Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1242/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonunun Quycaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni Massiv, ev 365A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş 18 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs tərəfindən 18 may 2022-ci il tarixdə saat 14:44-də ünvan 1 ünvanında yerləşən “X7” adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs adına qeydiyyatda olan VÖEN aktiv olmasa, protokol onun adına tərtib edilməzdi. Obyektin icarəyə verilməsinə dair müqavilə isə notarial qaydada təsdiqlənməmişdir, ona görə istənilən vaxt yazıla bilərdi. İnzibati xəta haqqında protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən “X7” adlı obyektdə 2021-ci ilin oktyabr ayının əvvəllərinədək fəaliyyət göstərmişdir, həmin vaxtdan sonra obyekt sahibi tərəfindən X2 icarəyə verilmiş və o, obyekti yeni icarəçiyə təhvil vermişdir. Ərizəsi əsasında isə 08 dekabr 2021-ci il tarixdən etibarən vergi orqanı onu uçotdan çıxarmışdır, VÖEN-i həmin vaxtdan fəaliyyətdə olmamışdır. Ona görə də 18 may 2022-ci il tarixdə onun barəsində fəaliyyət göstərmədiyi obyektdə reklam yerləşdirməyə görə inzibati protokol tərtib edilməsi qanunsuz olmuşdur. İşlədiyi dövrdə reklam idarəsi ilə bağladığı müqaviləyə əsasən ona obyektin üzərində reklam yerləşdirməyə icazə verilmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İnternet vergi idarəsinin portalından çıxarışdan görünür ki, Şəxs ********** VÖEN nömrəsi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır; - 01 noyabr 2019-cu il tarixli M********** qeydiyyat nömrəli müqavilədən və ona əlavədən görünür ki, ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış Şəxs 01 noyabr 2019cu il tarixdən 01 noyabr 2020-ci il tarixədək olan müddət daxilində ünvan 1 ünvanında yerləşən obyektin üzərində, açıq məkanda reklam yerləşdirilməsinə Bakı şəhəri Reklam İdarəsi tərəfindən icazə verilmişdir. - 12 oktyabr 2021-ci il tarixli xx-xx/2021 qeydiyyat nömrəli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən obyekt (“X7”) xüsusi mülkiyyətçi “Karvan-K” İKF tərəfindən 12 oktyabr 2021-ci il tarixdən etibarən 05 il müddətinə X2 icarəyə verilmişdir; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 05 iyul 2022-ci il tarixli **********021200 nömrəli məktubundan və ona əlavə edilmiş məlumatdan görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan **********-16002 kodlu təsərrüfat subyekti (obyekti) 08 dekabr 2021-ci il tarixdən etibarən vergi orqanından qeydiyyatdan çıxarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində hazırkı iş üzrə 18 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilməsinə, 18 may 2022-ci il tarixdə saat 14:44-də ünvan 1 ünvanında yerləşən “X7” adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktının müəyyən edilməsi əsas olmuşdur. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir; 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs ********** VÖEN nömrəsi ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsində qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən “X7” adlı obyektdə fəaliyyət göstərmişdir. Müvafiq müqaviləyə əsasən Şəxs 01 noyabr 2019-cu il tarixdən 01 noyabr 2020-ci il tarixədək olan müddət daxilində həmin obyektin üzərində, açıq məkanda reklam yerləşdirilməsinə Bakı şəhəri Reklam İdarəsi tərəfindən icazə verilmişdir. 12 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən həmin obyekt xüsusi mülkiyyətçi “Karvan-K” İKF tərəfindən 12 oktyabr 2021-ci il tarixdən etibarən 05 il müddətinə X2 icarəyə verilmişdir, Şəxs 07 dekabr 2021-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan **********-16002 kodlu təsərrüfat subyekti (obyekti) 08 dekabr 2021-ci il tarixdən etibarən vergi orqanından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, 18 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirildiyi ehtimal edilən ünvan 1 ünvanında yerləşən “X7” adlı obyekt 18 may 2022-ci il tarixdə Şəxs istifadəsində olmamışdır, 07 dekabr 2021-ci il tarixli ərizəsinə əsasən Şəxs məxsus olan **********-16002 kodlu təsərrüfat subyekti (obyekti) 08 dekabr 2021-ci il tarixdən etibarən vergi orqanından qeydiyyatdan çıxarılmışdır, 12 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən isə Şəxs əvvəllər fəaliyyət göstərdiyi həmin obyekt mülkiyyətçisi “Karvan-K” İKF tərəfindən 12 oktyabr 2021-ci il tarixdən etibarən 05 il müddətinə X2 icarəyə verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu qaydada reklam fəaliyyətinin subyekti, reklam yayıcısı hesab oluna bilməz, onun tərəfindən inzibati xəta hadisəsi törədilməmiş hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən 18 may 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “X7” adlı obyektdə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1242/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1242/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver