Məhkəmə qərarları › İş №3(007)-1248/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1248/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1248/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsimdə inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Şəki rayonunun Qozlubulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonunun Qozlubulaq kəndində qeydiyyatda olan, "xxxx" MMCdə sex rəisi vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorluğunun 08 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs, "xxxx" MMC-nin sex rəisi Şəxs 07 noyabr 2023-cü il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən "xxxx" MMC-nin balansında olan poladəritmə sexində əridilmiş mayenin yükqaldırıcı kranla yerdəyişməsi işinin aparılması zamanı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görməli olduğu halda, sonuncu tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyyatsızlıqdan həmin MMC-nin metal əritmə sexində ocaqçı vəzifəsində işləmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar, Şəxs və Zərərçəkmiş şəxs izahatları, məhkəmə-tibbi və əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri ilə təsdiq edilir. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, təxminən 3-4 aydır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən "xxxx" MMC-nin balansında olan polad əritmə sexində rəis vəzifəsinə təyin edilmişdir. Sex rəisi olaraq vəzifəsi dəmirəritmə sexində işlərin aparılmasına ümumi nəzarət etməkdən ibarətdir. 07 noyabr 2023-cü il tarixdə səhər saatlarında işə gəlmişdir, işçilər fərdi mühafizə vasitələrini geyindikdən, onlara onun tərəfindən gündəlik təlimatlar elan edildikdən sonra işçilər vəzifələrinin icrası məqsədilə zavodun içərisində fəaliyyət göstərən əritmə sexinə getmişdir. Etibar ocaqçı olaraq həmin vaxt iş planına əsasən 1-ci peçin ətrafına getmişdir. Axşam saat 18:00 radələrində o, ərazidə ofisdən çıxaraq sexə gedərkən yolda Etibarla qarşılaşmış, Etibar ona iş zamanı yıxılmasını demişdir. İzahatı alınmış Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Azglobal” adlı şirkətin balansında olan poladəritmə zavodunda rəsmi əmək müqaviləsi əsasında oçaqçı vəzifəsinə 3 il əvvəl təyin edilmiş və növbəli iş rejimində işləmişdir. 07 noyabr 2023-cü il tarixdə səhər satlarında işə gəlmiş və ona məxsus fərdi mühafizə vasitələrini geyinmişdir. Axşam saat 18 radələrində artıq atılmış dəmirlər əridiyindən peç maye şəklində dəmirlə dolmuşdur. Peçin içərisində olan maye pota adlandırdıqları qablara tökülmüşdür. Kran vasitəsi ilə qaldırılmış pota deşilərək isti demir maye ətrafa axmağa başlamışdır. O, tələsik qaçan zaman yerdə dəmir metala ayağı ilişdiyi üçün yerə yıxılmış, qaynar metal maye isə şalvarını alışdırmış, şalvarı və dizləri yanaraq xəsarət almışdır. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağının ön səthinin 1-ci və 2-ci dərəcəli termiki yanığı, sol baldırın ön səthinin kəsilmiş yarası-termiki yanıq yüksək hərarətə malik maddənin təsirindən, kəsilmiş yarası isə nisbətən iti kənara malik küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması istisna olunmur. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydalarının 9.5.19 bəndinin və "xxxx" MMCnin “Sex Rəisi”nin vəzifə təlimatının əmək funksiyası başlığının tələbləri pozulmuşdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən "xxxx" MMC-nin balansında olan poladəritmə sexində əridilmiş mayenin yükqaldırıcı kranla yerdəyişməsi işinin aparılması zamanı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə görə, vəzifə təlimatının əmək funksiyası başlığının və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 bəndinin tələbləri sexin ərazisində təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməli olan sex rəisi Şəxs tərəfindən pozulmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Nizami rayon prokurorluğuna daxil olmuş məlumat olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Göstərilənlərə əsasən, vəzifəli şəxs, "xxxx" MMC-nin sex rəisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi, prokuror köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, btün işçilərə, o cümədən Zərərçəkmiş şəxs təhlükəsizlik qaydaları, təlimatlar izah edilmişdir. Hadisə Etibarın öz ehtiyatsızılığından baş vermişdir, o, peçə və kranın işlədiyi yerə yaxın getməli deyildi. Buna baxmayaraq, sex rəisi kimi əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC-də işdə olan vaxt partlayış olmuş, qızğın metal üstünə düşmüş, şalvarı yanmışdır. Müalicəsi ilə bağlı belə olmuşdur ki, çox pis vəziyyətdə olmuşdur, demişdir ki, rayona getmək istəyir, ona 100 manat pul gətirmişlər ki, rayona getsin, sonra isə bir manat belə pul verməmişlər. İşlədiyi müddətdə ayda 700 manat, 1000 manat pul aldığı vaxtlar olmuş, işin həcmindən asılı olmuşdur. Əvvəl ona demişlər ki, heç yerə getməsin, yanandan 20 gün sonra isə işdən çıxarmışlar, 3 aylıq kompensasiya verməmişlər, maddi köməklik etməmişlər. Şəxs ona 50 manat pul vermiş, demişdir ki, 80 manat edir, 30 manat nəyəsə çıxır. Şikayətçi olub-olmamaq məsələsində bunu deyə bilər ki, o, mərdiməzar adam deyil, kənd adamıdır, yoldaşı qalıb xəstəxanın qarşısında onu gözləyir, 700 manata yaxın həkimə xərci çıxmışdır. 700 manat pul versinlər, ondan artıq heç nə istəmir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunda ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin metaləritmə sexində iş prosesi zamanı Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə Zərdab rayon polis şöbəsində toplanmış material əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Hadisə zamanı müvafiq şəxslərin izahatları alınmış, müvafiq prosessual hərəkətlər həyata keçirilmiş, sübutlar toplanmışdır. Bundan başqa, hadisə yerinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin balansında olan poladəritmə sexidir, Zərərçəkmiş şəxs bildirmişdir ki, 07 noyabr 2023-cü il tarixdə zavodun balansında olan əritmə sexində 3-cü əritmə sobasına atılmış dəmirlər əridikdən sonra süzülmüş maye şəklində dəmir potaya dolduqdan sonra həmin pota kranla qaldırılmış və qəliblərə tökülməsi üçün hərəkət etdirilmiş, bu zaman ərimiş dəmir, maye şəklində potadan yerə tökülmüş, o, qaçarkən yerdə olan və qəliblərdən yeni çıxmış isti dəmirin üstünə yıxılaraq əllərindən və dizindən xəsarət almışdır. Zərərçəkmiş şəxs göstərdiyi yerdə müxtəlif dəmir parçaları aşkar edilmişdir. Pota adlandırılan qablar yan-yana düzülmüşdür. Zərərçəkmiş şəxs sobalara dəmir atılan yeri, sobalardan potalara əridilmiş dəmirin süzüldüyü, potanın kranla daşınarkən potadan əridilmiş isti dəmirin töküldüyü və onun qaçarkən yıxıldığı yeri göstərmişdir. Əmək müqaviləsi bildirişlərinə əsasən Zərərçəkmiş şəxs 03 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-və ocaqçı vəzifəsinə, Şəxs isə 25 sentyabr 2023-cü il tarixdə sex rəisi vəzifəsinə təyin edilmişlər. Sex rəisinin vəzifə təlimatına əsasən sex rəisi işçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir. Məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2024-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs sağ diz oynağının ön səthinin 1-ci və 2-ci dərəcəli termiki yanığı, sol baldırın ön səthinin kəsilmiş yarası-termiki yanıq yüksək hərarətə maıik maddənin təsirindən, kəsilmiş yarası isə nisbətən iti kənara malik küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması istisna olunmur. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 29 yanvar 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetika-3 ünvanında yerləşən “Ugur 24“ MMC-nin balansında olan poladəritmə sexində əridilmiş mayenin yükqaldıncı kranla yerdəyişməsi işinin aparılması zamanı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlərin görülməməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik, istismarı qaydalarının 9.5.19 bəndinin və "xxxx" MMC-nin “'Sex Rəisi”nin vəzifə təlimatının əmək funksiyası başlığının tələbləri pozulmuşdur. "xxxx" MMC-nin balansında olan poladəritmə sexində əridilmiş mayenin yükqaldıncı kranla yerdəyişməsi işinin aparılması zamanı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə görə, vəzifə təlimatının əmək funksiyası başlığının və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydalarının 9.5.19 bəndinin tələbləri sexin ərazisində təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməli olan sex rəisi Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulduqda cinayət tərkibi yaranır. 07 noyabr 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur. Cinayət qanunvericiliyinə əsasən Azərbayca Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurulduqda yaranır. Qeyd olunanlara əsasən toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 29 yanvar 2024-cü il tarixli rəyinə əsasən "xxxx" MMC-nin balansında olan poladəritmə sexində əridilmiş mayenin yükqaldıncı kranla yerdəyişməsi işinin aparılması zamanı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə görə vəzifə təlimatının əmək funksiyası başlığının və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19 bəndinin rəbbləri sexin ərazisində təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməli olan sex rəisi Şəxs tərəfindən pozulması göstərilmişdir. Bundan başqa toplanmış materiala və X3 araşdırmaya verdiyi izahatına əsasən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X5 07 noyabr 2023-cü il tarixdə işçisi, "xxxx" MMC-də ocaqçı vəzifəsində işləyən Zərərçəkmiş şəxs iş prosesi zamanı xəsarət alması barədə həmin gün məlumatlı olsa da, baş vermiş hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməmişdir. İnzibati qanuvericiliyə görə Azərbaycan Respublikası İXM-nin 555-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi həmin maddə ilə inzibati məsuliyyət yaradır. Göstərilənlərə əsasən, Bakı şəhəri Nizami rayon prokurorluğunun 30 yanvar 2024-cü il tarixli qərarı ilə toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin direktoru X3 əməlində Azərbaycan Respublikası İXM-nin 555-ci maddəsi, "xxxx" MMC-nin sex rəisi vəzifəsində işləyən Şəxs əməlində isə Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün tqplanmış materialdan müvafiq sənədlər ayrılaraq Bakı şəhəri Nizami rayon prokuroruna təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar