Məhkəmə qərarları › İş №3(007)-1288/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1288/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1288/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin sahə inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-“LCG” Vəkil Bürosunun vəkili Vəkil Camal oğlunun iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir azyaşlı uşağı olan, fərdi qaydada işləyən, Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, ev 48-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 39-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs xx xxxxx 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında və 24-cü Polis Şöbəsinin inzibati binasında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X8 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, xx xxxxx 2021-ci il tarixdə Bakı şəhəri, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında icarə əsasında işlətdiyi “TəkBir” mağazasında olmuşdur. O, Könül adlı qadını şəxsən tanımır, lakin onun mağazaya borcu olduğunu bilir. Saat 18 radələrində mağazadan bayırda səs gəldiyini eşidərək çölə çıxmış, Könüllə mübahisə edən işçisi Vilayəti içəri çağırmış, xanım olduğunu, baş qoşmamasını demişdir. Polis əməkdaşlarının raportunda yazılanlarla heç bir əlaqəsi yoxdur, polsiləri qəti surətdə söyməmişdir, polislər onu Bölməyə dəvət etmişlər, o da könüllü olaraq polislərlə getmişdir. Əməlində inzibati xəta tərkibi olmadığı üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X1 izahatında göstərmişdir ki, xx xxxxx 2021ci il tarixdə növbədə olduğu vaxt X2 102 zəng xidmətinə məlumat verərək iki nəfər şəxsin “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında ona qarşı xuliqanlıq etdikləri, onu nalayiq söyüşlərlə təhqir etdikləri, avtomobilini təpikləyərək əzdikləri barədə məlumat vermişdir. Məlumat əsasında əməliyyat qrupunun üzvü polis mayoru Anar Məmmədovla birlikdə hadisə yerinə getmişlər. Hadisə yerində iki nəfər şəxsdən biri olan Şəxs müəyyən etmişlər. Araşdırma aparılması üçün Şəxs Polis Şöbəsinə dəvət edilmişdir. Şəxs şöbəyə getməyə razılıq versə də, xidməti avtomobildə şikayətçi barəsində nalayiq küçə söyüşləri söyərək hay-küy salmışdır. Buna görə onu nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs sakitləşməmiş, əməlini davam etdirərək qanuni tələblərinə tabe olmamaqla yanaşı onların da ünvanlarına nalayiq söyüşlər söymüşdür. Polis Şöbəsinin inzibati binasında Şəxs öz hərəkətini davam etdirərək ucadan nalayiq söyüşlər söymüş, onu sakitləşdirməyə çalışan polis baş leytenantı Hüseynzadə Şəhriyar oğlunun qanuni tələbini yerinə yetirməkdən imtina etmiş və onun xidməti üst geyiminin qolunu cırmış, şöbənin normal iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı X3 izahatında göstərmişdir ki, 24-cü PŞdə xidməti otaqda olduğu vaxt səs-küy eşidib bayıra çıxmış, şöbəyə dəvət edilmiş, sonradan tanıdığı Şəxs səs-küy saldığını görərək onu nizam-intizama dəvət etmişdir. Lakin Şəxs onun qanuni tələbinə tabe olmayaraq əl atıb onun xidməti üst geyiminin qolunu cırmış, onun və Könül adlı vətəndaşın ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Məhkəmə iclasında şahid, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı, polis polkovnik-leytenantı X12, şahid Ş.R.Hüseynzadə ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında icarə əsasında işlətdiyi “TəkBir” mağazasında satıcı işləyir. Könül adlı qadının ona 1800 manat borcu vardır. xx xxxxx 2021-ci il tarixdə saat 18 radələrində Könülü mağazadan bayırda görərək ona yaxınlaşmış və borcunu verməsini demişdir. Lakin Könül borcu verməyəcəyini deyərək qadına xas olmayan söyüşlərlə onu söymüşdür. Aydın həmin vaxt mağazadan çıxaraq yaxınlaşmış və onu içəri aparmışdır. Könül isə 102 xidmətinə zəng edərək şikayət etmişdir. Həmin vaxt Aydın Könüllə mübahisə etməmiş, onu söyməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, inzibati məsuliyyətdən boyun qaçırmağa cəhd kimi qiymətləndirilərək nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, Vəkil Camal oğlu müqavilə əsasında işin icraatında iştirak etdiyindən hüquqi yardım haqqının ödənilməsi məsələsinin müzakirəsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar