Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1279/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Nümayəndə1 və X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 447.0.1 və 447.0.9-cu maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə istehlakçıların bağlamalarının çatdırılmaması ilə bağlı az miqdarda aldadılması, istehlakçı hüquqlarını məhdudlaşdıran şərtləri Cəmiyyətin “Malların daşınması xidmətinə dair şərtlər toplusu” na daxil edilməsi aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi R.R.Məmmədova tərəfindən xx.xx.2024-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, vətəndaşlar tərəfindən müxtəlif tarixlərdə sifariş edilmiş malların Şəxs MMC tərəfindən çatdırılmaması, eləcə də bağlamaların itirilməsi səbəbindən göstərilmiş xidmətin qüsurlu icra olunması, həmçinin istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları aşkar edilmişdir. Həmin faktlar vətəndaşlar Fərhad Qocayevin, Solmaz Hüseynovanın, Aytac Hüsüzadənin, Şənay Nurməmmədovanın, Firuzə Bədəlovanın, Aybəniz Adilovanın, Rafael Məmmədovun, Leyla Məmmədovanın, Azər Ağakişiyevin, Turqay Nağıyevin, Anaxanım Fətullayevanın, Ülkər Vahablının, Elnur Musayevin, Nərgiz Abbasovanın, Gülüş Səmədzadənin, Natəvan Novruzlunun, Aytac Kərimlinin, Xədicə Qasımovanın, Hürü Almazovanın, Fəhmi Hacızadənin, Amin Hacıyevin, Emin Hacıyevin, Rəhman Əkbərovun, Aydan Şərifovanın, X1 Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətlərinin araşdırılması zamanı müəyyən edilmişdir. Habelə, Şəxs MMC-nin rəsmi internet saytının şərtlər və qaydalar bölməsinə baxış keçirilən zaman “Malların daşınması xidmətinə dair şərtlər toplusu”-nun 9-cu (“Link üsulu ilə verilən Türkiyə sifarişlərində 5%, Amerika sifarişlərində isə 10% bank komissiyası ümumi məbləğə əlavə edilir və müştəriyə geri qaytarılmır.”) və 15-ci bəndlərində (“Bağlamaların tərkibindəki məhsulların qırılması, əzilməsi, zədələnməsi kimi hallarda “Daşıyıcı” heç bir məsulliyət daşımır.”), həmçinin vətəndaş Şənay Nurməmmədovanın müraciəti ilə bağlı şirkət tərəfindən Dövlət Xidmətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-21-1/1-916/2024 nömrəli cavab məktubunda ("bağlamaların tərkibindəki məhsulların qırılması, əzilməsi, zədələnməsi, kimi hallarda daşıyıcı heç bir məsuliyyət daşımır.”) qeyd olunan müddəalar istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərdir. Bununla əlaqədar bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 855.2-ci maddəsinə əsasən, öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır. Məcəllənin 859-cu maddəsinə əsasən, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, istehlakçı icraçıdan görülmüş işin, göstərilmiş xidmətin keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin iş, xidmət haqqında icraçının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. İcraçı istehlakçıya keyfiyyətli normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin iş, xidmət haqqında icraçının təqdim etdiyi məlumata uyğun olan xidmət göstərməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Həmin Qanunun 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir.Nəticə etibarilə Şəxs MMC tərəfindən göstərilən xidmətin qüsurlu olması, istehlakçıların xidmətin keyfiyyətinə dair az miqdarda aldadılması hesab olunur. Həmçinin daşınma şərtlərinə əlavə edilmiş və Dövlət Xidmətinə ünvanlanmış cavab məktubunda qeyd edilən müddəalar istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci və 447.0.9-cu maddələri ilə Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 digər Nümayəndə1 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, qeyd olunan pozuntuları qəbul edirlər, ona görə də dövlət orqanının təqdim etdiyi göstərişə cavab olaraq qeyd etdikləri bir neçə halların aradan qaldırılması üçün tədbirlər görmüşlər. Hətta cavab məktubu belə yazaraq, bu halların aradan qalxdığı bildirilmişdir. Şəxs MMC bu spesifik sahədə yeni fəaliyyətə başlasa da, ən böyük şirkətdir, cəmiyyətdə “Expargo” kimi tanınır. Qeyd olunan hallarla bağlı hansısa qanun pozuntusunun olması təbii haldır. Mülki qanunvericilikdə olmayan müəyyən şərtlər mülki bazar münasibətlərində məqbul hesab olunur. Qeyd olunan halları, həmçinin Şəxs MMC tərəfindən ilk dəfə inzibati xəta törədilməsini nəzərə alıb MMC-nin barəsində aşağı həddə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. barəsində aşağı həddə cərimə edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, Ş-005433 nömrəli şikayətdən görünür ki, X4 Türkiyədən trendyol üzərindən etdiyi ********** nömrəli sifarişi 13 dekabr tarixdən “Expargo” şirkəti tərəfindən itirilmişdir. - xx.xx.2024-cü il tarixli, Ə-000776 nömrəli ərizədən görünür ki, X2 oğlu üçün sifariş verdiyi məhsul sınmış vəziyyətdə çatdırılmış, üstəlik çəkisi olduğundan çox hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli “fəaliyyətin müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması” haqqında göstərişdən görünür ki, Şəxs MMC tərəfindən vətəndaşlar Fərhad Qocayevin, Solmaz Hüseynovanın, Aytac Hüsüzadənin, Şənay Nurməmmədovanın, Firuzə Bədəlovanın, Aybəniz Adilovanın, Rafael Məmmədovun, Leyla Məmmədovanın, Azər Ağakişiyevin, Turqay Nağıyevin, Anaxanım Fətullayevanın, Ülkər Vahablının, Elnur Musayevin, Nərgiz Abbasovanın, Gülüş Səmədzadənin, Natəvan Novruzlunun, Aytac Kərimlinin, Xədicə Qasımovanın, Hürü Almazovanın, Fəhmi Hacızadənin, Amin Hacıyevin, Emin Hacıyevin, Rəhman Əkbərovun, Aydan Şərifovanın, Aytən Abdullayevanın müraciətləri təhlil edilərək qanun pozuntusuna səbəb olan halların aradan qaldırılması, o cümlədən MMC-nin rəsmi internet saytının şərtlər və qaydalar bölməsində yer alan “Malların daşınması xidmətinə dair şərtlər toplusu”nun 9-cu və 15-ci bəndlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, qeyd olunanlarla bağlı 15 (on beş) gün müddətində Dövlət Xidmətinə rəsmi məlumat verilməsi, göstərişin icra edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulduğu Şəxs MMC-nin rəhbərliyinin nəzərinə çatdırılması, göstərişin icrasına nəzarət İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin məsləhətçisi Roza Məmmədovaya həvalə edilməsi tələb edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 447.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.9-cu maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 447.0.1 və 447.0.9-cu maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə və qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 447.0.1 və 447.0.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 447.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1279/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1279/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver