Məhkəmə qərarları › İş №3(007)-126/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-126/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-126/2021 07.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki azyaşlı uşağı olan, Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə müəllim işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ Yolu küçəsi ev 23V, mənzil 14-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-dən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 09:50-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində xidmət aparan Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarının onun idarə etdiyi avtomobili müvafiq duracağa aparmaqla bağlı xidməti fəaliyyətlərinə mane olmuş, ünvanlarına nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının onu nizam-intizama dəvət edərək sakitləşdirmək və ərazi üzrə 24-cü Polis Şöbəsinə aparmaqla bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin sahə sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında qardaşı Əsgərlə birlikdə ** BT *** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtomobillə hərəkətdə olmuşlar, avtomobili o, idarə etmişdir. Saat 09:50 radələrində Bakı şəhəri, M.Əliyev küçəsindəki postda YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Karantin rejimi ilə bağlı icazələri yoxlanılmış və SMS icazələri olduğu müəyyən edilmişdir. Sonra bir YPX əməkdaşı avtomobilin arxa yayının (purjin) kəsildiyini bildirib avtomobildən düşməsini, avtomobilin duracağa aparılmalı olduğunu demişdir. O, etiraz edərək avtomobili alararkən bu vəziyyətdə olduğunu, avtomobilin duracağa aparılması üşün əsas olmadığını demişdir. Lakin polislər qulaq asmaq istəməyib ona qarşı kobudluq etmiş və nalayiq ifadələr işlətmişlər. Polislər eyni zamanda qardaşı Əsgərə qarşı da nalayiq ifadə işlətmişlər, hər ikisi ilə əlbəyaxa olmuş, onları dartışdırmış, vurmuşlar, əynindəki gödəkçəsi də cırılmışdır. Bundan sonra onları 24-cü Polis Şöbəsinə aparmışlar, orada olarkən də onları döymüşlər. Hazırda o, baş vermiş inzibati xətaya görə səmimi peşmandır, himayəsində 11 və 12 yaşlı iki azyaşlı uşağı vardır, özü də müəllimdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid, Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat 09:50 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində mobil postda xidmət aparmışlar. Bu zaman ** BT *** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtomobilin sağ hissəsinin əzik olmasını müşahidə edib onu saxlamışlar. Yoxlama zamanı avtomobilin arxa yaylarının kəsik olmasını müəyyən etdikləri üçün avtomobilin müvəqqəti duracağa aparılmalı olduğunu sürücüyə izah etmişlər. Lakin şəxsiyyətini sonradan müəyyən etdikləri sürücü Şəxs onların qanuni tələblərinə tabe olmayaraq avtomobili duracağa aparmaqdan imtina etmişdir. Bundan sonra sürücünün yanında olan qardaşı X2 hər hansı əsas olmadan onların xidməti işinə müdaxilə etmişdir. Onu da sakitliyə, nizamintizama dəvət etmişlər, lakin hər iki qardaş onların qanuni tələblərinə tabe olmamış, onlara və yaxınlaşan digər əməkdaşlara əl-qol hərəkətləri etmiş, təhqiredici sözlər işlətmişlər. Mübahisə sərtləşdiyi və kənardan vətəndaşların müdaxiləsi başladığına görə qardaşları patrul avtomobilinə mindirib ərazi üzrə 24-cü Polis Şöbəsinə aparmaq istəmişlər, lakin Şəxs və qardaşı onlara müqavimət göstərmişlər. Bundan sonra onların müqavimətinin qarşısını alaraq həmin şəxsləri ərazi üzrə 24-cü PŞ-nə apararaq barələrində qanuni tədbir görülməsi üçün raportla müraciət etmişlər. Şahid V.R.Tağıyev daha sonra göstərmişdir ki, inzibati xəta hadisəsi baş verən vaxt onlar tərəfindən heç kimə qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş, fiziki təzyiq göstərilməmiş, nalayiq ifadələr işlədilməmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru, polis baş serjantı X7, şahid V.R.Tağıyevlə eyni məzmunlu izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir, nəzərə alır ki, o, məhkəmədə etdiyi son çıxışında əməlindən səmimi peşmançılıq çəkdiyini göstərmişdir. Bundan başqa, məhkəmə şahid X1 izahatına tənqidi yanaşır, onun belə izahat verməsini qardaşı Şəxs inzibati məsuliyyətdən yayındırmağa cəhd etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağı olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçiyə dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar