Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1286/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC 86380.80 Avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 86380.80 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunan Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda 86380,80 avro məbləğində pul vəsaitinin 24 yanvar 2022-ci il tarixdə xaricə köçürülməsi, 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və ya həmin valyuta vəsaitinin geri qaytarılmaması qeyd edilmişdir. İş üzrə hallar bank tərəfindən tam və hərtərəfli araşdırılmamış və nəticədə hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. İlkin olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Şəxs MMC ilə Rusiyanın “Kelloqq Rus” şirkəti arasında 03 dekabr 2021-ci il tarixli, 2***-******* saylı Distribütor müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq 86380,80 avro dəyərində mal alışı sifarişi verilmiş və müqavilə üzrə ödəniş şərti 100% avans ödənişi şəklində razılaşdırılmışdır. Razılaşmaya uyğun olaraq malların dəyəri - 86380,80 avro məbləğində pul vəsaiti 24 yanvar 2022-ci il tarixli, 40576 №-li ödəniş tapşırığına əsasən satıcıya ödənilmişdir. Buna uyğun olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********0126 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 41881,60 avro, xx.xx.2022-ci il tarixli, **********4475 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 37643,60 avro və xx.xx.2022-ci il tarixli, **********5820 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 43190,40 avro-ümumilikdə 122715,60 avro dəyərində mal ölkəyə idxal edilmişdir. “VTB Bank” tərəfindən təqdim edilən müvafiq bəyannamələrdən də görünür ki, 86380,80 Avro məbləğində avans ödənişinin qeyd olunan bəyannamələrlə tam bağlanıldığı qeyd olunmuşdur. İşin hallarından və təqdim olunan bütün sübutlardan da göründüyü kimi, dəyəri ödənilən mallar tam şəkildə ölkə ərazisinə göndərilmişdir. Lakin bu hallar bank tərəfindən yoxlanılmalı olduğu halda heç bir yoxlama aparılmaması Cəmiyyət barəsində hazırki protokolun tərtib edilməsi ilə nəticələnmişdir. Tərəflər arasında aparılmış alqı-satqı əməliyyatlarının ümumi həcminə də diqqət edilsə yuxarıda qeyd olunan halların bir daha öz təsdiqini tapdığı görünür. Belə ki, Şəxs MMC tərəfindən satıcının bank hesabına ümumilikdə 204,478.80 avro məbləğində vəsait köçürülmüşdür.Təqdim edilən gömrük bəyannamələrindən görünür ki, ölkə ərazisinə 207838.4 avro dəyərində mal idxal olunmuşdur. Bununla bir daha sübut olunur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC avans ödənişlərinə uyğun olaraq həmin vəsaitin müqabilində malları ölkəyə tam şəkildə idxal etmişdir. Məhkəmədən göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs MMC ilə “Kelloqq Rus” şirkəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2***-******* saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən “Kelloqq Rus” şirkətinin hesabına 86380.80 Avro köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli, **********0126 nömrəli gömrük bəyannaməsindən görünür ki, 2***-******* nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Kelloqq Rus” şirkəti tərəfindən Şəxs MMC-yə 41881,60 Avro dəyərində mal göndərilmişdir. - xx.xx.2022-ci il tarixli, **********4475 nömrəli gömrük bəyannaməsindən görünür ki, 2***-******* nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Kelloqq Rus” şirkəti tərəfindən Şəxs MMC-yə 37643,60 Avro dəyərində mal göndərilmişdir. - xx.xx.2022-ci il tarixli, **********5820 nömrəli gömrük bəyannaməsindən görünür ki, 2***-******* nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Kelloqq Rus” şirkəti tərəfindən Şəxs MMC-yə 43190,40 Avro dəyərində mal göndərilmişdir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs MMC tərəfindən “Kelloqq Rus” şirkətinin hesabına 86380.80 Avro köçürülmüş və həmin vəsaitin müqabilində xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə “Kelloqq Rus” şirkəti tərəfindən Şəxs MMC-yə ümumilikdə 122715,60 Avro dəyərində mal göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1286/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1286/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver