Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1309/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Respublika “Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində AR Səhiyyə Nazirliyinin “Gigiyena və Epidemiologiya Məkəzinin” əməkdaşı X1 əsassız olaraq tərtib edilmiş 03 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 18 mart 2021-ci il MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, təxminən 2 il əvvəl ünvan 1 ünvanda yerləşən “Dərgah” çay evini icarəyə götürmüşdür. Bankdan kredit götürüb bir neçə ay çay evinin təmiri ilə məşğul olmuşdur. 2020-ci əvvəlində yenicə çay evinin açılışını etmək istəyirdi ki, COVİD 19 virusu ilə əlaqədar ölkədə karantin rejimi elan olunmuş və o da çay evini işlədə bilməmişdir. Gəliri olmadığı üçün də banka kredit borcu ödənişi dayanmışdır. Uzun müddət karantinin bitməsini gözləmişdir. Nəhayət 2021-ci ilin fevral ayının sonlarından etibarən karantin rejiminin yumşaldılması ilə əlaqədar çay evlərinin işləməsinə icazə verilmişdir. O da öz növbəsində 1 ildən çoxdur işlədə bilmədiyi “Dərgah” çay evini işlətməyə başlamışdır. Çay evinə iki nəfər işçi götürmüşdür-bir nəfər xadiməçi və bir nəfər də ofisant. Hər iki işçiyə COVİD 19 virusu ilə əlaqədar çay evində gigiyena qaydalarını başa salmışdır. O və işçiləri çay evinə gələn müştərilərin daim gigiyena və karantin qaydalarına riayət etmələrinə nəzarət etmişlər. Çay evinin girişində antiseptik maye yerləşdirmişlər. Çay evində bütün stolları birbirindən ən azı 2 metr aralı yerləşdirmişdir. Stol arxasındakı divanlarda müştərilərin birbirlərinə 1 metrlik ara məsafəsi saxlamaları üçün xəbərdarlıq etmiş və xəbərdarlıq işarələri qoymuşdur. Bütün iş vaxtı müştərilərin karantin qaydalarına riayət etmələri üçün onlara nəzarət etmişlər. Lakin 03 mart 2021-ci tarixdə çay evində olmadığı zaman, ofisiant işləyən işçisi ona zəng vuraraq bildirmişdir ki, çay evinə bir neçə nəfər daxil olub və özlərini əvvəlcədən heç kimə təqdim etməyərək çay evinin işlədən şəxsə, yəni ona qarşı cərimə yazacaqlarını bildirmişlər. O, dərhal “Dərgah” çay evinə getmişdir. Orada özünü “Gigiyena və Epidemiologiya Mərkəzinin” işçisi kimi təqdim edən X2 divanda əyləşən iki müştərinin ara məsafəsinin 1 metrdən az olduğunu, bu səbəbdən ona cərimə yazacağını bildirmişdir. O isə müştərilərə ən azı 1 metr ara məsafəsi saxlamalarını tapşırdığını və həmçinin divanda aralı oturmaları üçün işarələr də qoyduğunu bildirmişdir. S.Ə.Ağalarova isə ona müştərilərin ani bir zaman bir-birlərinə yaxınlaşdıqlarını gördüklərini bildirərək ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manatdan 400 manatadək cərimə protokolu tərtib edəcəyini bildirmişdir. O isə öz növbəsində müştərilərin masa arxasında əyləşərkən bir-birlərinə yer verərkən ani bir vəziyyətdə bir-birlərinə yaxınlaşmalarına görə ona cərimə protokolu tərtib etmələrinə öz narazılığını, həmçinin müştərilərə də ara məsafəsi saxlamaları üçün bütün qaydaları əvvəlcədən izah etdiyini bildirmişdir. Onlar isə onun sözlərinə heç bir məhəl qoymadan ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə cərimə protokolu yazmağa başlamışlar. “Gigiyena və Epidemiologiya Mərkəzinin” əməkdaşı X2 ona bildirmişdir ki, fiziki şəxs olduğu üçün onun cərimə ödənişi 200 manatla 400 manat arasında olacaqdır. O isə çarəsiz vəziyyətdə qalaraq həmin ərizəni imzalamışdır. Bir müddət sonra 07.04.2021-ci il tarixdə ona AR “Gigiyena və Epidemiologiya Mərkəzi” tərəfindən 18 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ona göndərilmişdir. O, qərarla tanış olarkən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat cərimə olduğunu görmüşdür. Uzun müddət işsiz qaldıqdan sonra haqsız yerə 4000 manat cərimə yazılması ona çox pis təsir etmişdir. Bu səbəbdən də düşünür ki, hüquqları pozulmuşdur. 2 il əvvəl icarəyə götürdüyü “Dərgah” çay evini bankdan kredit götürərək təmir etdirsə də, COVİD 19 virusu səbəbindən uzun müddət işlədə bilmədiyinə görə kredit borcunu da uzun müddətdir ödəməkdə çətinlik çəkir. Yalnız 2021-ci ilin fevral ayında çay evinin açılışını etmişdir və açılış etdiyindən cəmi 1 həhtə sonra AR “Gigiyena və Epidemiologiya Mərkəzi” tərəfindən ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat cəriməni haqsız yerə yazılması ilə hüquqları pozulmuşdur. O, həmin inzibati xəta haqqında iş üzrə qərarla razı deyil. Düşünür ki, etirazı olmasına baxmayaraq çıxarılan qərarın hüquqi əsası yoxdur, təqsiri subut olunmalıdır. AR Səhiyyə Nazirliyinin “Gigiyena və Epidemiologiya Mərkəzi”nin 18 mart 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nin həkim-gigiyenisti X2 tərəfindən tərtib olunmuş 03 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda yerləşən “Dərgah” çay evinin zalında və arakəsmə ilə ayrılmış otaqlarda ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması faktı aşkar edilmişdir, nəticədə fiziki şəxs X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin baş direktoru X7 tərəfindən qəbul edilmiş 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, “Dərgah” çay evinin zalında və arakəsmə ilə ayrılmış otaqlarda ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması aşkar edildiyinə görə 03 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən həmin çay evinin sahibkarı X6 Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və 03 mart 2021-ci il tarixdə bu qərar qüvvədə olmasına baxmayaraq, həmin Qanunun tələbləri X6 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, müəyyən edilmişdir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı müvafiq qərarlarına əsasən sözügedən 6 iyul 2020-ci il tarixli 237 nömrəli qərarı ilə müəyyən edilmiş xüsusi karantin rejimi qaydaları qüvvədə qalmaqla, bu qaydaların müddəti uzadılmışdır. İstinad edilən Qərarlarla isə, müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdıqları təsbit edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən (inzibati xəta hadisəsinin törədildiyi 03 mart 2021-ci il tarixdə qüvvədə olmuş) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Qeyd edildiyi kimi, Nazirlər Kabinetinin müvafiq qərarları ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı şəhəri və digər ərazilərdə müvafiq dövlər üçün, o cümlədən inzibati xəta hadisəsinin törədildiyi 03 mart 2021-ci il tarixi əhatə edilməklə, məhdudiyyətlər tətbiq edilmiş, o cümlədən koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları təsdiq edilmiş, qərarlarda öz əksini tapmış, görülən tədbirlər, qəbul edilən qərarlar, insanların gözləyən real təhlükə (virusun geniş yayılma ehtimalı), ondan qorunmağın yolları barədə ictimaiyyət geniş məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsində inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması təsbit edilmişdir. Lakin nəzərə alınmalıdır ki, şikayətdə və qərardan şikayət vermiş X3 özünün məhkəmədə verdiyi izahatında inzibati xəta hadisəsinin törədilməsi onun özü tərəfindən inkar edilməmişdir. X3 qərarla razılaşmamasının, onu mübahisələndirməsinin əsasını yalnız onun fiziki şəxs olduğu halda vəzifəli şəxs kimi təqsirli bilinərək tənbeh olunması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, baxmayaraq ki, inzibati xəta haqqında protokolda X3 fiziki şəxs olaraq İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta törətdiyi qeyd olunmuşdur, onun inzibati xəta haqqında qərara əsasən vəzifəli şəxs kimi təqsirli bilinib tənbeh olunması, həmin qərarın əsassız hesab olunaraq ləğv olunmasına əsas vermir, törədilməsi ehtimal edilən inzibati xətanın 03 mart 2021-ci il tarixdə aşkar olunmasından sonra, 13 mart 2021-ci il tarixdə X4 ünvanlanmış bildirişdə o, çay evinin sahibkarı, yəni vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb olunmuş şəxs kimi inzibati xətaya dair işin baxılmasında iştirak etmək üçün 18 mart 2021-ci il tarixdə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi”nə dəvət olunmuşdur. Şikayətə əlavə olunmuş sənədlərdən də görünür ki, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən X6 17 iyun 2016-cı il tarixdə VÖEN əsasında qeydiyyata alınmışdır, o, Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş 17 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi əsasında, aylıq 300 manat icarə haqqı ödəməklə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (67 kv.m hissə) icarəyə götürmüş, həmin sahədə yerləşən “Dərgah” çay evində sahibkarlıq fəaliyyətini həyata keçirmiş, özünün də etiraf etdiyi kimi, o, çay evinə bir nəfər xadimə, bir nəfər də ofisiant olmaqla, iki nəfər şəxsi işə qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin mənasına görə, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X6 da yuxarıda istinad olunan hallar baxımından hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olub, İXM-nin 17-ci maddəsi ilə müəyyən olunmuş səlahiyyətləri yerinə yetirən fiziki şəxs olaraq vəzifəli şəxs hesab edilir. Belə olan halda, məhkəmə hesab edir ki, X3 irəli sürdüyü dəlillərin əsası yoxdur, o, inzibati məsuliyyətə cəlb edilərkən və inzibati qaydada təqsirli bilinərək tənbeh olunarkən məhz vəzifəli şəxs olmuşdur, inzibati xəta haqqında protokolda onun fiziki şəxs kimi yazılması mübahisələndirilən qərarın formal bir əsasla ləğv olunmasına əsas vermir. Bununla da, məhkəmə hesab edir ki, “Dərgah” çay evinin sahibkarı X6 tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarları ilə koronavirus (COVİD-19) pandemiyası dövrü üçün müəyyən edilmiş tələblər pozulduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş hesab edilməlidir, onun karantin rejimlərinin pozulması ilə müşayiət edilən hərəkətinə görə inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, Nazirlər Kabinetinin müvafiq qərarlarına, qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə vəzifəli şəxs kimi inzibati qaydada tənbeh edilməsi barədə 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1309/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1309/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver