Məhkəmə qərarları › İş №3(007)-1303/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1303/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1303/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Ağdam rayonunun Tərneft kəndində anadan olmuş, Ağdam rayonu, Tərneft kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, həyət evində yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhər BPİ-nin X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 23.03.2021-ci il tarixdə saat 09:36-da Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində idarə etdiyi “Mercedes A160” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektoru, polis baş serjantı S.İ.Əlimanov tərəfindən 23.03.2021-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. 22.04.2021-ci il tarixli məhkəmə iclasında Bakı şəhər BPİ-nin X2 İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsinə dair videogörüntü vardır. Həmin videogörüntünü məhkəməyə təqdim etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 23.03.2021-ci il tarixdə idarə etdiyi “Mercedes A160” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olarkən 498 nömrəli YPX avtomobilindəki polis əməkdaşı əli onun avtomobilinin arxa təkərinə işarə etmişdir. O, avtomobili saxlayıb düşərək avtomobilinə baxmış, əyləşmək istəyəndə DYPİ-nin əməkdaşı ona yaxınlaşmışdır. DYPİnin əməkdaşı özünü təqdim etmədən ona xidməti maşına əyləşməyini bildirmişdir. O, tabe olaraq maşına əyləşmişdir. Sükan arxasında olan əməkdaş vəsiqəsinə baxmış və açarındakı breloka üfürməyini bildirmiş və necə üfürmək lazım olduğunu göstərmişdir. O, üfürdükdən sonra polis əməkdaşı ona “sənə həbs düşür” demişdir. O, həbs sözünü eşitdikdə özünü itirmiş, maşından düşmüş və digər polis əməkdaşına vacib işi olduğunu demişdir. Polis əməkdaşı Birinci Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alıb ona kömək edəcəklərini, komandirin dediyi məzmunda izahat yazmasını bildirmişdir. O, protokolda polis əməkdaşının dediyi məzmunda yazıb imzalamışdır. O, heç vaxt belə bir halla qarşılaşmadığından və özünü itirdiyindən nə etdiyini bilməmişdir. Vəsiqəsini ona vermiş və o, avtomobildən düşmüşdür. Sonra 498 nömrəli YPX avtomobili uzaqlaşmışdır. O, digər polis əməkdaşına “mən gedə bilərəm” dedikdə, polis əməkdaşı ona “məni maşına çatdır” demişdir. Polis əməkdaşı ona “sən yolu tanımırsan” deyərək onun avtomobilini özü sürmüşdür. “Koroğlu” dairəsinə yaxın dayanacağa girmişlər. Polis əməkdaşı avtomobildən düşəndə ona 10 dəqiqədən sonra çıxa biləcəyini və komandirin onu görməməsini bildirmişdir. O, 10 dəqiqədən sonra çıxmaq istəyəndə dayanacağın əməkdaşı ona “sizin avtomobil sərxoş idarə etməyə görə həbsdədir” demişdir. O, 102 qaynar xəttinə zəng edib şikayət etmiş, ona sərbəst şəkildə tibbi müayinədən keçməyi məsləhət görmüşlər və onu Şəhər YPX İdarəsinə yönləndirmişlər. O, Respublika Narkoloji Mərkəzinə gedib orada müayinə olunmuş və müayinə zamanı ayıq olduğu məlum olmuşdur. Sonra o, Şəhər YPX İdarəsində 20-ci otaqda mayor C.Xəlilova yaxınlaşmış, vəziyyəti izah edib sürücülük vəsiqəsini təhvil vermiş və “sərxoşamsa həbs edin məni” demişdir. Cənab C.Xəlilov tibbi müayinə arayışına nəzər yetirib sərxoş olmadığına əmin olmuş və maşını çıxartmağı üçün qərar vermişdir. DPYİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman onun sərxoşluq vəziyyəti yoxlanılmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. O, 23.03.2021-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, 23.03.2021-ci il tarixdə saat 09:38-də müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, söz verirəm bir də təkrarlanmayacaq, X1 alkotesterində qanuni şəkildə üflədim” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs 23.03.2021-ci il tarixdə saat 09:29-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,696%0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/7615 saylı, 23.03.2021-ci il tarixli aktdan görünür ki, 23.03.2021-ci il tarixdə saat 12:50-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. İş materiallarını nəzərdən keçirərkən müəyyən edilir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokol olmuşdur. Qeyd edilən protokoldan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, protokola əsasən Şəxs 23.03.2021-ci il tarixdə saat 09:29-da alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmış və alkoqolun miqdarı 0,696%o olmuşdur. Şəxs öz təşəbbüsü ilə 23.03.2021-ci il tarixdə saat 12:50 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və ayıq olduğu barədə rəy verilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs 23.03.2021-ci il tarixdə saat 09:29 radələrində avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmədi. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/7615 saylı, 23.03.2021-ci il tarixli aktı mötəbər sübut kimi qiymətləndirir və ona görə də Şəxs 23.03.2021-ci il tarixdə ayıq olması qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1968-ci ildə Ağdam rayonunun Tərneft kəndində anadan olmuş, Ağdam rayonu, Tərneft kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar