Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1275/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 342.2.2, 342.3 və 342.9cu maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 342.2.2, 342.3 və 342.9-cu maddələri ilə tərtib edilmiş 17 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 16 noyabr 2023-cü il tarixdə saat 22:03-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində “SUZUKİ GSX 1300 PK9” markalı, 10-B-697 dövlət qeydiyyat nişanlı motosikli dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edərək idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərmişdir ki, o, əvvəlki məhkəmə iclaslarında da vəsatət vermişdir, hazırda vəsatətini bir daha xatırladaraq qeyd edir ki, yol polisi onu guya 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində saxlamışdır, əslində isə o, ünvan 1 ünvanında yol polisi tərəfindən saxlanılmışdır. Lakin, aidiyyət qaydası pozularaq işə Nizami Rayon Məhkəməsində baxılır. Materialın aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinin YPX inspektoru X2 vəsatətdə qeyd olunanlarla bağlı göstərmişdir ki, sürücü Şəxs qayda pozuntusuna yol verməsini Nizami rayonu, H.Əliyev propektində müşahidə etmişlər, sonra o, hərəkətini davam etdirib Sabunçu rayonunun ərazisinə getmiş, onu orada saxlamışlar. Məhkəmə hesab edir ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair inzibati iş aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinin mənasına görə, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, hüquq nəzəriyyəsində davam edən inzibati xətalar vahid niyyətlə törədilən hüquqazidd əməllər kimi göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu digər ölkələrin təcrübəsini, eləcə də uzanan və davam edən inzibati xətalara dair müvafiq normaların İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması səbəbindən vahid məhkəmə təcrübəsinin formalaşmasının vacibliyini nəzərə alaraq hesab edir ki, son əməlin aşkara çıxarıldığı yer davam edən inzibati xətanın başa çatdığı yer kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, “uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 sentyabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırdığı hüquqi mövqeyə görə, uzanan cinayət - konkret cinayətdir və bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsi bu məsələyə münasibətdə qanunvericinin yanaşmasını əks etdirməklə, uzanan cinayətin başa çatdığı yeri onun törədildiyi yer hesab edir və bu əməllərin törədildiyi yeri onun törədilmə vaxtı (başa çatması anı) ilə əlaqələndirir. Hüquqi cəhətdən cinayətin başa çatmış hesab edilməsi üçün təqsirli şəxsin əməlində Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş konkret cinayətin tərkib əlamətlərinin olması kifayətdir. Lakin uzanan cinayət faktiki cəhətdən Cinayət Məcəlləsi ilə qorunan obyektə yönəlmiş qəsdin ya təqsirli şəxsin iradəsi ilə, ya da iradəsindən kənar müdaxilə nəticəsində son qoyulduğu anda bitir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında uzanan cinayətin əlamətlərini və bütün elementlərini vurğulayaraq qeyd etmişdir ki, uzanan cinayət əməli (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və onu törədən şəxsin özünün cinayətin qarşısını almağa yönəlmiş hərəkəti və ya cinayətin törədilməsinə əngəl yaradan hadisələrin (məsələn, hakimiyyət orqanlarının müdaxiləsi) baş verməsi nəticəsində başa çatır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “SUZUKİ GSX 1300 PK9” markalı, 10-B-697 dövlət qeydiyyat nişanlı motosikli dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə edərək idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Hansı ki, həmin xəta 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində aşkara çıxarılmış, lakin Şəxs ehtimal olunan xətanı törətməkdə davam etmiş, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən qurğudan istifadə etməklə idarə etdiyi motosiklin idarəsini fasiləsiz davam etdirmiş, yalnız ünvan 1 ünvanında yol polisi əməkdaşının müdaxiləsi nəticəsində motosikli dayandırmışdır. Ona görə məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqelər baxımından belə qənaətə gəlir ki, həmin yer də inzibati xətanın başa çatdığı yer kimi müəyyən edilməli və işə xətanın bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olduğundan, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi üçün, hazırkı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə mahiyyəti üzrə baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, İXM-nin 327.1, 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid olmasa da, həmin məsələyə işə mahiyyəti üzrə baxmalı olan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir, ona görə material ümumilikdə aidiyyəti məhkəməyə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 110, 112 və 118ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 342.2.2, 342.3 və 342.9cu maddələri ilə tərtib olunmuş 17 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1275/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1275/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver