Məhkəmə qərarları › İş №3(007)-1274/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1274/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1274/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Nijnevartovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi qismində fəaliyyət göstərən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, Yataqxana, ev 81A-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 30 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən ********** nömrəli VÖEN əsasında vergi ödəyicisi qismində fəaliyyət göstərən Şəxs tərəfindən 30 noyabr 2023-cü il tarixdə saat 12:45-də ünvan 1 ünvanında yerləşən “Akkumulyator” adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 3(007)- 6041/2023 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli 3(103)-195/2024 nömrəli qərarı ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qeyd olunan qərarı ləğv olunaraq iş yenidən bxılması üçün həmin məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Nümayəndə protokolda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, obyektdə icazə alınmadan reklam yerləşdirilməsinə görə 01 noyabr 2023-cü il tarixdə akt tərtib olunmuşdur. 17 noyabr 2023-cü il tarixdə göstəriş göndərmiş, 30 noyabr 2023-cü il tarixdə isə protokol tərtib etmişlər. Göstəriş ünvana çatmış, vətəndaş tərəfindən 19 noyabr 2023-cü il tarixdə alınmış, məlumatları olmuşdur. Vətəndaş reklam yerləşdirməyə görə sonradan, yəni 01 fevral 2024-cü il tarixdən 01 fevral 2025-ci il tarixədək müqavilə bağlayaraq reklam yerləşdirmişdir. İş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edirlər. Qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Reklam İdarəsinin göstərişini 19 noyabr 2023-cü il tarixdə almışlar, lakin həmin göstərişi aldıqdan sonra reklamı yığışdırmamışlar və ya müqavilə bağlamamışlar. 30 noyabr 2023-cü il tarixdə gəlib reklamın şəklini çəkmiş və demişlər ki, ya reklamı yığışdırsınlar, ya da protokol tərtib edib məhkəməyə göndərəcəklər. Bundan sonra o, reklamı yığışdırmışdır. Təqdim olunan fotoşəkilləri o, 30 noyabr 2023-cü il tarixdə saat 15:49-da çəkmişdir. Məhkəmə güzəşt edə bilirsə, etsin, atası Qarabağ əlilidir. VÖEN onun özünə aid olsa da, obyektdə atası ilə birlikdə işləyirlər, atası isə vergi və rüsumlardan azaddır. Həmin obyekt tək gəlir mənbələridir. Hazırda Reklam İdarəsi ilə müqavilə bağlamış və 2025-ci ilədək olan borcları ödəmişdir. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz vəzifəli şəxs Şəxs tərəfindən törədilmişdir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir; 2.0.9-cu maddəsinə əsasən reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir; 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İşin faktiki halları ilə müəyyən olunduğu kimi, Bakı şəhər Reklam İdarəsinin əməkdaşları tərəfindən Şəxs işlətdiyi obyektdə yoxlama zamanı onun ünvan 1 ünvanında yerləşən “Akkumulyator” adlı obyektin üzərində, açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirdiyi aşkar edilmiş və bu barədə 01 noyabr 2023-cü il tarixdə akt tərtib olunmuşdur. 17 noyabr 2023-cü il tarixdə həmin qanun pozuntusunun, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində aradan qaldırılması barədə göstəriş verilmiş, göstəriş sürətli poçt vasitəsi ilə göndərilməklə 19 noyabr 2023-cü il tarixdə ünvan sahibi tərəfindən imza edilməklə alınmışdır. Lakin, göstərişdə qeyd olunan tələbə, o cümlədən qanunvericiliyə əməl edilməmiş, reklam yayıcısı hesab olunan Şəxs reklam yerləşdirmək üçün müvafiq qurumdan, yəni Bakı şəhər Reklam İdarəsindən icazə almamış, bunun üçün yazılı müraciət etməmiş, icazənin verilməsinə görə qanunla müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödəməmiş, 30 noyabr 2023-cü il tarixdə bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur, ona görə Şəxs vəzifəli şəxs qismində həmin maddə ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozularaq müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhdi kimi qiymətləndirir və nəzərə alır ki, yuxarıda istinad edilən təkzibolunmaz sübutlarla inzibati xəta hadisəsinin baş verdiyi, həmin xətanın Şəxs tərəfindən törədildiyi, onun təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş fotoşəkillərin üzərindəki onların çəkilmə tarixə və vaxtından da görünür ki, açıq məkanda yerləşdirilmiş reklam inzibati xəta haqqında protokolun tərtib olunmasınadək yığışdırılmamış vəziyyətdə olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar