Məhkəmə qərarları › İş №3(007)-1307/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1307/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1307/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun stajor köməkçisi X1, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 17 noyabr 2020-ci il tarixdə saat 18 radələrində arvadı X2 işlədiyi ünvan 2 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi 141 saylı Mənzil-İstismar Sahəsinin qarşısında qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə açıq əl və yumruqla bir neçə dəfə vuraraq Nuriyyə Nadirovaya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən alnın ön səthində ortada 3.5x3.0 sm, döş qəfəsinin sol yan səthində qoltuq xətti boyunca qabırğaarası sahədə 18x0.8 sm, sağ baldırın yuxarı 1/3nin ön-iç səthində 2.2x1.1 sm, sol baldırın yuxarı 1/3-nin ön səthində 0.8x0.5 sm ölçülərdə bozumtul-yaşılımtıl rəngli, qeyri-müəyyən formalı qançırlar, sol baldırın yuxarı 1/3-nin bayır səthində çəp-boylama istiqamətdə yerləşmiş xətvari formalı 3.7x0.4 sm ölçüdə, açıq qəhvəyimtil rəngli depiqmentasiya sahəsi sıyrıqlar ilə müşayiət edilən xəsarətlər yetirməklə döyüb fiziki ağrı yetirmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 09.04.2021-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. 24.06.2021-ci il tarixli məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X4 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, mərhum X6 onun həyat yoldaşı olmuşdur. O, 2020-ci ilin sentyabr ayında Səfərbərliklə əlaqədar hərbi xidmətə getmiş, döyüş əməliyyatlarında iştirak etmişdir. Həyat yoldaşı Nuriyyə 22 noyabr 2020-ci il tarixdə atasının evində olarkən özünü asaraq intihar etmişdir. O, hadisədən əvvəlki günlərdə, o cümlədən 17 noyabr 2020-ci il tarixdə Nuriyyəni döyməmişdir. Müharibədən qayıtdıqdan sonra Nuriyyənin iş yerində olmamış, Nuriyyəni cəmi bir dəfə İcra Hakimiyyətinin qarşısında görmüşdür. Hadisənin araşdırılması ilə bağlı ilkin araşdırma zamanı mərhumun ailə üzvləri onun Nuriyyəni döyməsi barədə heç bir söz deməmişlər, təxminən iki ay sonra bu barədə istintaqa ifadə vermişlər. Onun Nuriyyəni döyməsini təsdiq edən heç bir sübut yoxdur. O, 28.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Tibb Universitetinin X3 “Xroniki babasil, qanayan kombinə olunmuş babasil. Hemorroidal düyünlərin kəsin trombozu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. O, özü işin obyektiv araşdırılaraq Nuriyyəni döyən şəxsin kim olmasının müəyyən edilməsində maraqlıdır. Məhkəmədən qərar qəbul edilərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bildirmişdir ki, qızı Nuriyyə 2020-ci ilin iyun ayında Şəxs ilə ailə həyatı qurmuşdur. Nuriyyə 22 noyabr 2020-ci il tarixdə ona məxsus evdə özünü asaraq öldürmüşdür. Qızının meyitini morqdan götürdükdən sonra qızının alnından öpəndə alnında və boynunda xəsarət görmüşdür. Həyat yoldaşı Naibə Orxanın 17 noyabr 2020-ci il tarixdə qızı Nuriyyəni işdən çıxanda döydüyünü bildirmişdir. Nuriyyə bunu özü anasına və bacısına demişdir. Nuriyyə Orxanı çox sevdiyindən həmin vaxt bu barədə şikayət etməmişlər. Bu işlə bağlı Orxandan şikayəti yoxdur, onun həbs edilməsini, hətta cərimələnməsini belə istəmir. Hal-hazırda baxılan bu inzibati iş ona lazım deyildir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 19.02.2021ci il tarixli qərardan narazıdır və həmin qərardan şikayət vermişdir. Qızının ölümünə səbəb olmuş şəxslərin cəzalanmasını istəyir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun stajor köməkçisi X7 bildirmişdir ki, araşdırma zamanı Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 3(007)-1307/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli, 3(103)-987/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli, 3(007)-1307/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 22.12.2020-ci il tarixli, 160 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X2 meyiti üzərində boynun bir ədəd çəp-qalxan, boynun sol yan səthində birləşərək qapanan, ön və sol qanad hissəsi daha intensiv görünən stranqulyasion şırım olmuşdur. Boynunda yerləşən stranqulyasion şırım həyatidir, ölümdən bilavasitə əvvəl qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22.11.2020-ci il tarixdə metal borudan iplə öz çəkisi altında özünü boğazından asma nəticəsində əmələ gələ bilər. Boyun sıxıldıqda ilgəyin dartılması sağdan-sola, aşağıdan-yuxarıya doğru olan istiqamətdə olmuşdur. X2 meyiti üzərində stranqulyasion şırımdan başqa alnın ön səthi, döş qəfəsinin sol yan səthi, sağ baldırın ön-iç, sol baldırın ön səthinin qançırları; alın nahiyəsinin iç səthinin qansızması; sol baldırın bayır səthinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yaranma müddətinə görə qançırlar və qansızma ölümdən 4-7; sıyrıq isə 10-18 gün əvvələ uyğun gələ bilər, canlı şəxslərdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir və baş vermiş ölümlə hər hansı bir səbəbli əlaqəsi yoxdur. X2 ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində mexaniki asfiksiya olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən 4-6 saat əvvələ uyğun gələ bilər. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - cinayət işi üzrə icraata xitam verilməsi haqqında 19.02.2021-ci il tarixli qərardan görünür ki, 22 noyabr 2020-ci il tarixdə saat 14:55 radələrində X2 yaşadığı mənzilin hamam otağında özünü iplə boğazından asaraq öldürməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilməsi qərara alınmışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin bildiriş vərəqəsinin, AO seriyalı, ******* nömrəli hərbi biletin və digər sənədlərin surətlərindən görünür ki, Şəxs 21 sentyabr 2020-ci il tarixdə toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Cəbrayıl, Füzuli rayonları və Şuşa şəhəri istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 11803 nömrəli arayışdan görünür ki, Şəxs 28.10.2020-10.11.2020-ci il tarixədək Azərbaycan Tibb Universitetinin X3 “Xroniki babasil, qanayan kombinə olunmuş babasil. Hemorroidal düyünlərin kəsin trombozu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Şəxs 17 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Nuriyyə Nadirovaya sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə döyməsi tədqiq edilmiş sübutlarla təsdiq olundu. Ona görə məhkəmə Şəxs izahatını özünü müdafiə xarakterli, inzibati məsuliyyətdən yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir və izahatında göstərdiyi xüsusatlar işin faktiki müəyyən olunmuş halları ilə təkzib olundu. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında 19.02.2021-ci il tarixli qərarın qəbul edildiyi gündən üç aydan çox vaxt keçdiyinə görə Şəxs 13 avqust 2021-ci il tarixdə inzibati tənbeh verilə bilməz və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar