Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1304/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Füzuli rayonunun Alxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor, Daş Karxanası küçəsi, ev 136A-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 27 may 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində, “Koroğlu” metrostansiyasının yaxınlığında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 27 may 2022-ci il tarixdə saat 14:00 radələrində “Koroğlu” metrostansiyasının yaxınlığında idarə etdiyi “BMW” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən sıxlıq olduğundan qaz verdiyi üçün tüstülənmə olmuşdur. Həmin vaxt polis əməkdaşı yaxınlaşıb avtomobilin şüşəsini açarla döyüb sənədlərini tələb etmişdir. Onun azyaşlı uşağı ağır xəstə olduğuna görə əsəbləri gərili olmuş, polisə irad tutaraq niyə belə etdiyini demiş, sənədləri istəməsinin səbəbini soruşmuşdur. Lakin polislər ona qarşı kobudluq etmiş, nalayiq söyüşlər söymüş, onu vurmuş, “avtoşluq” etdiyini demişlər. O, polislərə söyüş söyməmiş, ona qarşı söyüş söymələrinin səbəbini soruşmuş, “avtoşluq” etmədiyini demişdir. Hər bir halda baş verənlərə görə səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün polis nəfəri X6 izahatında göstərmişdir ki, 27 may 2022-ci il tarixdə saat 14:00 radələrində “1 nömrəli tədbir”lə bağlı xidmətdə olmuşlar. “Koroğlu” metrostansiyasının yaxınlığında “BMW” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkət zamanı nümayişkaranə formada ictimai asayişi pozub əhalinin sıx yerində açıq-aşkar formada kobudluğa yol verərək insanların həyat və sağlamlığına təhlükə yaratdığını müşahisə etmişlər. Yaxınlaşıb sürücüyə özlərini təqdim etmiş və sənədlərini təqdim etməsini təklif etmişlər. Lakin sürücü onların qanuni tələblərinə tabe olmayıb “gedin, öz işinizlə məşğul olun” demiş və avtomobilin şüşəsini bağlamışdır. Qapını açıb qanunun tələbini izah etsələr də, sürücü yenə də qanuni tələblərinə tabe olmamışdır. Məcbur qalıb sürücünü avtomobildən endirmək istəyəndə sürücü əl-qol hərəkətləri ilə onlara mane olmuş, avtopatrula mindirdikdən sonra da öz hərəkətlərini davam etdirmiş, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi ərazi üzrə 23-cü polis bölməsinə aparıb raportla təhvil vermişlər, müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin postpatrul xidməti bölüyünün polis nəfəri X3, şahid S.V.Əhmədovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında izahatında göstərilənləri onun məsuliyyətdən yayaınmağa cəhd etməsi kimi qiymətləndirməklə qeyd edir ki, onun irəli sürdüyü dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, həmçinin nəzərə alınmalıdır ki, o, məhkəmə çıxışı zamanı əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 27 may 2022-ci il tarixdə saat 14:45-də inzibati qaydada tutulmuşdur, işə baxılması isə həmin gün saat 17:00-a təyin edilmişdir, ona görə məhkəmə hesab edir ki, şəxsin tutulduğu müddət təzminən üç saat davam etdiyindən, İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə cərimənin yüngülləşdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1304/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1304/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver