Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1235/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini 17 iyul 2023-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-JJ-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat minik” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 17 iyul 2023-cü il tarixdə saat 15:48-də Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru tərəfindən 30 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Şəxs MMC barəsində inzibati işlə bağlı Azərbaycan Respublikası İXM-nin 97.4-1-ci maddəsinə əsasən Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan sorğuları hüquqi şəxslərin öz hüquqi ünvanları üzrə fəaliyyət göstərməməsi səbəbindən onun nümayəndəsinin ***-***-**- ** nömrəli mobil telefonu ilə əlaqə saxlanılmışdır. Şəxs MMC Nizami rayonu, Q.Qarayev prospekti ev 51/57, mənzil 107-də qeydiyyatda olduğunu, lakin orada fəaliyyət göstərmədiyini bildirmiş, 5 gün müddətində Nizami RPİ-nə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir sorğunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin hüquqi və ya faktiki ünvanına göndərilməsini təsdiq edən sübut mövcud deyildir, həmin sorğu müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, MMC-yə daxil olması öz təsdiqini tapmır. Ona görə də sözügedən sorğu barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin ünvanına göndərilmədiyindən və çatdırılmadığından, müvafiq səlahiyyətli şəxs tərəfindən alınmadığından, hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Nizami RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən həmin MMC-nin nümayəndəsinə telefon vasitəsilə məlumat verməsinə və bu zaman İXM-nin 97.4-1-ci maddəsinə istinada gəldikdə, həmin maddənin tələbinə əsasən İXM-nin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur. Göründüyü kimi, Şəxs MMC-yə münasibətdə İXM-nin 57-ci maddəsinin tələbləri ilə yanaşı həmin Məcəllənin 97.4-1-ci maddəsinin tələbləri baxımından da qanunvericiliyə əməl edilməmişdir, sorğunun rəsmi qaydada verilmiş hesab olunması üçün inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilməmiş, dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edilməmiş, müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda 30 oktyabr 2023-cü il tarixli arayışda MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılmasına baxmayaraq 5 gün müddətində məlumat verilmədiyi göstərilsə də, bu əlaqənin hansı tarixdə, saatda saxlanıldığı, danışığın davam etmə müddəti, ötürüldüyü hesab olunan məlumatı qəbul edən şəxsin şəxsiyyəti, səlahiyyəti barədə məlumatlar əksini tapmamış, hazırkı iş üzrə inzibati xəta haqqında protokol isə arayışın tərtib edildiyi eyni tarixdə tərtib olunmuşdur. Ona görə də sözügedən arayış, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1235/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1235/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver