Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1278/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, qərarından şikayət verilmiş orqan – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətin obyekti kimi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı “Çıxarış” əsasında 02 fevral 2015-ci il tarixdə qeydiyyatdan keçirilmiş 0,04 ha torpaq sahəsi ona məxsusdur. Xüsusi mülkiyyətindəki torpaq sahəsinin planı və ölçüsü hüdudları hasarlanmadan açıq vəziyyətdədir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi sözügedən ərazidə monitorinq aparan zaman torpaq sahəsində işləyən fəhlədən həmin sahənin ona məxsusluğunu öyrənmiş və onun vasitəsi ilə onunla mobil telefonla bu barədə verdiyi suallara cavab olaraq bildirmişdir ki, xüsusi mülkiyyətinə dair bütün hüquqmüəyyənedici sənədlərin surətlərini İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinə təqdim etmişdir. Bir müddətdən sonra, ərazinin sahə inspektorunun çağırışı ilə onun qəbulunda olarkən torpaq sahəsinin hüquqi sənədlərinin surətlərinin bir nüsxəsini ona təqdim etmişdir. İcra Hakimiyyətinin ərazidə keçirilmiş monitorinqə dair hər-hansı rəsmi sənədi ona təqdim edilmədiyinə baxmayaraq ona məxsus torpaq sahəsinə dair sahə inspektoruna ətraflı izahat vermişdir. Bu materialdakı məlumatın araşdırılması ilə əlaqədar Nizami RPİ-nin 24-cü PB-nin təhqiqatçısı, polis mayoru Pərvanə Əzizovanın suallarına ətraflı izahat vermiş, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin surətlərinin bir nüsxəsini təqdim etmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, qeyd edilən ünvanda torpaq sahəsinin zəbt edilməsi , ətrafında hasarlama işlərinin aparılması faktları aşkar edilmədiyinə və 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olduğuna görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın bir nüsxəsi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə göndərilmiş və sözügedən qərarın alındığından keçən 1 aydan çox müddətdə bu barədə İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən ona hər hansı rəsmi mövqe bildirmədən 19 yanvar 2023-cü ildə inzibati xətaya dair 2 saylı qərar ilə Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Cərimə olunduğuna dair hazırda mübahisələndirdiyi qərarın surəti şəxsən ona verilməmiş, qeydiyyatda olduğu ünvana poçt vasitəsi ilə göndərilməmiş və həmin qərarı Nizami rayon İcra şöbəsinə icra üçün göndərildiyi 22 fevral 2023-cü ildə almışdır. Həmin qərarla qəti razı deyil, onu qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın məntiqinə görə sübutetmə vəzifəsi ona aid olmasa da İcra Hakimiyyətinin vəzifəli şəxsləri, səlahiyyət hədlərini aşaraq inzibati xətanın olub-olmamasını, təqsirliliyi vardırsa onun xüsusi texniki vasitələrin göstəriciləri ilə, yaxud da fotoşəkillə rəsmiləşdirmədiyi halda, xx.xx.2022-ci il tarixli materialı Nizami RPİ-nin 24-cü PB-nə göndərmişdir. Nizami RPİ-dən İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixli, 08926698 saylı məktubla onu tanış etməyən vəzifəli şəxs özündə obyektiv faktlara əsaslanmayan subyektiv mülahizəli 12 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyini bildirir. Nizami RPİ-dən 13 dekabr 2022-ci ildə daxil olmuş məktubla həmin tarixdən 1 gün əvvəl, yəni 12 dekabr 2022-ci il tarixdə tərtib olunmuş protokolla inzibati xəta hadisəsini hansı məntiqlə izah edilməsi xüsusatı ciddi araşdırılmalıdır. Sözügedən protokolla tanış olmaq və ondan şikayət etmək hüququnu pozmuş vəzifəli şəxs toplanmış rəsmi materiala deyil, hüququnu bilərəkdən pozmuş, ona təzyiqlər edərək heç bir əsas olmadan polis bölməsində lüzumsuz araşdırmaya məruz qalmağına rəvac vermiş, inzibati xəta hadisəsi olmadığı halda saxta protokol tərtib etməklə kobud qanun pozuntusuna yol vermişdir. Həmin protokol Azərbaycan Respublikası İXM-nin 386.3-cü maddəsində ehtiva olunan qaydada əldə edildiyindən sübut olaraq istifadə edilə bilməz. Belə qənaətdədir ki, barəsində başlanmış inzibati icraat ciddi qanun pozuntusuna yol verilərək faktları saxtalaşdırmaqla əldə edilib. Bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 367.1-ci maddəsinin tələbinə uyğun olaraq hər hansı inzibati xəta hadisəsi baş vermədiyindən inzibati icraata Azərbaycan Respublikası İXM-nin 416.1-ci maddəsinin tələbi qaydasında xitam verilməsinə dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 295 Q ünvanında aparılan qanunsuz tikinti ilə bağlı müxtəlif dövlət orqanlarına, o cümlədən Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Tikintiyə baxış keçirilmiş, akt tərtib olunmuşdur. Qanunsuz tikintinin dayandırılması tələb olunmuş və bildirilmişdir ki, müvafiq icazəverici sənədlər təqdim edildikdən sonra bu işləri görə bilərsiz. Bununla bağlı olaraq həm X5, həm də “X9” MMC-nin direktoru Əlvan Cəlilova rəsmi məktub göndərilmişdir. Yerli icra hakimiyyəti haqqında əsasnaməyə əsasən özbaşına tikililərlə bağlı monitorinqlər keçirilir. Həmin monitorinqlər zamanı E.Süleymanov küçəsi 295 Q ünvanında qalınlığı 40 sm, uzunluğu 11 metr olan tamamlanmamış tikinti işlərinin aparılması müəyyən olunmuşdur. Müvafiq sənədlər tədbir görülməsi üçün Nizami RPİ-yə göndərilmiş, Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru G.Seyidov tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün İcra Hakimiyyətinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar vətəndaşa, icra şöbəsinə, polis idarəsinə göndərilmişdir. E.Süleymanov küçəsi 295 Q ünvanında özbaşına qanunsuz tikintinin aparılmasını təsdiq edən fotoşəkillər və digər sənədləri məhkəməyə təqdim edir. Məhkəmədən şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 müvafiq icra hakimiyyəti orqanının razılığını almadan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 295 Q ünvanında qanunsuz tikinti işləri aparmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. - Nizami Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Vüsal Əliyev, təsərrüfat şöbəsinin baş məsləhətçisi Eldar Məmmədov, 3 saylı SSƏD üzrə nümayəndənin müavini Fuad Yusifov, 88 saylı MKİS-nin mühəndisi Arzu Məmmədov tərəfindən imzalanmış 14 yanvar 2023-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsinə bitişik olaraq obyektin çöl divarlarından birinə perpendikulyar istiqamətdə qalınlığı 40 sm, uzunluğu 11 metr olan tamamlanmamış tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Həmin Məcəllənin 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 müvafiq icazə almadan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 295 Q ünvanında özbaşına tikinti işləri aparmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Q.F.Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1278/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1278/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver