Məhkəmə qərarları › İş №3(007)-1263/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1263/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1263/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, 15 fevral 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rinspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 94 F ünvanda yerləşən “Bazar” restoranında portal qeydiyyatından keçməmiş toy mərasimi keçirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4 000 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 şikayət verərək, barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, inzibati xəta törətməmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim edilməmiş, bu barədə ona hər hansı bir bildiriş və sms gəlməmişdir. Məhkəmə iclasında X5 izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 94 F ünvanda yerləşən “Bazar” restoranı onun icarəsində olmamış və həmin restoranda portal qeydiyyatından keçməmiş toy mərasimi keçirməmişdir. İznibati xəta törətməsi haqqında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Buna görə də izibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi haqqında qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında sahə rinspektoru X4 izahatında göstərmişdir ki, X5 icarəyə götürdüyü Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 94 F ünvanda yerləşən “Bazar” restoranında xx.xx.2021-ci il tarixdə portal qeydiyyatından keçməmiş toy mərasimi keçirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə daxil olmuş şikayəti iş materialları ilə əlaqəli yoxlayıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, X3 barəsində olan xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi öz hüdudları daxilində fiziki şəxslər və vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, qanunvericilikdə vəzifəli şəxs hesab edilən fiziki şəxslərin anlayışı dəqiq göstərilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rinspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola münasibətdə X3 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, X3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 94 F ünvanda yerləşən “Bazar” restoranını icarəyə götürməsini təsdiq edən məlumatlar olmadığına görə onun həmin restoranda vəzifəli şəxs olması və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə qənaətə gəlmək mümkün deyil və belə olan hada törətmədiyi və subyekt olmadığı əmələ görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əssən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X3 təqsirliliyinin sübuta yetirilməməsi ilə barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X3 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar