Məhkəmə qərarları › İş №3(007)-124/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-124/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-124/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X3, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X1 iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət edərək, bacısının yaşadığı binanın damının onların əvəzinə öz hesabına tollandığı üçün çəkdiyi xərclərin ona ödənilməsini tələb etmişdir. Bu məsələ ilə bağlı tez-tez Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti haqqında “facebook” sosial şəbəkəsində paylaşımlar etmişdir. 23 oktyabr 2023-cü ildə yaşadığı ərazinin sahə müvəkkili Xosrov Nuriyev (***-***-**-** telefon nömrəsi ilə) ona zəng vuraraq 24-cü Polis Bölməsinin rəisinin onunla görüşmək istədiyini bildirmişdir. Cavab olaraq “İşdə olduğunu, işdən sonra gələcəyini” bildirmişdir. Həmin gün axşam saat 21.00 radələrində o, evdə olarkən ona zəng gəlmiş, zəng vuran özünü 24-cü Polis Şöbəsinin rəis müavini kimi (sonradan adının Cavad olduğunu bildiyi) təqdim etmişdir. Ona aşağı düşməsini və onunla həyətdə söhbət etmək istədiklərini bildirmişdir. O, aşağı düşərkən aşağıda avtomaşının onu gözlədiyini, avtomaşında sükan arxasında sahə müvəkkili Xosrov Nuriyevin olduğunu, onun yanında rəis müavini Cavadın olduğunu, arxada da başqa bir nəfərin oturduğunu görmüşdür. Onlara yaxınlaşanda bildirmişlər ki, avtomobilə oturub onlarla bölməyə getməlidir, orada rəis onunla söhbət etmək istəyir. O, getməkdən imtina etməmiş, yalnız öz avtomobili ilə gedəcəyini bildirmiş, avtomobilinə oturmuş, onların avtomaşınında arxada oturan polis əməkdaşı da onun avtomaşınına oturmuş və onlar Şöbəyə gəlmişlər. Şöbədə onu rəisin otağına aparmışlar, rəis ona bildirmişdir ki, o, rayon rəhbərliyi haqqında paylaşımlar etmişdir. Hətta bildirmişdir ki, onun paylaşımlarında İcra Başçısının ünvanına təhqiredici məlumatlar vardır. O, həmin məlumatı onun səhifəsində o, yox, Fərəməz Novruzoğlu adlı şəxsin paylaşdığını bildirmişdir. Rəis ondan xahiş etmişdir ki, İcra başçısı haqqında paylaşımları silsin. O, razılaşmış və telefonu vasitəsi ilə facebook profilində İcra başçısı haqqında olan bütün statusları silmişdir. Bundan sonra, polis əməkdaşları onun haqqında inzibati xəta törətməyi barədə protokol tərtib etmişlər. Həmin protokolda onun xırda xuliqanlıq etdiyi yazılmışdır. O, protokola etiraz edərək onu imzalamaqdan imtina etmişdir. Onu şöbədə olan saxlanma yerinə salmış, səhər məhkəməyə çıxaracaqlarını bildirmişlər. Onu apardıqları vaxt onlarda olan və aparıldığını görən jurnalist tanışı Şəmşad Ağayev onun buraxılmadığını görmüş, “Facebookda” artıq ölkədə icra başçıları da sifarişlə adamqazi tutdurur məzmununda status paylaşmışdır. O, saxlama yerində olanda görmüşdür ki, polis əməkdaşları qaçaraq ora gəlmişlər, onu çıxarıb növbətçi hissəyə gətirmişlər. Ona qarşı kiminsə kobudluq edib etmədiyini soruşmuşlar, sonra xahiş etmişlər ki, Şəmşad Ağayevdən paylaşdığı statusu silməsini xahiş etsin. Lakin o, bundan imtina edərək statusu silməyəcəyini bildirmişdir. Sonra polis əməkdaşları onun əşyalarını, telefonunu ona qaytarıb buraxmışlar. O, təxminən 2,5-3 saat ərzində orada saxlanılmışdır. 26 oktyabr 2023-cü ildə onun telefonuna “sms” gəlmiş və “sms”-də bildirilmişdir ki, o, 24 oktyabr 2023cü il tarixli, MN1794077 nömrəli protokol əsasında İXM-nin 510-cu maddəsi ilə 50 manat cərimə edilmişdir. Bu protokol və qərarı almaq istəsə də ona təqdim etməmişlər. Hazırda şikayəti aldığı “sms” əsasında vermişdir. Bundan əlavə inzibati xəta haqqında protokol 23 oktyabr 2023-cü ildə tərtib edilsə də, onun haqqında protokolun 24 oktyabr 2023-cü ildə tərtib edilməsi qeyd edilmişdir. Protokol ümumiyyətlə natamam və yalan doldurulmuş, protokolda hadisənin yeri, vaxtı və baş vermə mexanizmi, ümumiyyətlə hadisənin özü saxtalaşdırılmışdır. Əsl həqiqətdə onun 23 oktyabr 2023-cü ildə polisə aparılmağı barədə Şəmşad Ağayev adlı şahidi vardır. Bundan əlavə həmin gecə polis əməkdaşları tərəfindən aparıldığı barədə “facebookda” onlarla paylaşım edilmişdir, lakin onun barəsində 24 oktyabr 2023-cü ildə inzibati xəta haqqında tərtib edilmiş protokol saxtadır. Göründüyü kimi onu saxta sübut olan inzibati xəta haqqında protokol əsasında təqsirli bilinib cərimə etmişlər. Bundan əlavə hesab edir ki, polisdə keçirilən araşdırma və mühakimə zamanı onun prosessual hüquqları pozulmuşdur. Onun müdafiəçinin yardımından istifadə etmə, sübutlar təqdim etmə, özünü müdafiə etmə, işinə baxılma zamanı iştirak etmə və sairə hüquqları pozulub. Hesab edir ki, onunla baş vermiş hadisələr həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5,6 və 10-cu maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. Konvensiyanın 5-ci maddəsinə əsasən onun azadlıq hüququ pozulmuşdur. Belə ki, onu söhbət etmək adı ilə polis idarəsinə dəvət etmişlər, orada 3 saata yaxın qanunsuz və əsassız saxlamışlar. Konvensiyanın 6-cı maddəsinə əsasən onun işinin ədalətli araşdırma hüququ var idi. Lakin onun cərimə edilməyi ilə nəticələnən araşdırma onun hüquqlarının pozulması ilə həyata keçirilmiş, bununla da işinin ədalətli araşdırılması hüququ pozulmuşdur. Konvensiyanın 10-cu maddəsinə əsasən onun ifadə azadlığı var idi. Onun icra hakimiyyəti orqanlarından şikayət etmə, sosial şəbəkələrdə fikirlərini paylaşma hüquqları pozulmuşdur. Belə ki, İcra hakimiyyəti başçısını tənqid etdiyi üçün saxlanmış və sosial şəbəkədə etdiyi paylaşımları pozmağa məcbur edilmişdir. Qeyd olunanları nəzərə alıb Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə məsuliyyətə cəlb olunmağına dair 23 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş X6 ilə ünvan 1 ünvanında yerləşən “Grandmart” marketin qarşısında görüşmüşlər, sosial şəbəkələrdə Nizami rayon İcra Hakimiyyətinin Başçısı və ümumilikdə İcra Hakimiyyətinin ünvanına xoşagəlməz statusların paylaşması ilə bağlı ona sual vermişlər, həmin şəxs onlarla mübahisə edib polisin və müxtəlif dövlət qurumlarının ünvanına təhqiramiz ifadələr işlədərək onları təhqir etmişdir. Onu nizam-intizama dəvət etməyə cəhd göstərsələr də, yenə də hərəkətlərini davam etdirmişdir. Bundan sonra onu 24-cü Polis Şöbəsinə dəvət edərək, barəsində protokol tərtib edilmiş və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar