Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1239/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, sərxoşluq aktını tərtib etmiş həkim X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami rayon DYPŞ yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:23-də “Chevrolet Cruze” minik markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nizami rayon DYPŞ yol patrul xidməti inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, protokolu müdafiə etdiyini bildirmişdir. O əlavə olaraq qeyd etmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:23-də “Chevrolet Cruze” minik markalı **-TA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Nizami rayonu, M.Abbasov küçəsi ilə hərəkətdə olarkən işıqforun qadağanedici siqnalında hərəkətini davam etdirdiyindən saxlanılmışdır. Sürücü pəncərəni açanda sürücüdən spirtli içki gəldiyini hiss etmiş, sürücü pivə içdiyni etiraf etmiş və həmin vaxt ona 30 manat pul təklif etmişdir. O, sürücünün avtomobildən çıxmasını tələb etmiş, sürücü həkim müayinəsinə dəvət olunmuş və yoxlama zamanı sürücünün içkili olduğu müəyyən edilmişdir. Sonra sürücü barəsində protokol tərtib edilmiş, sonradan sürücü avtomobildə qardaşı ilə danışanda da içkili olduğunu bildirmiş və qardaşı da məsələni yoluna qoymağı xahiş etmişdir. Hətta həmin vaxt sürücünün əmisi oğlu da zəng etmiş və hüquqşünas olduğunu bildirmişdir, bundan başqa sürücünün dostları gəlmiş və məsələni yoluna qoyulmasını istəmişlər və bununla da bağlı səs yazısı da var. Sürücü müayinə aktına imza çəkməkdən imtina etmiş, həmin aktdakı imza inspektor tərəfindən imzalanmış, yəni imza onun özünə məxsusdur. Hadisə vaxtının videogörüntüləri var və görüntülərdən də aydın olur ki, sürücü içkili olmuşdur. Onlar məhkəməyə təqdim olunacaqdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Bakı şəhər Nizami rayon DYPŞ yol patrul xidməti inspektoru X3 protokolu müdafiə etdiyini bildirmiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, həmin vaxt sürücü Şəxs içkili idi. İş üzrə videogörüntülərin məhkəməyə təqdim olunması və müayinə aparan həkimin iştirakı ilə bağlı məhkəmə iclasının təxirə salınaraq görülmüş müvafiq tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin özü- X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məlumat verməmişlər. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onun avtomobilini polis əməkdaşları saxlamış və işıqforun qadağanedici siqnalının tələblərini pozduğunu bildirmiş, lakin o, heç bir qanun tələbini pozmamışdır. Həmin vaxt o, görüntüləri tələb etsə də polis əməkdaşları tərəfindən görüntülər ona təqdim edilməmişdir. Polislər onu məcburi şəkildə müainəyə aparmışlar və müayinə ilə bağlı protokol tərtib edilməmişdir. Bundan başqa o, inzibati xəta haqqında protokolu tələb etdikdə ona protokol verilmiş, həmin vaxt o, protokolu oxumamış, evə gəldikdən sonra protokolu oxuduqda protokolun tamamilə başqa şəxsin barəsində tərtib edildiyini görmüşdür. O, həmin vaxt içkili olmamış, qırmızı işıqda keçməmiş və onların tərtib etdiyi protokolla razı olmamışdır. O, hətta təkrar müayinə olunmaq istəmiş, lakin həkim bunun mümkün olmadığını demişdir. Müayinə akı onun tərəfindən imzalanmamış, müayinə zamanı hal şahidləri olmamışdır. Bundan başqa onda Bexteref xəstəliyi var, ona alqkol qəbul etmək olmaz. Məhkəmə iclasında sərxoşluq aktını tərtib etmiş həkim X4 bildirmişdir ki, müraciət çox olduğu üçün Nurlan onun yadında qalmamışdır. Bundan başqa onlara saat 23:20-də müraciət olunmuşdur, sərxoşluğun müayinəsi üçün vətəndaş istəsə hal şahidi polisin və vətəndaşın təşəbüsü ilə iştirak edir. Orada mümkün deyil ki, alkol çıxmadığı halda o, ora alkol çıxdığını qeyd etsin, fakt 0,6 promil alkoqol çıxmışdır. Müayinə xüsusi cihaz vasitəsi ilə keçirilir, əgər vətəndaş narazılıq edərsə təkrar yoxlama aparılır. Onlarda olan cihaz qanda olan alkoqolun miqdarını göstərir. Həmin cihaz altı aydan bir sertifikatlaşdırılır. Vətəndaş aktla tanış edilir. İmza edilməyəndə heç bir qeyd etmirlər. Əgər istəsəydi, vətəndaş orada etiraz edib, başqa yerdə müayinə ola bilərdi. Onun vətəndaşla heç bir ədavəti yoxdur, həmçinin göstəricinin səhv göstərməsinin də etimalı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə eymək üçün tibbi müayinəyə göndərmə barədə” xx.xx.2022-ci il tarixli, 2935 nömrəli protokoldan görünür ki, sürücü Şəxs ilə dialoq zamanı kəskin spirt qoxusunun gəlməsi səbəbindən tibbi müayinəyə göndərilmişdir. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, nəqliyyat vasitələri sərxoş idarə edilməsinə görə dayandırılmışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2022-ci il tarixli 2/15167 nömrəli aktdan görünür ki, Şəxs həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2014-cü il tarixli qərarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2022-ci il tarixli 2/15167 nömrəli aktda müayinə olunan şəxsin 0,6 promilli səviyəsində sərxoş olması müəyyən olunsa da, həmin müayinə zamanı hal şahidlərinin iştirakı təmin olunmamış, akt müayinə olunan şəxs tərəfindən imzalanmamış, müayinə aktını alan şəxsin imzası qarafasında imza inspektor tərəfindən icra edilmiş, şəxsin müayinənin nəticəsi ilə tanışlığı, aktı qəbul etməkdən imtina etməsi barədə qeydlər aparılmamışdır. Eyni zamanda “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə eymək üçün tibbi müayinəyə göndərmə barədə” xx.xx.2022-ci il tarixli, 2935 nömrəli protokol şəxs tərəfindən imza edilməmiş, aktı imzalamaqdan və sürətini qəbul etməkdən imtina etməsi barədə qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi məhz yerində xüsusi texniki vasitə ilə və ya nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxsin tibbi müayinəyə göndərilməsi yolu ilə müəyyən olunmalıdır. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirak etməli olması imperativ qaydada, məcburi hal kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı icraat zamanı yuxarıda qeyd edilən qaydada pozuntuya yol verilmiş, sərxoşluq vəziyyətinin müayinəsi zamanı ən azı iki nəfər hal şahidiinin iştirakının təmin edilməsi məcburi olsa da, müayinə zamanı hal şahidləri iştirak etməmiş, akt yalnız müayinə keçirən tibb işçisi və inspektor tərəfindən imzalanmışdır. Məhkəmə iclasında müayinə olunan şəxsin aktı imzalamaqdan imtina etməsi bildirilsə də bu barədə qeydlər aparılmamışdır. Belə olan halda bu müayinə aparılmamış hesab olunmalı, tibbi müayinə barədə iş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2022-ci il tarixli 2/15167 saylı akt və “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müayinə eymək üçün tibbi müayinəyə göndərmə barədə” xx.xx.2022-ci il tarixli, 2935 nömrəli protokol mötəbət sübut kimi qəbul edilməməlidir. Eyni zamanda inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nizami rayon DYPŞ yol patrul xidməti inspektoru X2 hadisə vaxtının videogörüntülərini məhkəməyə təqdim edəcəyini bildirsə də, həmin görüntülər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi mötəbər sübutlar əsasında sübuta yetirilməmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməl (hərəkət və ya hərəkətsizliyi) törətməsi sübuta yetirilmədiyindən, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1993-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-1239/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1239/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver