Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1254/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki R.Ə.Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki R.Ə.Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 01:28 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Neftçilər prospektindən üzü Bayıl istiqamətində hərəkətdə olduğu zaman “Azneft” dairəsində arxadan kobudca yol patrul xidmətinin nəqliyyat vasitəsi təhlükəli manevr ilə avtomobilini saxlaması üçün siqnaldan istifadə edərək onu saxlatmışdır. O, avtomobili saxladıqdan sonra avtomobildən düşərək yol patrul xidmətinin avtomobilinə yaxınlaşmışdır. Ona avtomobilinin duracağa təmin olunacağını bildirəndə, ondan bunun səbəbini soruşmuşdur. Patrul əməkdaşı isə avtomobildə ”LED” olduğunu qeyd etmişdir. O, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin 3 saylı hissəsinə istinad edərək, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verildiyini, avtomobildə qoruyucu və düzgün bir xəttdə lampaların olduğunu, yayılmada heç bir maneə törətmədiyini bildirmiş, o, isə avtomobildə ödənilməmiş cərimə olduğunu da qeyd etmişdir. O, cəriməni ödəyəcəyini desə də, polis əməkdaşı cərimə ödənilsə belə avtomobilin duracağa aparılacağını bildirmişdir. Bundan sonra o, heç bir maneə törətmədən avtomobili duracağa təmin etmiş, lakin avtomobil 2 gün ərzində duracaqda olduğu halda heç bir protokol tərtib edilməmişdir. Onun avtomobili əsassız səbəbdən duracaqda dayanmışdır. O, DYPİ-nə yaxınlaşmış, polis kapitanı X2 ona bildirmişdir ki, “LED” cihazlarını söküb gəlsin. Onun işi ilə əlaqədar avtomobil lazım olduğu üçün sökmüş və şikayət edəcəyini bildirmişdir. Ona haqsız yerə İXM-nin 342.2.2-ci maddəsi ilə protokol yazılmışdır. Barəsində çıxarılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qeyd olunan inzibati xəta üzrə verdiyi şikayət xx.xx.2023-cü il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən qismən təmin olunmuş və material yenidən baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilmişdir. Həmin vaxtdan 2 ay keçdikdən sonra özü DYPİ-nə yaxınlaşaraq araşdırmanın nəticəsi ilə maraqlanmışdır. Ona demişlər ki, qərar qüvvədə qalacaqdır. Onun avtomobilinə baxış keçirmədən, ekspertiza təyin etmədən yenə də qərarı qüvvədə saxlamışlar. O, Vətən müharibəsi iştirakçısıdır, medalla təltif olunmuşdur. Məhkəmədən Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki R.Ə.Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki R.Ə.Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:28 radələrində X1 idarə etdiyi “Opel Astra” minik markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və avadanlığın dəyişdirilməsi aşkar olunduğundan, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2, 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki R.Ə.Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki R.Ə.Piriyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1254/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1254/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver