Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1245/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, SOCAR nəqliyyat idarəsində çilingər işləyən, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ev 94B, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ DYPŞ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində idarə etdiyi “Mitsubisi Pajero” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolu sağdan sola doğru piyada keçmək istəyən Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurub, ona dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində o, özünə məxsus olan “Mitsubisi Pajero” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu R.Teymurov küçəsində hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada, sonradan tanıyaraq adını bildiyi Zərərçəkmiş şəxs qəflətən onun idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, piyadanı vurmamaq üçün dərhal əyləci basıb avtomobilini sola istiqamətləndirmiş, lakin avtomobilin qabaq sağ hissəsi ilə piyadanın bədəninin sol nahiyəsindən yüngül formada vurmuşdur. Dərhal avtomobili saxlayıb yerə düşmüş, təcili yardıma zəng etmiş, sonra isə gec olacağını düşünərək həkim briqadasını gözləməyib xəsarət almış piyadanı avtomobilinə əyləşdirərək əvvəlcə təcili yardıma, sonra isə “X1” xəstəxanasına aparmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə göstərmişdir ki, qızı Günay xx xxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində yolu sağdan sola piyada keçmək istəyərkən “Mitsubisi Pajero” markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil onu qabaq bamper hissəsi ilə sol ayaq nahiyəsindən vurmuş, nəticədə o, huşunu itirib yerə yıxılaraq xəsarət almışdır. Avtomobili idarə edən sürücü Şəxs hadisə zamanı xəsarət almış qızı Günayı avtomobilinə əyləşdirib xəstəxanaya aparmış, xəstəxanada ona tibbi yardım göstərilmişdir. Şəxs qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ DYPŞ-si nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli 468 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan dərialtı hematoması, sağ bazu oynağının arxa səthi, sağ dirsək oynağının bayır səthi, sol budun bayır səthi, sol baldırın bayır səthinin qançırları, sol almacıq, çənə əsası, sol saidin bayır səthi, sol əlin arxa səthinin İİİ və V əl darağı sümükləri proyeksiyası, sağ əlin arxa səthinin İ barmağının (baş barmaq) proksimal falanqa sümüyü proyeksiyası, l-V bel fəqərələri proyeksiyası, sol budun bayır səthi, sol diz oynağının ön səthi, sol bayır topuqaltı nahiyənin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri və nahamar səthdə sürtünməsi nəticəsində yarana bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/952 nömrəli rəyindən görünür ki, Mitsubisi Pajero markalı ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cihissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, HK1-248 saylı araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1245/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1245/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver