Məhkəmə qərarları › İş №3(007)-1246/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1246/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1246/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Qəbələ rayonu, Bum kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİnin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” metrosu yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı avtomobili ilə dayanma-durma qaydasını pozmuş, yol patrul xidmətinin əməkdaşına tabesizlik göstərmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis baş leytenantı S.S.İsmayılov tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə “Koroğlu” metrosunun yanında avtomobili saxlayaraq müştəri gözləyən zaman, polis əməkdaşı ona yaxınlaşaraq avtomobili çəkməsini tələb etmiş, lakin o, müştəri gözlədiyi üçün 5 dəqiqəyə çəkəcəyini bildirmişdir. Bundan sonra onu 17-ci Polis Bölməsinə, oradan da 24-cü Polis Bölməsinə aparmışlar. Orada bildirmişlər ki, tədbir olduğu üçün yol patrul xidmətinin əməkdaşının dayanma-durma qaydasını pozduğuna görə idarə etdiyi avtomobili çəkməsi tələbini yerinə yetirməmişdir. Orada kameralar mövcuddur, həmin kamera görüntülərinə baxılsa məlum olar ki, o, polis əməkdaşına tabesizlik göstərməmiş, hətta onun nəqliyyat vasitəsini də içkili olmadığı halda polis əməkdaşları idarə etmişlər. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X4 izahat verərək bildirmişdir ki, 14 fevral 2024-cü il tarixdə, saat 13:30 radələrində “Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı şəhəri, Heydər Əliyev prospektində “Koroğlu” metrosunun yanında dayanma-durma qaydalarını pozduğu üçün, ona yaxınlaşaraq nəqliyyat vasitəsini qadağan olunan yerdən götürməsi barədə xəbərdarlıq edilmişdir. Sürücü 2-3 dəqiqə avtomobili saxlamaq hüququnun olmasını, müştəri gözlədiyini, avtomobili götürməyəcəyini bildirmiş, mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də polis əməkdaşları dəvət olunaraq sürücü polis bölməsinə aparılmış və raport yazılmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:15-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs polis əməkdaşının qanuni tələblərinə tabesizlik göstərməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və Azərbaycan Respublikasının İXM-nin 31.2ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Nümayəndə dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Nümayəndə 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar