Məhkəmə qərarları › İş №3(007)-1258/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1258/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1258/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin inspektoru polis leytenantı X2, zərərçəkmiş şəxs X3 və onun vəkili “Union” Vəkil Bürosunun vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1954-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Fərid Rəhimov tərəfindən qəbul edilmiş 26 aprel 2022-ci il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin inspektoru polis leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və materiallardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “MERCEDES BENZ” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkətdə olarkən, “SƏRHƏDÇİ” X6 yaxınlığında yolu sağ tərəfdən sol tərəfə keçən piyada X5 avtomobilin qabaq orta hissəsi ilə vuraraq xəsarət yetirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin inspektoru polis leytenantı X8 izahatında göstərmişdir ki, Bakı şəhər Nizami RPİ-nin İŞ-də aparılmış araşdırma nəticəsində, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04 radələrində idarə etdiyi “MERCEDES BENZ” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə hərəkətdə olarkən, “SƏRHƏDÇİ” X6 yaxınlığında yolu sağ tərəfdən sol tərəfə keçən piyada X5 avtomobilin qabaq orta hissəsi ilə vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Faktla bağlı cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təqribən 05 radələrində yaşadığı ünvandan çıxaraq süpürgəçi işlədiyi Bakı şəhəri Nizami rayonu ərazisinə gedərkən M.Rüstəmov küçəsində yolu keçmək istəyərkən uzaqdan gələn avtomobil onu vurmuşdur. Sonradan həmin avtomobilin “MERCEDES BENZ” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, sürücüsünün isə Şəxs olduğunu bilmişdir. Hadisə nəticəsində baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırları kimi xəsarətlər almışdır. Müalicə olunmasına ehtiyac var, sürücü Şəxs şikayətçidir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində oğlu Turala məxsus “MERCEDES BENZ” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə əmisi qızı Vüsalənin yaşadığı ünvana getmək məqsədilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə saatda 40 km sürətlə hərəkətdə olarkən, təxminən saat 05 radələrində “SƏRHƏDÇİ” X6 yaxınlığında üzü “Bakı Medical Plaza” klinikası istiqamətində gedərkən, sübh tezdən olduğu üçün hava həm qaranlıq həm də dumanlı olduğu üçün yolu sağdan sola keçən piyada X5 qəfil görüb tormoz əyləcini basmış, lakin avtomobilin təxminən 1 metr məsafədə sürüşməsi nəticəsində piyadanı vurmuşdur. Dərhal qadını avtomobilə mindirərək 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə, inzibati işin baxılmasında iştirak edən tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu araşdırma materialları ilə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə icraat materialları və tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/846 saylı rəyindən görünür ki, “MERCEDES BENZ” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2022-ci il tarixli T100/2022 saylı rəyindən görünür ki, X4 baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüyünün xətti sınığı, hər iki budun qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati işdə olan 07 yanvar 2022-ci il tarixli 2/910 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında protokoldan görünür ki, sürücü Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmiş, ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs bаrəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 3, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halları müəyyən etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar