Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1253/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə idarə etdiyi yük maşını ilə Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 130A ünvanında inşa edilən binaya kərpic gətirmişdir, fəhlələrin kərpici boşaltması ərəfəsində şəkər xəstəsi kimi dərman ehtiyacını ödəmək və bir az qida qəbul etmək üçün maşınından aralanmışdır. Yaxınlaşan zaman isə patrul xidmətinin əməkdaşları qeyri-əsassız olaraq onu karantin qaydalarını pozduğunu demişlər və cərimə eləmişlər. Onun yük maşınının idarə edilməsi üzrə icazəsi var. Həmin zaman evdə oturub və icazəsiz küçəyə çıxaraq karantin qaydasını pozmamışdır. Bununla yanaşı cənab X4 karantin və sərt karantin şəraitində yükdaşıma nəqliyyat vasitələrinin hərəkətinin ölkə üzrə sərbəst olduğunu aidiyyatı orqanlara göstəriş vermişdir. Yükdaşıma nəqliyyat vasitəsu ilə ölkədaxili bütün postlardan sərbəst şəkildə keçdiyini bildirmək istəyir. Bütün bu icazələrin olduğu təqdirdə, iş başında olan sürücü kimi, yük maşınından 20-30 metr məsafədə ona yazılan cərimənin əsassız olduğunu və qanunlara zidd olduğunu iddia edir. Belə ki, iş başında olan adam kimi onun aptekdən dərman almaq kimi zərurəti olmuşdur. Eləcə də, fəhlələrin bir maşını boşaltması 4-6 saat vaxt aparır. O, həmin müddət ərzində yük maşınının kabinasında oturub gözləsəydi, şəkər və təzyiqi qalxardı, koma vəziyyəti yaranardı. Belə çıxır ki, o, “Covid 19” infeksiyasından özünü qoruduğu halda, ondan daha təhlükəli vəziyyətə düşməliydi. Bundan əlavə qaydalar icazə verir ki, insanlar təhlükə anında öz olduqları yeri tərk edə bilərlər. Bakı şəhəri Nəsimi rayon polis inspektoru tərəfindən tərtib edilən inzibati xəta haqqında MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilərək qərar ləğv olunmalı, lakin iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar 22-ci Polis Şöbəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Vət. İsrafilov xx.xx.2020-ci il tarixdə saat 20:18-də Nəsimi rayonu, Ə.Quliyev 133 ünvanında icazəsiz küçəyə çıxaraq karantin rejimi qaydalarını pozmuş, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarına əlavə edilmiş fəaliyyətinə icazə verilmiş sahələri müəyyən edən siyahının 3.1-ci bəndində hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalarına icazə verilmişdir. Bundan sonra xüsusi karantin rejiminin müddəti xx xxxx 2020-ci il tarixli 236 nömrəli qərarla xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Həmin qərarla xx xxxx 2020-ci il tarixli qərara bəzi dəyişiklik və əlavələr edilsə də, həmin qərara əlavə edilmiş siyahı üzrə fəaliyyətinə icazə verilmiş avtomobil nəqliyyatı ilə yük daşınması işinə qadağa və ya məhdudiyyət qoyulmamışdır. Baxmayaraq ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, X2 məhz inzibati məsuliyyətə cəlb olunduğu anda avtomobil nəqliyyatı ilə yük daşınması işi ilə məşğul olmasını, yəni Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 130A ünvanında inşa edilən binaya kərpic gətirdiyini təsdiq edən sübutunu şikayətə əlavə etməmiş, məhkəməyə də təqdim etməmişdir. Qərarı barəsində şikayət verilmiş orqan isə nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməməklə yanaşı şikayətin əsassız olmasını təsdiq edəcək hər hansı sübutunu, o cümlədən qeyd edilən faktla bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Əgər, belə bir sübutun olduğu müəyyən edilərsə, o zaman qərarın əsaslı olub-olmaması ilə bağlı araşdırma həmin istiqamətdə aparıla bilərdi. İlkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, həmin halların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, sənədlər işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsasında olmasa da, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmadığına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilməsinə dair xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin, xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1253/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1253/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver