Məhkəmə qərarları › İş №3(007)-1274/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1274/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1274/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Zərərçəkmiş şəxs Xudu oğlunun iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi ev 27, mənzil 114-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 23 may 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Karsan Atak” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyası yaxınlığındakı dayanacaqda “8-ci km bazarı” istiqamətində hərəkətə başlayan anda avtobusun qabaq sol təkəri piyada Zərərçəkmiş şəxs Xudu oğlunun sol ayaq nahiyəsinin üzərindən keçmiş, nəticədə ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, o cümlədən dəfələrlə müvafiq tədbirlər görülməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Xudu oğlu izahatında göstərmişdir ki, 28 dekabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində Nizami rayonu, “Neftçilər” metrosunun yanında üzü “8-ci km bazarı” istiqamətində dayanacaqda dayanıb 44 saylı sərnişin avtobusuna minəcək olan sərnişinlə söhbət edən zaman qəflətən gözləmədiyi anda 81 saylı sərnişin avtobusu hərəkətə başlamış və sol qabaq təkəri ilə onun sol ayaq nahiyyəsinin üzərindən keçmişdir. Avtobusun sürücüsü saxlamadan sürüb hadisə yerindən uzaqlaşmışdır. Orada köməksiz qaldığından əvvəlcə polisə, sonra təcili tibbi yardıma məlumat vermiş, təcili yardımın köməkliyi ilə 3 saylı Sabunçu xəstəxanasına aparılmışdır. Hadisəni törədən Şəxs indiyədək onunla maraqlanmamış, müalicə xərclərini və vurduğu maddi ziyanı ödəməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təhqiqat zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində avtobuslar üçün dayanacaqda dayanıb növbəsini gözləmişdir ki, xətt üzrə hərəkətə başlasın. Bu zaman uzun müddətdir ki, tanıdığı, tüfeyli həyat tərzi sürən, adını Tofiq kimi tanıdığı bir şəxs sürücü tərəfdən avtobusa yaxınlaşaraq ondan 1 manat pul istəmişdir. O, maaş almadığını bildirsə də, Tofiq təkrar ondan qəpik istəmişdir. Artıq avtobusa sərnişinlərin mindiyini görüb xətt üzrə hərəkətə başlamalı olmuş, həmin şəxs də pəncərədən sallanıb ondan araq içməsi üçün pul istəmişdir. Avtobusun təkəri sola 90 dərəcə dönmüş vəziyyətdə olduğundan o, asta-asta hərəkətə başlayan anda avtobusun təkəri Tofiqin ayağına dəymişdir. O, dərhal avtobusu saxlayıb aşağı düşmüş, Tofiqə yaxınlaşaraq, ona öz köməkliyini göstərəcəyini bildirib, sərnişinləri düşürdükdən sonra gəlib onu həkimə aparacağını deyərək çıxıb getmiş, sonra ona Nizami polisindən zəng gəldiyindən gedib olanlar barədə izahat vermişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 22 yanvar 2022-ci il tarixli 25 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs Xudu oğlunda sol baldırın hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 fevral 2022-ci il tarixli 8/340 nömrəli rəyindən görünür ki, “Karsan” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 14 mart 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən “Karsan” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun sürücüsü Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, gələcəkdə dəymiş ziyanın ödənilmədiyi halda zərərçəkmiş Zərərçəkmiş şəxs Xudu oğlunun mülki qaydada məhkəməyə müraciət etmək hüqununun olması izah edilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar