Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-124/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 07 avqust 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xızı rayonunun Tıxlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, ev 9Ö/T kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 29 noyabr 2024-cü il tarixdə saat 09 radələrində idarə etdiyi “Ravon R3 minik” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, “8-ci km bazarı” yaxınlığında geriyə doğru hərəkət etdirərkən, yol hərəkəti qaydalarını pozub, nəqliyyat vasitəsinin geriyə hərəkətinin təhlükəsiz olmasını təmin etməmiş, qeyd edilən ünvanda avtobus dayanacağında dayanmış piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 29 noyabr 2024-cü il tarixdə saat 09 radələlərinə o, etibarnamə əsasında idarə etdiyi “Ravon R3” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu Q.Qarayev prospektində “8-ci km bazarı” yaxınlığında dayanacaqda təxminən 2 km/saat sürətlə arxaya vermişdir. Dayanacaqdan bir az qabaqda zibil qutuları var, arxaya doğru getdiyi vaxt bir kişi yaxınlaşmış, demişdir ki, “arxaya bax da, görmürsən?” O da güzgülərdən maneə görmədiyini demişdir. Onun avtomobili həmin xanıma dəyməmişdir. Ona demişlər ki, qadını qorxutmuş, o da özünü yerə yıxmışdır. Onun maşını həmin vaxt çirkli olmuşdur, əgər qadına onun maşını dəysəydi, maşınına qadının izi düşmüş olardı. Lakin maşınının tozu olduğu kimi qalmışdır. O, neçə ildir sürücü işləyir, ilk dəfədir belə hadisə baş verir. İnzibati xəta törətmiş Şəxs iş materiallarında olan inzibati xətanın qeydə alınmış videogörüntüsünü izlədikdən sonra, əməlindən peşman olduğunu göstərmiş və ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasının təşkili ilə bağlı mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini, Şəxs ilə aralarında barışıq olmadığını və şikayətçi olduğunu göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, 29 noyabr 2024-cü il tarixdə saat 09 radələrində o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqda avtobus gözlədiyi anda ağ rəngli sedan tipli avtomobil arxa-arxaya hərəkət edərək onu vuraraq yerə yıxmış və daha sonra hadisə yerindən yayınmışdır. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Avtomobilin dövlət qeydiyyat nişanı **-MF-*** olmuşdur. Sürücünün şəxsiyyətini müəyyən etməklə onu vurub hadisə yerindən yayındığı üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 02 dekabr 2024-cü il tarixli 1094 nömrəli rəydən görünür ki, xx xxxx 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşahidə olunan sol dizin və baldırın ön səthinin, sağ baldırın ön-iç səthinin hematomaları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 11 dekabr 2024-cü il tarixli qərardan görünür ki, HK/1-757 nömrəli araşdırma materialı üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 327.6-cı maddələrinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. İşdə olan 01 ədəd CD diskdə olan videogörüntüyə məhkəmə iclasında Şəxs iştirakı ilə keçirilən baxış zamanı inzibati xəta haqqında protokolda qeyd olunanların öz əksini tapdığı müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş Şəxs məhkəmədə izahatında göstərilənlər iş üzrə toplanmış və məhkəmə tədqiqi ilə yoxlanılmış sübutlarla təkzib edilmişdir, o, xətanın törədilmə anında nəqliyyat vasitəsinin geriyə hərəkətinin təhlükəsiz qaydada başa çatmasını təmin etməyib, nəqliyyat vasitəsinin arxa hissəsi ilə piyadanı vuraraq ona bədən xəsarəti yetirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati xətanın törədilmə anını özündə əks etdirən videogörüntüyə onun iştirakı ilə baxış keçirildikdən sonra Şəxs əməlini etiraf edərək peşman olduğunu göstərmiş və ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməmişdir. Ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-124/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-124/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver