Məhkəmə qərarları › İş №3(007)-1279/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1279/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1279/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 və onun nümayəndəsi - “Universal” Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı N.C.Cəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı N.C.Cəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi və ona məxsus “Toyota Camry” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat 18:45 radələrində Nəsimi küçəsilə Q.Qarayev prospektinin kəsişməsində hərəkətdə olarkən “Toyota Prado” markalı avtomobil qəflətən sağ tərəfə onun yoluna çıxmış bunun nəticəsində avtomobilinin arxa sol krılosu, farası və buferi zədələnmişdir. Hadisə yerinə gələn DYP əməkdaşı onlara məxsus sənədləri götürmüş və onları Bakı şəhər DYPİ-nə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə İdarədə olarkən polis əməkdaşı qayda pozuntusuna yol verdiyini bildirərək barəsində 327.1-ci maddəsinin tələblərinin pozulması ilə İXP ******* saylı protokol tərtib etmişdir. Protokol qanunsuzdur. İXM-nin 8-ci maddəsinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib etmiş orqanın vəzifəsi olduğundan polis əməkdaşına qayda pozuntusunun ona sübut edilməsini və izah edilməsini xahiş etsə də o, sübut təqdim etməmişdir. Bundan sonra həmin protokoldan DYPİ-nə şikayət ünvanlamış, həmin müraciətə xx.xx.2023-cü il tarixli, 2-2033 saylı məktubla cavab verilmiş, həmin məktub elektron ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Belə ki, idarənin əməkdaşı tərəfindən formal araşdırma aparılmış heç bir kamera görüntüsü (TŞ4-016) əlavə sübut olmadan barəsində TP ******* saylı qərar qəbul edilmişdir. Hesab edir ki, göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin, Yol Patrul Xidməti haqqında Təlimatın 13.1-ci maddəsinin və “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Protokolu tərtib etmiş DYP əməkdaşı heç bir araşdırma aparmadan qayda pozuntusunun qeydə alındığı TŞ4-016 saylı videokameranın materiallarına baxmadan və “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinin tələblərini nəzərə almadan barəsində əsassız protokol tərtib etmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və bu pozuntuda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməlidir, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-in 8.3-cü maddəsi), yəni sürücünün təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübut edildikdə, inzibati tənbehin (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxarılmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitəsinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Halbuki şikayətə əlavə etdiyi CD diskdə olan video materialdan da müəyyən olunur ki, o, öz yolu ilə hərəkətdə olduğu zaman “Toyota Prado” markalı avtomobil hərəkət istiqamətini dəyişərək onun yoluna (hərəkət istiqamətinə) çıxmış, bunun nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Elektron qərar ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Belə ki, qərarın özündə DİN-nin DYP Veb portalından xx.xx.2023-cü il tarixdə çıxarıldığı müəyyən olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X7 və nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı N.C.Cəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, videogörüntüdən görünür ki, “Toyota Camry” markalı avtomobil yüksək sürətlə, “Toyota Prado” markalı avtomobil isə aşağı sürətlə hərəkət edir. X1 idarə etdiyi “Toyota Camry” markalı avtomobil “Toyota Prado” markalı avtomobilin qarşısına çıxır və bununla da hadisə baş verir. “Toyota Prado” markalı avtomobilin sürücüsü artıq manevrə başladığı üçün “Toyota Camry” markalı avtomobilin sürücüsü manevri bitirməsi üçün ona yol verməli idi. “Toyota Camry” markalı avtomobilin sürücüsü manevr etməzdən əvvəl tam əmin olmalı idi ki, yol təhlükəsizdir, ondan sonra manevr etməli idi. Şikayət əsassızdır, məhkəmə iclasında təqdim edilmiş videomaterialdan da görünür ki, X6 məxsus nəqliyyat vasitəsi hərəkətdə olan digər “Toyota Prado” markalı nəqliyyat vasitəsinin qarşısına qəfildən keçmiş və hansı ki, həmin avtomobil hərəkətdə idi, manevrini başa çatdırmalı idi və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində müəyyən edilmiş inzibati xəta hadisəsi törədilmişdir. Göstərilənlərə əsasən tərtib edilmiş protokol əsasında çıxarılmış qərar əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı N.C.Cəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusunu törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X7 tərəfindən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ-nin X12 İdarəsinin polis kapitanı N.C.Cəlilov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar