Məhkəmə qərarları › İş №3(007)-1271/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1271/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1271/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 V tağımın YPX-nin inspektoru, polis baş serjantı S.M.İbrahimli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 V tağımın YPX-nin inspektoru, polis baş serjantı S.M.İbrahimli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Bakı-Şamaxı yolunun 31ci km-də qurulmuş karantin postu ərazisindən qeydiyyatda olduğu və eyni zamanda yaşadığı Bakı şəhərinə daxil olarkən DİN-nin əməkdaşı tərəfindən karantin qaydalarını pozduğu əsası ilə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Barəsində tərtib olunmuş protokol tamamilə qanunsuzdur və ləğv edilməlidir. DİN-nin əməkdaşı ilk öncə onu Bakı şəhəri ərazisinə buraxmayacağını bildirmiş və ondan geri qayıtmağını tələb etmişdir. Onun bu qanunsuz tələbinə əməl etməyəcəyini, onun Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 66 A, mənzil 15-də qeydiyyatda olduğunu və faktiki olaraq da qeyd olunan ünvanda yaşadığını, hal-hazırda evinə getdiyini bildirmişdir. Polis əməkdaşı onu Bakı şəhəri ərazisinə buraxacağı təqdirdə ona cərimə tətbiq edəcəyini bildirmişdir. Tərtib edəcəyi cərimənin heç bir qanuni əsası olmadığını, Bakı şəhərində yaşadığını və Yasamal Rayon Məhkəməsinin işçisi olduğunu, Bakı şəhərinə daxil olmağının tam qanuni əsaslı olduğunu, əməlində heç bir inzibati xətanın olmadığını bildirmiş, barəsində protokol tərtib olunacağı təqdirdə protokolu qanun çərçivəsində ona təqdim etməsini tələb etmişdir. Lakin polis əməkdaşı xidmət başında olarkən özünü təqdim etməmiş və barəsində tərtib olunmuş protokolu ona təqdim etməmişdir. Xidməti vəzifələrini icra edərkən polis əməkdaşına xas olmayacaq hərəkətlər nümayiş etdirib vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunması barədə qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Onun tərəfindən hər hansı karantin rejimi qaydalarının pozulması hallarına yol verilməmişdir. Onun inzibati məsuliyyətə cəlb olunmağı ilə bağlı protokolun tərtib edilməsindən məlumatı olmamış, bu barədə ona məlumat verilməmiş, həmin protokolda öz qeydlərini, izahatını göstərmək və protokolun surətini almaq kimi hüquqları təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 V tağımın YPX-nin inspektoru, polis baş serjantı S.M.İbrahimli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 V tağımın YPX-nin inspektoru, polis baş serjantı S.M.İbrahimli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində cərimə edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 208 nömrəli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx.xx.2020-ci il tarixli, 236 nömrəli qərarının 1-ci bəndinə əsasən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilmiş; 1.2. 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “20 iyul” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 V tağımın YPX-nin inspektoru, polis baş serjantı S.M.İbrahimli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X3 V tağımın YPX-nin inspektoru, polis baş serjantı S.M.İbrahimli tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar