Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1298/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X3, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam şəhəri, Q.Əliyev küçəsi ev 38-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli, ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 27 may 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 25 may 2022-ci il tarixdə saat 01:50 radələrində yol hərəkəti qaydalarını pozub, müvafiq hüququ olmaqla, lakin sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz E240 minik” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin köməkçi yolunda hərəkətdə olarkən, idarəetməni itirərək hərəkəti istiqamətində yolun sağ kənarında Zərərçəkmiş şəxs2 MMC-nin yerləşdiyi binanın həyətindəki hasara, daha sonra hospitalın giriş qapısına çırpılmış, bundan sonra yenə hərəkəti istiqamətində yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs1 istifadəsində olan “Nissan Tiida minik” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən həmin avtomobil yolun kənarındakı dirəyə dəyərək dayanmış, xəta nəticəsində zərərçəkmiş şəxslərə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X5 oğlu protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 25 may 2022-ci il tarixdə saat 01:50 radələrində idarə etdiyi “Mercedes Benz E240” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Babək prospekti ilə B.Çobanzadə küçəsi istiqamətində hərəkət etmiş, köməkçi yolda yağışdan yaranmış gölməçəyə daxil olanda idarəetməni itirmiş, avtomobil yolun sağında olan hasara, daha sonra yolun kənarında yerləşən Zərərçəkmiş şəxs2ın giriş qapısına çırpılmış, bundan sonra da avtomobili saxlamaq mümkün olmamış, yolun kənarında dayanmış vəziyyətdə olan “Nissan Tiida” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına dəymiş, həmin avtomobil isə dirəyə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da, hospitala və avtomobillərə ziyan dəymişdir. Zərərçəkmişə dəyən ziyanı sığorta şirkəti ödəmişdir. Hadisədən əvvəl dostları ilə çörək yeyərkən pivə içmişdir. Əməlindən səmimi peşmandır, zərərçəkmişlərə dəymiş ziyanı ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Şəxs 25 may 2022-ci il tarixdə saat 01:50 radələrində yol hərəkəti qaydalarını pozaraq “Mercedes Benz E240 minik” markalı **-VA- *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati xəta nəticəsində MMC-yə maddi ziyan dəymişdir. Qiymətləndirmə zamanı maddi ziyanın dəyərinin 5300 manat olduğu müəyyən edilmişdir, ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Şəxs qarşı şikayətləri yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 25 may 2022-ci il tarixdə təxminən saat 01:50 radələrində idarə etdiyi “Nissan Tiida” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili Babək prospektinin köməkçi yolunda, Zərərçəkmiş şəxs2 MMC-nin yerləşdiyi binadan az irəlidə saxlamışdır. Təxminən bir-iki dəqiqə sonra səs eşitmiş, baxanda “Mercedes Benz E240” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəl yolun sağ kənarındakı hasara, sonra hospitalın giriş qapısına, bundan sonra dayanmayıb onun avtomobilinə çırpıldığını görmüşdür. Zərbənin təsirindən onun avtomobili yolun kənarındakı dirəyə dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Həmin vaxt avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən tam qarşılanmadığına görə hadisəni törədən Şəxs ziyanı ödəməsini istəyir. Qanuna uyğun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 25 may 2022-ci il tarixli 2/17174 nömrəli tibbi müayinə aktından görünür ki, Şəxs həmin tarixdə saat 03:20-də keçirilən tibbi müayinəsi zamanı onda sərxoşluq (0.600%) müəyyən edilmişdir. İşdə olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 MMC-yə və “Nissan Tiida minik” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların isə olmamasını, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslər tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, mübahisəli hallar vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1298/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1298/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver