Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1262/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında iş üzrə toplanmış sənədlərdən və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 24 may 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 may 2022-ci il tarixdə ictimai yerdə polisin ünvanına nalayiq ifadələr işlətməklə, polisin qanuni tələblərinə tabe olmamış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törtəmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2 izahatında göstərmişdir ki, Şəxs sərxoş halda 24 may 2022-ci il tarixdə ictimai yerdə polisin ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 24 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvanın yaxınlığında kafedə qohumu ilə birlikdə olarkən, kafe müdiri ilə mübahisələri yaranmış və kafe müdiri polis əməkdaşlarını kafeyə çağırmışdır. Polis əməkdaşları gəlmiş və ona polis maşınına oturmağı təklif etmişlər. Əvvəlcə polis maşınına oturmaqdan imtina etmiş, lakin sonradan əyləşmiş və onu Nizami RPİ-nin 23-cü polis bölməsinə apararaq barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Əməlindən səmimi peşmandır. Məhkəmə, tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdıraraq qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Şəxs inzibati iş üzrə təqsiri izahatlarla, raportla, tibbi müayinə protokolu ilə, inzibati xəta haqqında protokolla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, törətdiyi xətanın xarakterini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq, Şəxs törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Şəxs 24 may 2022ci il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulması nəzərə alınmaqla, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ona yüz əlli manat məbləğində cərimə təyin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1262/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1262/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver