Məhkəmə qərarları › İş №3(007)-13/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-13/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-13/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 09 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24975215 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 09 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24975215 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X3 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus “Kia Sorento” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gedən zaman onun AR İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi, yəni yolda müəyyən edilmiş hərəkət sürəti həddini 20-40 km/saat aşmağı barədə mobil telefonuna SMS gəlmişdir. SMS-də bildirilmişdir ki, həmin ərazidə sürət həddi 60 km/saatdır, ancaq o, həmin yerdə avtomobili 95 km/saat sürətlə idarə etmişdir. Mobil telefonuna həmçinin bununla bağlı fotoşəkillər və videogörüntü göndərilmişdir. Lakin nə fotoşəkillərdə, nə də videogörüntüdə sürət məhdudiyyətini müəyyən edən yol nişanı və yaxud başqa bir tablo görünməmişdir. Bildirir ki, o, qeyd olunan tarixdə və saatda heç bir inzibati xəta törətməmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə araşdırılması aparılmaqla barəsində olan inzibati xəta haqqında işə hüquqi qiymət verilərək, DİN DYPİ-X1 09 dekabr 2024-cü il tarixli, EQ 24975215 nömrəli qərarının ləğv edilməsi və əsassız qəbul olunmuş qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Bakı-Quba-Qusar yolunda onu yol polisinin avtomobili çəkmişdir. Onu yola quraşdırılmış radarlar çəksə idi, yenə razılaşardı, lakin onu yol polisinin avtomobili çəkmişdir. Yol polisi gəlib sübut etməlidir ki, o, 60 km/saat sürət nəzərdə tutulan yerdə 90 km/saat sürətlə hərəkət etmişdir. Beynəlxalq əhəmiyyətli yoldur, Sumqayıtadək sürət həddi 90 km/saatdır. O, illərlə yol polsində yüksək vəzifələrdə işləmiş, Culfa, Babək və Kəngərlinin yol polisinin rəisi olmuşdur, əgər haqsız olsa, qərardan şikayət verməzdi. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X2 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 37-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir; 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir; 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla). Şikayətə əlavə olunmuş 09 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24975215 nömrəli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilən məlumatla müəyyən edilir ki, X3 09 dekabr 2024-cü il tarixdə saat 11:59-da M1, E 119, AH 8, Bakı-Quba-Rusiya yolu, 19-cu km ərazisində “Kia Sorento minik” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “yolda müəyyən edilmiş 60 km/saat hərəkət sürətini 21- 40 km/saat həddində (95 km/saat) aşmağa görə” Azərbaycan Respublikası İXM-nin 328.2ci maddəsi ilə barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmənin qənaətinə görə, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələbləri bilməli və yerinə yetirməli olmaqla yanaşı, onlar yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Bunun üçün isə, qeyd olunan yol nişanları və yol hərəkətinin nizama salınmasında istifadə olunan sair siqnal və nişanlar mövcud olmalı, görünən yerlərdə quraşdırılmalı və işlək vəziyyətdə olmalıdırlar. Hazırkı halda, qərarı mübahisələndirən X3 ona göndərilmiş fotoşəkillərdə və videogörüntüdə sürət məhdudiyyətini müəyyən edən yol nişanı və yaxud başqa bir tablo görünmədiyini, onun qeyd edilən tarixdə və saatda heç bir inzibati xəta törətmədiyini bildirir. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin irəli sürdüyü dəlillər onun özünün iştirakı ilə araşdırılmalı, yalnız bundan sonra iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Ona görə məhkəmə hesab edir ki, X3 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 09 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24975215 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 09 dekabr 2024-cü il tarixli, EQ seriyalı, 24975215 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar