Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1302/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 07 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyinin 07 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə işi ilə əlaqədar olaraq Nizami rayonu, Qara Qarayev prospekti, Neftçilər m/s yaxınlığında özünə məxsus olan “Hyundai İ30” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmiş, lakin özü avtomobili tərk etməmişdir. Daha sonra elə həmin tarixdə ona “Sms radar” elektron sistemi vasitəsilə məlumat verilmişdir ki, barəsində “Bakı Nəqliyyat Agentliyi” tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə BNA ******* saylı protokol tərtib edilərək, 40 manat məbləğində cərimə edilmişdir. Ona təqdim edilən məlumatlar əsasında elektron poçt vasitəsilə Bakı Nəqliyyat Agentliyinə müraciət etmiş və inzibati xəta haqqında protokolun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın elektron formasının ona təqdim edilməsini xahiş etmişdir. Həmin qərar elektron poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə ona təqdim olunduğundan şikayət vermə müddətini ötürməmişdir. Müvafiq qərarda da qeyd olunmuşdur ki, o, həqiqətən, Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edir ki, aşağıda qeyd etdiyi hüquq normalarına əsasən, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 122-ci maddəsində inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası müəyyən edilmişdir. Həmin maddəyə görə, İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3,346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Bakı Nəqliyyat Agentliyi” ilə şifahi telefon danışığı zamanı ona bildirilmişdir ki, barəsində tərtib edilən qanunsuz protokolun hüquqi əsası kimi İXM-nin 122-ci maddəsinin deyil, İXM-nin 124.5 və 124.6-cı maddələrinin pozulması faktını əsas gətirsin. Bu barədə hüquqi mövqeyi ondan ibarətdir ki, İXM-nin 124.5-ci maddəsində deyilir: bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin maddənin qeyd hissəsində isə maddədə qeyd olunan “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” anlayışına tərif verilərək qeyd edilir ki, bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasmın tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Lakin təqdim edilən foto çəkilişlərə baxdıqda məlum olur ki, “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar”dan söhbət belə gedə bilməz. Bundan əlavə, həmin Məcəllənin 124.6-cı maddəsində qeyd olunur ki, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi, müvafiq inzibati xəta üzrə icraat zamanı təqsirliliyin sübuta yetirilməsində qanuna zidd əldə edilmiş sübutlardan istifadə edilmişdir və buna görə də iş üzrə icraata xitam verilməlidir. Barəsində tərtib edilmiş BNA ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 07 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (bort kompüterin) qeydə aldığı fotoşəkilə əsasən Nizami rayonu, Q.Qarayev prospekti-Neftçilər metrostansiyasının yanında 07 may 2022-ci il tarixdə saat 13:43:08-də ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmasına görə “Hyundai İ30 minik” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Belə olan halda, X3 tərəfindən verilmiş şikayət yalnız qərarın əsaslılığı və qanuniliyi hissəsində yoxlanılır. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: Bunlardan birincisi 122-ci maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; İkincisi isə 124-cü maddədə nəzərdə tutulan inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasıdır. Törədilərkən elektron sənəd şəklində qərar qəbul edilməsi mümkün olan inzibati xətalara dair maddələri müəyyən edən, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edən Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edən İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarından görünür ki, X3 tərəfindən törədilməsi ehtimal edilən, Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (bort kompüter) aşkar edilmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, həmin qərarda qeyd edilən İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə aşkar edilməmişdir, yəni qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla, həmin inzibati xətanı yerində aşkar etməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, X2 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin onun barəsindəki 07 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Nəqliyyat X1 barəsindəki 07 may 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1302/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1302/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver