Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1267/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən təmizlik işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 05.10.2020-ci il tarixli qərarla Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X6 inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərarı müdafiə edərək Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon prokurorluğunun 05.10.2020-ci il tarixli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunvericilikdə prokurorluq orqanının bu kateqoriya işlər üzrə araşdırma aparmaq səlahiyyəti ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 54-cü maddəsində prokurorluq orqanının səlahiyyətinə aid olan inzibati xəta ilə bağlı maddələrin siyahısında 192-ci maddə nəzərdə tutulmamışdır. Nəticə olaraq hazırkı iş üzrə prokurorluq orqanı səlahiyyətinə aid olmayan məsələ barədə qərar qəbul edərək inzibati tənbeh tətbiq edilməsi üçün məhkəməyə göndərmişdir. Prokurorluq orqanı araşdırmanı natamam aparmış, yalnız Zərərçəkmiş şəxs telefonunda olan, mənbəyi bilinməyən “whatsapp” yazışmalarına və danışıqlarına istinad etmiş, həmin yazışmalara baxış keçirilməsi zamanı Şəxs MMC-nin iştirakı təmin edilməmişdir. Yazışmalarda adları qeyd olunan şəxslər Şəxs MMC-də işləməmişlər, MMC-nin Ruslan adlı əməkdaşı olmamışdır. Səs yazılarındakı səslərin konkret olaraq kimlərə məxsus olmasını təsdiq edən ekspert rəyi yoxdur. Səs yazılarına istinad edilməsini qanunsuz hesab edir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bundan başqa Gülər Əhmədovanın Şəxs MMC-də işləməsini təsdiq edən heç bir sübut olmadığı halda onun Zərərçəkmiş şəxs MMC-də işlədiyini bildirməsinə dair izahatı sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, prokurorluq orqanının 05.10.2020-ci il tarixli qərarının qəbul edilməsindən 6 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 izahat verərək bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs “Professional Cleaning” şirkətində işləmişdir. 2020-ci ilin avqust ayının ilk günlərində həmin şirkətin müqaviləsi başa çatdığına görə şirkətin Ruslan adlı əməkdaşının xahişinə əsasən Şəfəq 07 avqust 2020-ci il tarixdə avtobus parkında təmizlik işlərini həyata keçirən yeni şirkətə, yəni “Mint” adlı şirkətə xadimə kimi işə qəbul olunmuşdur. Şəfəq ikinci iş növbəsində, şənbə və bazar günləri istisna olmaqla hər gün saat 14:00-dan 22:30-dək avtobus parkında xadimə kimi işləmişdir. Şəfəqin evdə danışdığına görə yeni şirkətin rəhbərliyi isti yay günləri olmasına baxmayaraq, əvvəlki şirkətdən fərqli olaraq, heç vaxt ona çay və su fasiləsi verməmişdir, Şəfəq təxminən 6-7 saat ərzində açıq havada fasiləsiz olaraq işləməyə məcbur olunmuşdur. Şəfəq yeni şirkətin Ruslan adlı əməkdaşından ona lazımi iş şəraiti yaratmasını xahiş etsə də, həmin şəxs onlarda iş rejiminin belə olduğunu, istəmirsə, işdən çıxa biləcəyini, yerinə başqa şəxs götürəcəklərini demişdir. Ona görə Şəfəq məcbur olub işini davam etdirmişdir. Bu iş rejimində Şəfəq 07 avqust 2020-ci il tarixdən 21 avqust 2020-ci il tarixədək işləmişdir. Şəfəq 21 avqust 2020-ci il tarixdə işdən evə gələn zaman səhhəti çox pis vəziyyətdə olmuşdur. Şəfəq 24 avqust 2020-ci il tarixdə saat 11-12 radələrində işə getməyə hazırlaşan zaman beyinə qansızma səbəbindən komaya düşmüşdür. Təcili yardıma zəng edib həkim briqadası çağırmışlar, əvvəlcə Şəfəqi 3 saylı Şəhər Xəstəxanasına aparmışlar, orada ona düzgün diaqnoz qoymayaraq evə buraxmışlar. Şəfəqi gecə “Ege Hospital”a aparmışlar. Maddi imkanı olmadığı üçün Şəfəqi orada stasionar müalicə etdirə bilməmiş, gecə evə qaytarmışdır. 24 avqust 2020-ci il tarixdə “Mint” şirkətinin Ruslan adlı əməkdaşına zəng edərək bu barədə ona xəbər vermiş, Şəfəqə bülleten açılacağını bildirmişdir. Lakin Ruslan bildirmişdir ki, onların şirkətində belə hallar yoxdur və həyat yoldaşının yerinə digər şəxs işə qəbul olunacaqdır. Yalnız həmin vaxt o, bilmişdir ki, şirkət Şəfəqi əmək müqaviləsi bağlamadan, qanunsuz olaraq işlətmişdir. Sonradan şirkətin İlham adlı vəzifəli şəxsi ilə telefon əlaqəsi saxlamış, İlham adlı şəxs demişdir ki, həyat yoldaşın sınaq müddəti tətbiq olunmaqla işə qəbul edilmiş, lakin bu barədə heç bir sənədləşmə aparmamışlar. Şəfəqin işlədiyi müddət üçün 133 manat pul verilmişdir, həmin pulu oğlu Ramiz gedib şirkətin Ruslan adlı işçisindən almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs həyat yoldaşı X7 ilə oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 izahatında bildirmişdir ki, 03 avqust 2020-ci il tarixdə Şəxs adlı şirkətdə xadimə kimi işləməyə başlamışdır. O, şirkətdə qeyri-rəsmi işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır. Ondan 4-5 gün sonra Zərərçəkmiş şəxs şirkətdə işə başlamışdır. O, gecə növbəsində, Şəfəq isə gündüz növbəsində işləmişdir. Onun Şəxs MMC-yə məxsus formada çəkilmiş fotoşəkli də vardır. Şəfəqlə “WhatsApp” vasitəsi ilə əlaqə saxlamış, “WhatsApp” yazışmaları vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli, 3(007)-2042/2020 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli, 3(103)-421/2021 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri təyin edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xətaya dair işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. - “Sifarişçi” Bakı Nəqliyyat Agentliyi ilə “İcraçı” Şəxs MMC arasında bağlanmış 14 avqust 2020-ci il tarixli, 37/2020 nömrəli “Xidmətlər üzrə satınalma müqaviləsi”ndən görünür ki, Sifarişçi “Təmizlik xidmətləri”nin satın alınması üçün İcraçının bu müqaviləyə əlavə olunmuş X1 nəzərdə tutulmuş 627.698,64 manat məbləğində tender təklifini qəbul etmişdir. - 37/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli “Xidmətlər üzrə satınalma müqaviləsi”ndə X2 görünür ki, müqavilə tərəfləri avtobus dayanacaqlarının təmizlənməsi, “Koroğlu” NMM-nin təmizlənməsi, inzibati binanın fasadının və şüşələrinin yuyulması işlərinin görülməsi haqqında razılığa gəlmişlər. - 37/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli “Xidmətlər üzrə satınalma müqaviləsi” üzrə texniki şərtlərdən görünür ki, iş qrafiki 1-ci növbə 07:00-15:00; 2-ci növbə 15:00- 23:00; 3-cü növbə 23:00-07:00 olmaqla müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında izahat vermiş X7 hazırda Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən təmizlik işlərinin yerinə yetirilməsinə cəlb edilməsi ehtimal olunan Zərərçəkmiş şəxs həyat yoldaşı olmaqla bu işin nəticəsində faktiki olaraq maraqlı şəxsdir. X3 isə Şəxs MMC ilə hər-hansı əmək münasibətlərində olması yalnız onun öz izahatı ilə müəyyən olunur. Bundan başqa Zərərçəkmiş şəxs Şəxsndə işləməsini özünün “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaları ilə sübut olunduğunu bildirmişdir. “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmalarda adı çəkilən şəxslərin Şəxs MMC-də işləməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin “WhatsApp” yazışmalarına münasibətdə məhkəmə qeyd edir ki, adı çəkilən yazışmaların mövcudluğu tərtib olunmuş və yalnız prokuror köməkçisi tərəfindən imzalanmış 01 oktyabr 2020-ci tarixli protokolla müəyyən olunur. Qeyd olunan protokolda İXM-nin 94-cü maddəsinə istinad edilərək X5 rayon prokurorluğuna müraciəti ilə əlaqədar sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində olan yazışmalara baxış keçirildiyi və müvafiq yazışmaların və səsli mesajların göndərilməsinin aşkar edildiyi göstərilmişdir. Məhkəmə iclasında X7 protokolda göstərilən səsli mesajların bəzilərinin silindiyini bildirmişdir. 01 oktyabr 2020-ci tarixli protokol tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş və bununla da tərtib edilmiş protokolun mötəbərliyinin şübhə altına alınmasına zəmin yaradılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Məhkəmə əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında dindirilmiş X3 Şəxsndə işləməsi özünün bildirdiyi kimi həmin yazışmalardan müəyyən olunur ki, belə olan halda həmin şahidin məhkəmə iclasında vermiş olduğu izahatı sübut kimi qəbul edilə bilməz. Qeyd olunanlardan başqa iş materialları ilə müəyyən olunur ki, Bakı Nəliyyat Agentliyi ilə Şəxs MMC arasında “Xidmətlər üzrə satınalma müqaviləsi" 14.08.2020-ci il tarixdə bağlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs isə 07.08.2020-ci il tarixdən Şəxs MMC-də işə başladığını bildirmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs Şəxs MMCdə işləməyə başladığını iddia etdiyi 07.08.2020-ci il tarixdə həmin MMC ümumiyyətlə qeyd olunan ərazidə fəaliyyətdə olmamışdır. Belə olan halda Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatların əsassız olması bir daha təsdiq olunur. Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası İXM-nin 192-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə araşdırma aparılmasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olması, hazırkı iş üzrə isə araşdırmanın qanunsuz olaraq Nizami rayon prokurorluğu tərəfindən həyata keçirilməsi ilə bağlı istinad etdiyi dəlilə münasibətdə məhkəmə qeyd edir ki, müvafiq dəlilə Bakı Apellyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli qərarı ilə qiymət verilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən təmizlik işlərinin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1267/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1267/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver