Məhkəmə qərarları › İş №3(007)-1270/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1270/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1270/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X3, zərərçəkmiş şəxslər X8, X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs bibisi qızı X5 və onun əri X8 ünvanına alçaldıcı ifadələr işlədərək onları təhqir etmiş və hədə-qorxu gələrək müxtəlif sosial şəbəkələrdə və qohumlar arasında həqiqətə uyğun olmayan məlumatlar yayaraq onları rüsvay etmişdir. Onun barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci PŞ tərəfindən İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, X13 DİN-nə etdiyi elektron müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Ziya Bünyadov prospektində yerləşən Euro Home təmir-tikinti materialları mərkəzində yerləşən Planet İnşaat mağazasının qarşısında saxlanılaraq 25-ci PŞ-nə gətirilmiş, orada toplanmış materiallar əsasında barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, barəsində tərtib olunan protokol əsassızdır. O, həmin hərəkətlərə yol verməmiş, heç kəsi narahat etməmişdir. X12 narahat edir, sonuncu dəfə 3 gün əvvəl gizli nömrədən ona zəng etmişdir. Qarşı tərəfin bildirdiyi mesajlar isə 2021-ci ildə olub. Belə ki, 2 il öncə bibisi qızı evli olmamış, o dövrdə onunla ailə qurmaq niyyətində olmuşdur. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi çıxış edərək bildirdi ki, barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X13 məhkəməyə verdiyi izahatında göstərdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs neçə illərdir ki, onları narahat edir. Arvadına zəng edir, müxtəlif sosial şəbəkələrdən mesajlar yazır. Rüsvayedici məlumatlar yayaraq onları qohumların yanında biyabır edir. Həmçinin arvadının ondan ayrılmasını tələb edir, əks halda onu ölümlə hədələyir. Həmçinin qeyd etdi ki, həyat yoldaşı Nazlı Əliyevanın daim Şəxs tərəfindən təqiblərə məruz qalmasına dair telefon danışıqları və mesajlar da mövcuddur. Tələb olunduğu təqdirdə məhkəməyə təqdim etməyə hazırdır. Həmçinin, Şəxs 2 il öncə onun həyat yoldaşı ilə ailə qurmaq niyyətinin olmasına dair fikir bildirməsi reallığı əks etdirmir, belə ki, onlar 10 ilə yaxındır ki, ailə qurublar, 2 övladları var. Zərərçəkmiş şəxs X1 Həsən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X11 məhkəməyə verdiyi izahatında göstərdi ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs ona müxtəlif sosial şəbəkələrdən hədə-qorxu gəlir, onu ölümlə hədələyir, yoldaşından boşanmasını, onunla ailə qurmasını tələb edir. Həmçinin qohumlar arasında rüsvayedici məlumatlar yayaraq onları biyabır edir. Bu səbəbdən hətta dəfələrlə özünü öldürmək həddinə çatmış, lakin 2 azyaşlı övladını düşünərək bu fikrindən daşınmışdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxslərin ifadəsi və digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi, zərərçəkmiş şəxsləri narahat etməsi, onlara hədə-qorxu gəlməsi onunla aparılmış profilaktik söhbətlərin nəticəsiz qaldığını sübut edir. Həmçinin Şəxs hətta məhkəmə iclası zamanı zərərçəkmiş şəxslər X13 və X5 ünvanına nalayiq ifadələr işlətməsi, məhkəmə prosesindən öncə X8 üzərinə hücüm edərək, onu vurmağa çalışması, məhkəmənin iş rejimini pozması məhkəmə tərəfindən onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 16:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN X10 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 03 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X7 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar