ziyanın məbləği dəqiq müəyyən edilməlidir, bu məbləğin hesablanması isə xüsusi bilik tələb etdiyindən, işin tam, hərtərəfli və obyektiv araşdırılaraq, düzgün hüquqi nəticəyə gəlinməsinin təmin edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilib, rəyin alınması zəruridir. Bu baxımdan məhkəmənin qərarı ilə həmin ekspertiza təyin olunaraq, keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/2342 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avangard” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Khazar SD” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 727,0 manat müəyyən edilir. Ekspertiza rəyinin verilməsindən sonra keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, eləcə də Zərərçəkmiş şəxs iş üzrə maddi ziyanın 727,0 manat məbləğində müəyyən edilməsi ilə razı olduqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz onun tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan əsaslarla iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə Şəxs 07 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus, özgə əmlakı olan “Khazar SD minik” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən zədələyərək Zərərçəkmiş şəxs az miqdarda - 727 manat məbləğində maddi zərər vurması müəyyən edilmişdir, ona görə həmin hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs az miqdar hesab olunan 727 manat dəyərində maddi ziyan vurmuşdur və o, vurduğu həmin maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Belə olan halda, İXMnin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi ziyan ödənilmədiyindən, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 727 (yeddi yüz iyirmi yeddi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1229/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1229/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver