Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1240/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Məhrəsə Bağı, ev 10, mənzil 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 08 may 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 may 2022-ci il tarixdə saat 10:05-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “X4 Prado minik” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sürücü Şəxs təhlükəsizlik kəmərini bağlamadığı üçün tərəflərindən saxlanılmışdır. Qayda pozuntusu izah edilərkən ünsiyyət zamanı psirtli içki qoxusu gəldiyinə və içkili olması aşkar hiss olunduğuna görə həmin şəxs alkotester vasitəsilə yerində yoxlanılmış, texniki vasitənin nəticəsinə görə dərəcə 0,585% kimi göstərmişdir. Şəxs həmin nəticə ilə razılaşmış, həkim müayinəsindən keçmək üçün getməyə zərurət olmadığını bildirmiş, öz xətti ilə yazdığı izahatında da içkili olduğunu etiraf etmiş, orada da həkim müayinəsinə getmək istəmədiyini göstərmişdir. Bir neçə saat keçəndən, ayılandan sonra isə Şəxs ayıq olması barədə akt almışdır. İnzibati xəta hadisəsinin aşkar olunmasından sonrakı araşdırma müddətində tərəflərindən Şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, pul tələb edilməmiş, təsir göstərilməmiş, izahatın məzmunu, hansı qaydada yazılması ilə bağlı məcbur etmə olmamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 08 may 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Q.Qarayev prospektində “X4 Prado” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən heç bir qayda pozuntusu törətmədiyi halda YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Ona təklif etmişlər ki, alkotesteri üfürsün, etiraz etsə də, təkid etdiklərinə görə üfürmüş, nəticədə 0,4 promil çıxmışdır. O, içki içmədiyini bildirmiş, tələb etmişdir ki, onuj ekspertizaya aparsınlar. Lakin onu həkim müayinəsinə aparmamışlar, bölməyə getməli olduğunu, avtomobili polis əməkdaşının sürəcəyini demişlər. O, avtomobildə xanım olduğunu deyərək etiraz etmiş, lakin etirazına məhəl qoyulmamışdır. Polis bölməsində izahat yazdırmış, demişlər ki, heç bir problem yoxdur, izahat yazıb getsin, ona inanırlar. Bölmədə ona psixoloji təsir göstərmiş, ondan 600 manat rüşvət tələb etmişlər. Orada xeyli gözləmiş, tibbi ekspertizaya aparılmasını tələb etmişdir. Lakin tələbini yerinə yetirməmiş, ona bildirmişlər ki, alkotester elə ekspertizadır. Polis bölməsindən çıxandan sonra özü həkim müayinəsinə getmiş, ayıq olması müəyyən edilmiş və bu barədə akt verilmişdir. İçki içdiyini etiraf etdiyinə və həkim müayinəsinə getməyə ehtiyac olmadığına dair izahatı psixoloji təsir altında, polislərin sözünə inanaraq yazmışdır. İzahatı öz xətti ilə yazsa da, sözlər onun sözləri deyildir. Əgər sərxoş olsa idi, ona təmizlik kağızı verilməzdi. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İş üzrə icraata xitam verilməsini və yol polisi əməkdaşlarının cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 08 may 2022-ci il tarixdə saat 10:05-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.585% olmuşdur. İşdə olan Şəxs 08 may 2022-ci il tarixli izahatından görünür ki, o, həmin göstərici ilə razılaşaraq, spirtli içki içdiyini etiraf etmiş, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmiş və izahatı imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 08 may 2022-ci il tarixli 2/15163 nömrəli aktın surətindən görünür ki, Şəxs həmin tarixdə saat 14:15-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 08 may 2022-ci il tarixdə saat 10:05-də yerində aşkar olunmuş, Şəxs isə saat 14:15-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 08 may 2022-ci il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, spirtli içki içdiyini etiraf etmiş, həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmiş və izahatı imzası ilə təsdiq etmişdir. Şəxs ona qarşı qanunsuz hərəkətə yol verilməsi, polislərin sözü ilə təsir altında həmin izahatı yazması barədə göstərilənlər öz təsdiqini tapmamışdır. Ona görə məhkəmə Şəxs irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, həmin şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1240/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1240/2022
21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver