Məhkəmə qərarları › İş №3(007)-1260/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1260/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1260/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 14 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 14 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X15 İdarəsinin əməkdaşı X3 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərar ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur. Həmin qərar 04 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi əsasında tərtib olunmuşdur. Belə ki, həmin yol-nəqliyyat hadisəsi zamanı başqa bir avtomobil onun idarə etdiyi **-TU-*** nömrəli avtomobili arxa bamperindən vurmuş və sonradan hadisə yerini özbaşına tərk etmişdir. Həmin şəxs hadisədən 22 gün sonra Bakı şəhər X15 İdarəsinə şikayət edərək baş vermiş yol-nəqliyyat hadisəsində onun günahkar olduğunu bildirmiş və ona dəymiş ziyanı ödəməli olduğunu bildirmişdir. Həmin şəxs şikayətində idarə etdiyi avtomobilin KİA markalı olduğunu qeyd etsə də, onun idarə etdiyi avtomobil BMW markalı avtomobil olmuşdur. Baş verən hadisə ilə əlaqədar Bakı şəhər X15 İdarəsinə verdiyi izahatında əslində ona qarşı tərəfin günahkar olduğunu, onun avtomobilinin arxadan vurulduğunu, qarşı tərəfin hadisə yerini özbaşına tərk etdiyini, 22 gün ərzində onun avtomobilinin başqa yol-nəqliyyat hadisəsində də iştirak edə biləcəyini bildirmiş və hadisənin obyektiv araşdırılması üçün X12 nəzarət kamerası ilə çəkilmiş video yazıya baxışın keçirilməsini tələb etmişdir. Ona verilən cavabda bildirilmişdir ki, DYP-nin stasionar nəzarət kameraları ilə çəkilən video yazılar 30 gündən sonra pozulur, bu səbəbdən hadisənin video yazısı artıq pozulmuşdur. Nəticədə hadisənin video yazısının mövcud olmaması, hadisənin baş verdiyi zaman hər hansı DYP əməkdaşı tərəfindən birbaşa müşahidə edilməməsi və sənədləşdirilməməsi, qarşı tərəfin hadisə yerini özbaşına tərk etməsi, həmin hadisədə onun özünün zərərçəkən olmağı kimi faktları və hadisədə qarşı tərəfin günahkar olduğunu bildirməyini nəzərə almadan, Bakı şəhəri DYPİ-nin əməkdaşı tərəfindən barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Qeyd olunan protokolun ləğv olunması ilə əlaqədar onlayn şəkildə asanpay.az saytı vasitəsilə və məktublar vasitəsilə rəsmi şəkildə Daxili İşlər Nazirliyinə müraciət etmişdir (Nazirlik üzrə məktubların daxili qeydiyyat nömrələri 001- 20868Ə-4122 və 001-20868/2Ə-3122), şikayət müddətindən iki aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab almamışdır. Məlumat üçün bildirir ki, şikayət etdiyi xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokol əsasında tərtib olunmuşdur. Halbuki həmin tarixdə barəsində hər hansı protokol tərtib olunmamışdır. Bakı şəhər DYPİ-də ona verilən məlumata görə qeyd olunan qərarın və protokolun tərtib olunmasına əsas yol-nəqliyyat hadisəsində iştirak etmiş qarşı tərəfin onun əleyhinə verdiyi məlumat olmuşdur. Belə ki, qarşı tərəfin dediyinə görə onun avtomobili parkovka sahəsindən qəflətən həmin şəxsin hərəkət etdiyi zolağa çıxmışdır. Halbuki həmin yol iki zolaqlı yoldur, o, parkovka sahəsindən həmin yolun sağ kənar zolağının boş olduğunu müşahidə etdikdən sonra, son dərəcə yavaş sürətlə həmin zolağa çıxmışdır. Digər avtomobilin sürücüsü də çox güman ki, yolun sol zolağından yüksək sürətlə hərəkət edərək sağ zolağına keçərkən onun avtomobilini arxa bamperindən sürtmüşdür. Əminliklə deyə bilər ki, həmin şəxs yolnəqliyyat hadisəsində qəti şəkildə özünün günahkar olduğunu bilmişdir. Belə olmasaydı o, sığorta nümayəndələrini araşdırma üçün dəvət etmək niyyətini bildirəndə həmin şəxs hadisə yerini tələsik tərk etməzdi. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən “Hamı qanun və məhkəmə qarşısında bərabərdir.” AR İnzibati Xətalar Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər.” Bu maddələrə əsasən əlavə sübüt və dəlilin olmadığı zaman onun X14 verdiyi məlumatlar və qarşı tərəfin verdiyi məlumatlar eyni hüquqi qüvvəyə və etibara malikdirlər. Buna görə də əgər qarşı tərəfin (hadisədə şəxsi marağı olan tərəfin) verdiyi məlumatlar əsasında ona qarşı inzibati tənbeh tətbiq edilirsə, o zaman onun verdiyi məlumatlar əsasında da qarşı tərəfə inzibati tənbeh tətbiq edilməli idi. Belə ki, qarşı tərəf hadisə yerini özbaşına tərk etdiyinə görə ona da inzibati tənbeh tətbiq edilməli idi. Əgər həmin şəxsə qarşı inzibati tənbeh tətbiq edilmirsə, ona da inzibati tənbeh tətbiq edilməli deyildi. Bununla da gələcəkdə onun haqsız yerə sığorta şirkəti qarşısında öhdəliyinin yaranması ehtimalı olmaz. Qarşı tərəf hadisədən 22 gün sonra Bakı şəhər DYPİ-nə müraciət etmişdir. DYP-nin əməkdaşlarının bildirdiyinə görə stasionar nəzarət kameraları ilə çəkilən video yazılar 30 gün sonra pozulur. Deməli hadisənin video yazısının pozulmadan qabaq əldə olunması və həmin video yazı əsasında hadisənin hərtərəfli, tam və obyektiv araşdırılması üçün DYP əməkdaşlarının sərəncamında tam səkkiz gün olmuşdur. Bu müddət ərzində video yazının sürətinin çıxarılmaması və araşdırmada istifadə olunmaması qanun pozuntusudur. Göründüyü kimi qeyd olunan qanun normalarına riayət etmədən DYP əməkdaşlarının qəbul etdiyi qərar qeyri-qanuni xarakter daşıyır. Bakı şəhər X15 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını, həmin qərarın ləğvi mümkün olmadıqda isə yol nəqliyyat hadisəsində iştirak etmiş digər tərəf - X8 haqqında hadisə yerindən özbaşına yayındığına görə müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermişdir. Qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakının təmin edilməsi ilə bağlı məhkəmə iclası təxirə salınmış, lakin həmin iclasda qərardan şikayət vermiş X4 iştirak etməmişdir, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılaraq yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi X9 şikayətin dəlilləri ilə razılaşmayıb göstərmişdir ki, qərardan şikayət vermiş X1 şikayətində göstərilənlərin əsası yoxdur, inzibati xəta hadisəsini onun törətməsi və əməldə onun təqsirinin olması işin mübahisəsiz halıdır, o, qanunla qadağan olduğu halda avtomobilini geriyə hərəkət etdirmiş, bu zaman inzibati xəta törətmişdir. İnzibati araşdırma zamanı X4 yazılı izahatında əməlini etiraf etmişdir, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin YPX inspektoru tərəfindən tərtib olunmuş 14 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 04 fevral 2022-ci il tarixdə saat 10:23-də “Mercedes Benz C200K minik” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 14 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X4 04 fevral 2022-ci il tarixdə saat 10:23-də “Mercedes Benz C200K minik” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, M.Abbasov küçəsində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə 14 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir; -X6 Bakı şəhər BPİ-nin DYPİ-nə ünvanladığı 26 fevral 2022-ci il tarixli ərizənin və 12 mart 2022-ci il tarixdə verdiyi izahatının surətlərindən görünür ki, 04 fevral 2022-ci il tarixdə saat 10:23 radələrində Mehdi Abbasov küçəsində hərəkətdə olarkən “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil park vəziyyətində arxaya verərkən onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsini sürtmüşdür. Sürücü ilk olaraq dəymiş ziyanı ödəməyi öz üzərinə götürsə də, sonradan avtomobili təmir etməkdən imtina etmişdir; -X1 Bakı şəhər BPİ-nin DYPİ-nə verdiyi 12 mart 2022-ci il tarixli izahatının surətindən görünür ki, o, inzibati xətanın baş verməsində özünü təqsirli bilməsə də, “Mercedes” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili 04 fevral 2022-ci il tarixdə saat 10:23 radələrində Mehdi Abbasov küçəsində park vəziyyətində arxaya verdiyini etiraf etmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 04 fevral 2022-ci il tarixdə saat 10:23-də “Mercedes Benz C200K minik” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Abbasov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərkən nəqliyyat vasitəsinin geriyə hərəkəti zamanı bu manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçılarına maneə yaratmaması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə digər nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunanlar işin mübahisəsiz halıdır, X1 şikayətində irəli sürülən dəlillər onun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh olunması ilə bağlı mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. X1 yol nəqliyyat hadisəsində iştirak etmiş digər tərəf - X8 haqqında hadisə yerindən özbaşına yayındığına görə müvafiq inzibati tənbeh tətbiq edilməsi barədə xahişinə münasibətdə qeyd edilməlidir ki, həmin məsələ hazırkı icraatın predmeti olmadığından hər hansı araşdırma aparılmır, eləcə də X1 inzibati xətanın törədilməsində təqsirini istisna etmir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 14 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin 14 mart 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar